Səbahətdin Türkyılmaz YAZARLAR
Səbahətdin Türkyılmaz

Vilayət və Kəramət Diyarına ziyarət...

İmam Rzanın (ə) hərəmini dolduran minlərlə zəvvardan bəziləri ziyarətgahı ziyarət edir, bəziləri isə İmam Rzanı (ə).

Allahın adı ilə.

Allah nəsib etdi, Məşhəd və Qum ziyarətlərinə getdik.

Mənəvi baxımdan dolu keçən ziyarətlərin yazıla təqdim edəcək  hissəsini sizlərlə bölüşmək istəyirəm.

İlk çatdığımız yer illərlə çörəyini yediyimiz, duzlu suyunu içdiyimiz Qum şəhəri idi. Havası, suyu cazibəli olmasa da təravəti Qum şəhərinin başqadır.

Qum şəhərində bərəkət və kəramət qaynağı Əhlibeytin Kəriməsi Fatimeyi Məsumənin (s.ə) ziyarətgahını ziyarət etməyə müvəffəq olduq.

Həzrəti Məsumənin (s) bir məsumun qızı, bir məsumun bacısı, bir məsumun xalası olmasından başqa “Kərimə” ləqəbli olmasına dair kəramətləri onun dəyərini bir daha artırır. Bu sifəti Qum şəhərini dəyərli edir.

Həzrəti Məsumənin (s) varlığı ilə bərəkət və kəramət diyarına çevrilən Qum, bütün dünyaya elm, irfan, mənəviyyat, bərəkət bəxş etməkdədir. Qum sahib olduğu İslami maarif zənginliyi ilə Nəcəf havasının özünə qibtə etməsinə səbəb olmuşdur.

 

Kəramət şəhərindən Vilayət diyarına səfər...

Bir neçə gün sonra Məşhəd şəhərinə müşərrəf olduq; bədənin cana təslim olduğu, ruhun özünün azad olduğunu hiss etdiyi Vilayət Hərəminə.

Vilayət hərəmində minlərlə zəvvarın böyük bir eşq ilə ziyarətə gəlməsini görürsünüz. Qışın soyuğunda hərəmin istiliyi bütün mənliyinizi isidir.

İmam Rzanın (ə) hərəmini dolduran minlərlə zəvvardan bəziləri ziyarətgahı ziyarət edir, bəziləri isə İmam Rzanı (ə).

Vilayət diyarında iki qisim zəvvar vardır; ziyarətgaha-türbəyə gələnlər, İmam Rzanı (ə) ziyarət edənlər. Türbəni ziyarət edənlər əllərində ziyarətnamələr oxuyaraq hacətlərini, dərdlərini dilə gətirirlər. Bəziləri də canları ilə cananına salam verirlər. İmam Rzanı (ə) ziyarət edib ruhları ilə varlığını hiss edənlərə insanın qibtə etməyi gəlir. “Təsməu kərami, tərəddu səlami” – “Sözlərimi eşidirsən. Salamımın cavabını verirsən” cümləsinin dərinliyinə çatmaq üçün təmiz bir qəlb, ixlaslı bir yalvarış lazımdır.

Ruhun dünyadan ayrılıb azadə olduğunu hiss etdiyi an o andır sadəcə.

 

 Təkrar Quma qayıdırıq...

Quma təkrar qayıtdığımızda ilk iş Qumda islami təhsil alan çox dəyərli Türkiyəli alim və tələbə qardaşları ziyarət etmək oldu. Xoş-üz göstərmələri  və isti qarşılamaları bizi son dərəcə xoşhal etdi.

Bəzi önəmli mövzular haqqında müzakirə apardıq, bizdən söhbət etməyimizi istədilər. Söhbətin ana başlıqlarını və qısa xülasəsini diqqətinizə çatdırmaq istəyirəm:

“Allah insanı xəlifətullah olsun deyə yaratmışdır. Bütün Quran Bəqərə surəsinin 30-cu ayəsini təfsir etmək və təsdiq etmək üçün gəlmişdir də deyilə bilər. Digər bütün hədəflər ara hədəf və pillə hökmündədir.

Qlobal ədalət dövlətini dünyaya hakim edəcək Həzrəti Mehdi (ə.f) gələcək nəslin ehtiyaclarına cavab verəcək tək inanc əsasıdır. Gələcək nəsilə bu hədəf verilməlidir.

Dünyada olduğu kimi Türkiyədə də nəsil surətlə dəyişir, yeni nəslin keçmişdəkilər kimi düşünmədiklərinə görə ehtiyacları, problemləri və sualları eyni deyildir. Yaşam tərzi, düşünmə tərzi dünyaya baxışı çox fərqlidir.

Bizlər özümüzü gələcək nəsilə görə nizamlamalıyıq. Gələcəyə yönəlmiş ən önəmli mövzu Mehdilikdir.

Digər bir mövzu yeni nəslin problemləridir. Bunların bəziləri; Ateizm, Deizm, Cinsi azlıq, Dinə ehtiyac vardırmı? Dinin həyat modeli vardırmı? İmamət sadəcə etiqadi olaraq vardır, yoxsa həyatımızın hər sahəsində olmalıdırmı? Bu mövzular və oxşar mövzular gənc nəsli vilayət inancı ilə qidalandırılmadığına görə ortaya çıxmaqdadır.”

İşarə etdiyimiz digər mövzu isə alimlərin iqtisadi problemlərinin necə həll edilə biləcəyi yolları idi:

“Müzakirə ediləcək olan bir mövzu alimlərin həyat tərzi və iqtisadi durumları təkrar gözdən keçirilməlidir. Xalqın örnək alacağı, güvənəcəyi, ümid bəslədiyi söz sahibi olmalıdırlar. Xalqdan uzaq xalqın içində olmayan onların dərdlərilə dərdləşməyən alim uğur əldə edə bilməz.”

 Son olaraq müzakirəyə çıxardığımız mövzu Türkiyədə edəcəkləri iş və fəaliyyətlər sahəsində oldu.

Bu mövzuda hələlik onlara ehtiyac olmadığını, özlərini gələcək nəslin tələblərinə, problemlərinə, ehtiyaclarına görə yetişdirmələrinin lazım olduğunu ərz etdik:

“Sizlər gələcək nəslin alimlərisiniz, özünüzü gələcək nəsilə görə yetişdirin, mövcud alimlərdən daha irəlidə olmanız lazımdır, daha təchizatlı, daha elmli, daha üfüqü geniş olmanız lazımdır.”

Daha sonra sual-cavab şəklində uzun bir müşavirə şəklində söhbətimiz oldu.

 

“Think Tank” quruluşu …

 Qumda bir “Think Tank” quruluşunu ziyarət etdik. Daha doğrusu düşüncələrin azad ifadə edildiyi, müzakirə olunan düşüncə quruluşunu xatırladan bir kitabxana.

 Yuxarı səviyyədə dövlət rəsmilərindən, İmam Cümələrə qədər bura gəlib gedirlərmiş.

İdarəçisi seyyid bir molla -  ziyalı, fikirlərə açıq, xaricdə vəzifələrdə çalışmış, təcrübəli bir alim.

 Böyük bir kitabxana təşkil etmiş, insan kitabları görəndə danışmağa qorxur, sanki elm dolu kitablar səni izləyir və söhbətlərini ağırlaşdırır.

Tanış olduqdan sonra anlayırıq ki, bu zat bu elmi, azad düşüncəni və etbarı biraz da atasından almışdır.

 Müzakirələr başlayır. Avropadan gəldiyimizi bildikləri üçün Avropa haqqında soruşurlar. Müsəlmanların durumunu, İslamın inkişafını, qərblilərin inqilaba və İslama baxışını, İslamafobiyanı və s.

Biz də cavab veririk.

Amma mənim diqqətimi çəkən başqa bir nöqtə vardır; görəsən həqiqətən düşüncə quruluşu kimi bir strukturu vardırmı?

Qumda xüsusilə də bir düşüncə mərkəzində danışmaq, fikir bildirməyə cəsarət lazımdır, biz də dinləyici olmağı seçirik.

Mövzu fırlanıb İranda baş qaldıran olaylara gəlir; benzin qiymətinin artımı, iqtisadi problemlər, embarqo və s.

 Mənə qıraqdan siz necə görürsüz? – soruşdular.

 Dedim mənim cavablarım xoşunuza gəlməyəcəkdir, amma soruşduğunuz üçün deyirəm:

“Bu iqtisadi problemlərin səbəbkarı Qum Elmi Hövzəsidir.”, - təəccüblərini gizlətsələr də, mimikalarından anlaşılırdı.

40 ildir İnqilab olmuş, Hövzə; Mərcəi Təqlidlər, Ayətullahlar, Müctehidlər bu inqilabın beyini və lokomotividirlər. Bu inqilab bu mərkəzdən qidalanmalıdır, problemləri bura həll etməli deyilmi? Fiqh ayətullahı var, üsuli fiqh ayətullahı var, əxlaq ayətullahı var, təfsir ayətullahı var, fəlsəfə ayətullahı var, tarix ayətullahı var, amma təəssüflər olsun ki, “iqtisad ayətullahı” yoxdur. Bu sahələrin hər birində hövzə var, amma təəssüflər olsun ki, “iqtisad hövzəsi-mədrəsəsi” yoxdur.

 İslam inqilabı ilə dinə, şəriətə söykənən bir dövlət ortaya çıxmışdır; hər şeyi şəriət təyin etməsi lazım deyil? İbadəti, əxlaqı, elm-təhsil, siyasəti, iqtisadiyyatı…

Qum elmi hövzələrinin dövlətin və ictimaiyyətin problemlərini həll etməsi lazım deyilmi?

 Yəni Qum Elmi Hövzələri Harvard, Oxford, Cambridge ola bilmədi. Qərb ölkələrinin elmi, siyasi, mədəni, iqtisadi təməl prinsip və sistemini bu universitetlər hazırlayır, hökümətlər sadəcə icra edir, yəni kapitalis,  liberal iqtisadi sistemini icra edirlər.

Həzrəti İmam Əlinin (ə) vilayətinin iqtisadi tərəfi var idi, yox idi? Hövzə, İslam iqtisadiyyatı təlimlərini doktrina halında bəyan edib bir sistem təqdim edə bilmədi, bu sahədə bir ayətullah yetişdirə bilmədi.

“İqtisadiyyat ayətullahı” olmasa bu problemlər həll olmaz. Qumdakı hövzələrin hamısı eyni sahədə eyni şeyləri tədris edirlər. Tək bir dənə “iqtisadiyyat hövzəsi” yoxdur, Ayətullah Xamenei “müqavimət iqtisadiyyatı” deyərkən bunu qəsd edirdi. Qərb imperializmi də bu durumu istifadə edir və problemlər çıxarır.”

 Sözüm bitəndə, hövzəyə, alimlərə dil uzatdıq deyə etiraz gözləsək də, - Bəli düz deyirsiniz, hövzə iqtisadiyyat ayətullahı yetişdirmədi, bu mövzuda hövzə tıxanmışdır – həll yolu tapa bilmir.

 

Qumda qaldığımız müddətdə son olaraq Ayətullah Cavad Amulini ziyarət etdik.

 Çox faydalı görüşümüzün qısa xülasəsini daha sonrakı yazımızda təqdim edərik, İnşallah…

Xəbəri paylaş

Yazarın bütün yazıları