Kuba ABŞ-ın yeni sanksiyalarını pislədi
Kuba prezidenti Migel Dias-Kanel ABŞ administrasiyasının yeni sanksiyalar və təhdidlərini sərt şəkildə tənqid edib.
Prezident bildirib ki, Donald Trampın son açıqlamaları və ABŞ Maliyyə Nazirliyinin Kuba rəhbərləri, təşkilatları və şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar “qanunsuz” xarakter daşıyır.
Dias-Kanel “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, Vaşinqtonun bu addımları Kuba ilə ABŞ arasında qarşıdurmanı daha da dərinləşdirmək və iqtisadi blokadanı gücləndirmək məqsədi daşıyır.
“Məqsəd Kuba xalqına zərər vurmaqdır”
Kuba lideri vurğulayıb ki, son həftələrdə tətbiq olunan məhdudiyyətlər birbaşa Kuba xalqını hədəfə alır.
Onun sözlərinə görə, ABŞ administrasiyasının siyasəti “siyasi uzaqgörənlikdən uzaq” olmaqla yanaşı, ölkəyə qarşı iqtisadi və siyasi təzyiqləri artırmağa hesablanıb.
Dias-Kanel bildirib ki, “ABŞ hökumətinin aqressiv siyasəti və təzyiqləri Kubanın müqavimət iradəsini qıra bilməyəcək”.
Xarici işlər naziri: ABŞ planı uğursuz olacaq
Kuba xarici işlər naziri Bruno Rodriges də Vaşinqtonun qərarlarını sərt tənqid edib.
Nazir prezidentin ailə üzvləri və Kuba qurumlarının sanksiya siyahısına salınmasını “rüsvayedici və qeyri-qanuni addım” adlandırıb.
Rodriges bildirib ki, ABŞ Kubanı milli təhlükə kimi təqdim etməyə çalışır və bununla yeni qarşıdurma mühiti yaratmaq istəyir.
O vurğulayıb ki, Kuba xalqı ölkənin müstəqilliyi və suverenliyinə qarşı hər hansı təhdid qarşısında daha da birləşəcək.
ABŞ hansı qurumlara sanksiya tətbiq edib?
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin qərarına əsasən sanksiyalar aşağıdakı qurum və şəxsləri əhatə edir:
- Kuba prezidenti Migel Dias-Kanel;
- onun həyat yoldaşı Lis Kuesta Peraza;
- İnqilabi Silahlı Qüvvələr;
- İnqilabı Müdafiə Komitələri;
- Kuba Xalqları ilə Dostluq İnstitutu;
- “Amistur Cuba S.A.” turizm şirkəti.
Bundan başqa, prezidentin ögey oğlu Manuel Anido Kuesta və sabiq lider Raul Kastronun nəvəsi Raul Alexandro Kastro Kalles də sanksiya siyahısına əlavə olunub.
Havana: ABŞ blokadanı daha da sərtləşdirir
Kuba hökuməti bir neçə gün əvvəl də ABŞ-ın yeni iqtisadi məhdudiyyətlərini “son illərin ən təhlükəli eskalasiyası” kimi qiymətləndirmişdi.
Rəsmi Havana hesab edir ki, Vaşinqton iqtisadi blokadanı daha da sərtləşdirərək ölkəyə qarşı təzyiq strategiyasını genişləndirir.
