Trampa Növbəti Zərbə: Nümayəndələr Palatası Ukraynaya Yardımı Təsdiqlədi

2 Dəq Oxuma Müddəti

ABŞ Konqresində Ukrayna qərarı

ABŞ Nümayəndələr Palatası Ukraynaya yeni yardım paketinin ayrılması və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Sənəd 226 lehinə, 195 əleyhinə səslə təsdiqlənib.

Qanun layihəsinin qəbulunda demokratlarla yanaşı, 18 respublikaçı və bir müstəqil deputat da dəstək verib. Bu isə Respublikaçılar Partiyasında Donald Trampın siyasətinə qarşı fikir ayrılıqlarının dərinləşdiyini göstərən növbəti addım kimi qiymətləndirilir.

Respublikaçılar arasında parçalanma güclənir

Qanun layihəsi aylarla Konqresdə gözlədikdən sonra səsverməyə çıxarılıb.

Bir qrup respublikaçı demokratlarla birlikdə xüsusi müraciət imzalayaraq sənədin müzakirəyə çıxarılmasına nail olub.

Bu addım Trampın partiya daxilində əvvəlki qədər tam dəstəyə sahib olmadığını bir daha ortaya qoyub.

İran qərarından sonra ikinci narazılıq

Qərarın qəbulu ABŞ Konqresində Trampa qarşı ikinci ciddi etiraz dalğası hesab olunur.

Bir gün əvvəl də bir neçə respublikaçı demokratlarla birlikdə prezidentin İranla bağlı hərbi əməliyyatlarını məhdudlaşdıran qərara səs vermişdi.

Həmin sənəd Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısını almağı nəzərdə tutur.

Ukraynaya milyardlarla dollar ayrılır

Qanun layihəsində Ukraynanın müharibədən sonrakı bərpasına dəstək verilməsi də nəzərdə tutulur.

Sənədə əsasən:

  • Kiyevə 1 milyard dollardan çox birbaşa yardım ayrılacaq;
  • əlavə olaraq 8 milyard dollara qədər kredit dəstəyi təqdim ediləcək.

Bundan başqa, layihədə Rusiyanın maliyyə sistemi, neft və mədən sənayesi, eləcə də rusiyalı rəsmilərə qarşı yeni sərt sanksiyalar da yer alıb.

Qanunun taleyi hələ də qeyri-müəyyəndir

Sənədin qüvvəyə minməsi üçün Senat tərəfindən də təsdiqlənməsi tələb olunur.

Lakin Senatdakı respublikaçı rəhbərlik hələlik Rusiyaya qarşı sanksiyalarla bağlı səsverməni gündəmə çıxarmayıb və Trampın mövqeyini gözlədiklərini bildirib.

Qanun Senatdan keçəcəyi halda belə, Donald Trampın ona veto qoyacağı ehtimal edilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş