“Cerald Ford” Qalmaqalı: ABŞ-ın Gizlətdiyi Yanğının Görüntüləri Yayıldı

2 Dəq Oxuma Müddəti

CNN ABŞ ordusunun açıqlamasını təkzib etdi

ABŞ-ın CNN televiziya şəbəkəsinin əldə etdiyi yeni görüntülər dünyanın ən böyük aviadaşıyıcısı hesab edilən “USS Gerald R. Ford” gəmisində baş verən yanğının rəsmi açıqlanandan qat-qat ağır olduğunu göstərib.

Hadisə bu ilin mart ayında gəminin İrana qarşı əməliyyatlarda iştirak etdiyi dövrdə baş verib.

ABŞ Hərbi Dəniz Qüvvələri həmin vaxt yaydığı qısa bəyanatda yanğının nəzarət altına alındığını, yalnız iki dənizçinin yüngül xəsarət aldığını və gəminin tam döyüş hazırlığında qaldığını bildirmişdi.

Yayılan görüntülər dağıntının miqyasını göstərdi

Sızdırılan videoda isə vəziyyətin tamamilə fərqli olduğu görünür.

Kadrlarda dənizçilərin yataq yerlərinin tamamilə yandığı, metal konstruksiyaların əyilib kömürə çevrildiyi, tavan hissəsinin ciddi şəkildə zədələndiyi əks olunub.

Yanğından sonra tavandan sallanan naqillər və ətrafa yayılan kül qalıqları böyük dağıntının baş verdiyini göstərib.

“Gəmini itirəcəyimizi düşündüm”

Hadisə zamanı gəmidə olan dənizçilərdən biri yaşananları belə təsvir edib:

“Doğrudan da gəmini itirəcəyimizi düşündüm. Ya mübarizə aparmalı idik, ya da öləcəkdik.”

Başqa bir dənizçi və hadisə barədə məlumatlı yüksəkvəzifəli ABŞ rəsmisi isə gəmidəki yanğınsöndürmə sisteminin işləmədiyini bildirib.

Onların sözlərinə görə, ekipaj alovun qarşısını əl ilə almağa məcbur qalıb.

“Cerald Ford”un problemləri bitmir

“USS Gerald R. Ford” ABŞ donanmasının ən yeni və ən böyük nüvə aviadaşıyıcısı hesab olunur.

Gəmi Qırmızı dənizdə ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlarda iştirak edirdi.

Rəsmi məlumatlarda yanğının gəminin əsas camaşırxanasında başladığı və üç dənizçinin yaralandığı bildirilmişdi.

Lakin sonradan yayılan məlumatlara görə:

  • təxminən 200 dənizçi tibbi yardım alıb;
  • yanğının söndürülməsi saatlarla davam edib;
  • ən azı 100 yataq yeri yararsız hala düşüb.

Texniki nasazlıqlar əvvəllər də yaşanıb

“Reuters” agentliyinin məlumatına görə, gəmi daha əvvəl də ciddi texniki problemlərlə gündəmə gəlib.

Belə ki, “Cerald Ford”un kanalizasiya sistemində yaranan nasazlıq səbəbindən gəmidəki 650-yə yaxın tualetin böyük hissəsi işləməyib.

İranın “Təsnim” agentliyi isə aviadaşıyıcının İrana qarşı missiyada uğursuzluğa düçar olduqdan sonra bölgəni tərk etdiyini bildirib.

Qeyd edək ki, nüvə enerjisi ilə işləyən “USS Gerald R. Ford” 75-dən çox hərbi təyyarə daşımaq imkanına malikdir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş