Səudiyyənin rəhbərlik etdiyi koalisiya sentyabrın 15-i axşamı Məkkənin cənubunda bir PUA-nı vurduğunu və onun “husilər tərəfindən Məkkəyə göndərildiyini” açıqladı. PUA-nın qadağan olunmuş hava məkanına daxil olmamışdan əvvəl vurulduğu bildirildi. Yəmən tərəfi — Ənsarullah/husilər isə bunu qəti şəkildə rədd etdi. Hərbi sözçü Yəhya Səri əməliyyatlarının neft obyektlərinə və hərbi hədəflərə yönəldiyini, Məkkənin və ya müqəddəs məkanların hədəf alınmadığını söylədi. Üstəlik, PUA-nın mənşəyi, uçuş marşrutu, qalıqlarının təhlili, seriya nömrəsi, buraxıldığı yer və ya müstəqil kriminalistik və texniki araşdırma kimi husilərlə qəti əlaqəni göstərən sübutun ictimaiyyətə açıqlanmadığı görünür. Sosial mediada yayılan “Kəbəyə hücum!” görüntülərinin köhnə olduğu da müəyyən edilib.
Bəs AK Parti hökuməti hadisənin icraçısı və hədəfi hələ dəqiqləşməmişkən niyə Səudiyyənin izahını dövlət mövqeyi kimi qəbul etdi? Xarici İşlər Nazirliyi birbaşa belə dedi: “Husilərin müqəddəs Məkkə şəhərini hədəf alan PUA hücumunu qətiyyətlə pisləyirik”. Türkiyə Riyadın Yəmənlə bağlı mövqeyinə bu qədər açıq şəkildə qoşulmaq əvəzinə, Səudiyyə xanədanının bunu özü təşkil edib-etmədiyi, bunun “saxta bayraq” əməliyyatı olub-olmadığı, İsrail və ABŞ-nin bu ssenaridə hansı yeri tutduğu, bu hücumun ən çox kimə xidmət etdiyi barədə sualların aydın cavabını gözləməli idi. Tarixi və diplomatik təhlil aparıldıqda, böhran anlarında tələsik açıqlamalar vermək əvəzinə daha tarazlı və strateji üslub seçilə bilərdi. Hökumət Səudiyyə Ərəbistanının iddialarını birbaşa qəbul etmək əvəzinə, hadisənin miqyasını və mürəkkəbliyini vurğulayan üslub seçə bilərdi.
Əgər Məkkə Müdafiə İttifaqının belə məzmunda bir müddəası yoxdursa, ittifaq üzvünə hər bir vəziyyətdə, şərtdə və hadisədə qeyd-şərtsiz dəstək vermək mənasına gəlməməlidir. Unutmayın ki, “Söz içinizdəykən o sizin əsirinizdir, söz ağızdan çıxandan sonra siz onun əsiri olursunuz”. Artıq qəbul edək: ümumilikdə bölgəmiz, xüsusilə də Yəmən məsələsi İran olmadan müzakirə edilə və həll oluna bilməz. “Misirsiz müharibə, Suriyasız sülh olmaz” Qərbi Asiya (Yaxın Şərq) geosiyasətini ifadə etmək üçün işlədilən ən məşhur diplomatik kəlamlardan biridir. İndi bizim də kəlamımız belə olsun: “Türkiyəsiz müharibə, İransız sülh olmaz”. Bu ifadə 1970-ci illərin klassik ərəb–İsrail mərkəzli geosiyasətinin bu gün iki böyük regional gücün — Türkiyə və İranın ətrafında formalaşdığını ifadə edən çox yerində və müasir bir yanaşmadır.
KƏBƏ İDDİASINDAN MƏDƏT UMDULAR
Görünür, ABŞ bu həqiqəti dərk edib; çünki İranın ortaya qoyduğu məcburiyyətlər onun seçimlərinin üzərinə balyoz kimi endi. İranla qonşu olan Körfəz ölkələri də sıraya düzüldü. Əvvəlki yazımızda Hörmüz və Babülməndəb böhranlarının sona çatması üçün başda Səudiyyə Krallığı olmaqla digər ərəb Körfəz ölkələrinin İranla və Yəmənin ən mühüm siyasi və hərbi gücü olan Ənsarullah/Husilər Hərəkatı ilə danışıqlar masasına oturmalı olduğunu vurğulamışdıq. Səudiyyə Krallığı bunu etmədi. Maliyyə imkanlarına, məzhəbi nüfuzuna və hərbi gücünə arxayın oldu. ABŞ-yə, Qərbə və bəzi ərəb dövlətlərinə güvəndi. Məkkə İttifaqı sayəsində Türkiyə və Pakistandan hərbi kömək umdu.
ABŞ 2025-ci ilin mayında Ənsarullah/Husilər Hərəkatı ilə əldə etdiyi atəşkəsə əməl edəcəyini açıqladı. ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi “ABŞ ilə Yəməndəki İran tərəfindən dəstəklənən husilər arasındakı atəşkəsin hələ də qüvvədə olduğunu” söylədi. Səudiyyə Ərəbistanı husilərin hücumları qarşısında ciddi iqtisadi, hərbi və siyasi itkilər verir. Bir qədər ümid tapmaq və nəfəs almaq üçün “Husilər Kəbəyə, Məkkəyə hücum etdi!” açıqlamasından mədət umdu. Sonra nə oldu? Səudiyyə xanədanı Ənsarullahı və Yəmən Silahlı Qüvvələrini atəşkəsə razı salmaq üçün Umandan kömək istədi.
“Kəbəyə hücum edirlər” hayqırtılarının müsəlman dünyasının böyük əksəriyyəti tərəfindən ciddi qəbul edilməməsinin ən mühüm səbəbi Səudiyyə xanədanının “münafiq” olduğu qənaətinin xalqların şüurunda yer tutmasıdır. Tarixçilər və tənqidçilər Əməvilərlə Səudiyyə–Vəhhabi ittifaqı arasında qohumluq əlaqəsi olmasa da, onların idarəçilik və düşüncə tərzi arasında çox güclü oxşarlıq görürlər. Əməvilər İslamın ümmət modelini arxa plana keçirib qədim qəbilə (Qüreyş/Üməyyə) səltənətini qurduqları kimi, Səudiyyə dövləti də dindən (vəhhabi söylemindən) istifadə edərək ailə səltənəti qurmuşdur. Əməvilərin, xüsusilə Yezid dövründə Əhli-beytə və özlərindən olmayan müsəlmanlara tətbiq etdikləri amansız üsullarla ilk Səudiyyə–Vəhhabi dövlətinin XVIII və XIX əsrlərdə Kərbəlanı talaması, Taif və Hicaz (Ciddə, Məkkə və Mədinə) əhalisinə qarşı törətdiyi qətliamlar sosioloji baxımdan bir-birinə çox bənzədilir.
VƏHHABİ DAĞINTILARININ TARİXİ
1802-ci ildə vəhhabi ordusu müsəlmanlar üçün müqəddəs olan Kərbəla şəhərinə qəfil basqın etdi. Şəhərdə yüzlərlə insan qətlə yetirildi, Hz. Hüseynin türbəsi talan edildi və dağıdıldı. 1803-cü ildə Ərəbistanın Taif şəhəri mühasirəyə alındı. Təslim olmalarına baxmayaraq, aralarında qadın və uşaqların da olduğu yüzlərlə sünni müsəlman qətlə yetirildi, kitabxanalardakı təfsir və hədis kitabları “şirk” bəhanəsi ilə yandırıldı. Məkkə və Mədinəni ələ keçirən səudiyyəlilər–vəhhabilər Cənnətül-Bəqi qəbiristanlığındakı səhabə türbələri də daxil olmaqla, demək olar, bütün tarixi tikililəri, günbəzləri və türbələri dağıtdılar. Osmanlı sultanının adına xütbə oxunmasını qadağan edərək həccə gələn müsəlmanların ibadətinə mane oldular.
İstanbulda mühakimə olunan Abdullah bin Səud dövlət hakimiyyətinə qarşı çıxmaq, Hicazda qan tökmək və Kəbəyə hörmətsizlik etmək ittihamları ilə Sultanəhməd meydanında (bəzi qeydlərə görə isə Babıali qapısında) asılaraq edam edildi. Lakin bu məğlubiyyət vəhhabi ideologiyasını yox etmədi. İbn Səudun əmrindəki sərt vəhhabi döyüşçüləri (İxvan ordusu) Mədinə və Məkkəyə daxil olduqda İslam tarixinin ən böyük mədəni qırğınlarından birini həyata keçirdilər.
21 aprel 1926-cı ildə Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) həyat yoldaşlarının, övladlarının, Hz. Həsənin, İmam Cəfər Sadiqin, Hz. Osmanın və minlərlə tanınmış səhabənin dəfn olunduğu Mədinədəki Cənnətül-Bəqi qəbiristanlığında bütün böyük günbəzlər, türbələr və bədii məzar daşları balyozlarla dağıdıldı. Hz. Məhəmmədin doğulduğu ev, vəfalı həyat yoldaşı Hz. Xədicənin türbəsi (Cənnətül-Müəlla) və İslamın ilk dövrünə aid tarixi məscidlər tamamilə yerlə-yeksan edildi.
Məkkə və ümumilikdə Hicazdakı Osmanlı abidələrinin, demək olar, hamısı da bu düşüncə tərzi və müasir gəlir yönümlü şəhərsalma siyasətləri səbəbindən tamamilə dağıdıldı. Osmanlı imperiyasının Hicazda qoyduğu hərbi, memarlıq və mədəni irs də sistemli şəkildə yox edildi. Məkkədə Osmanlı irsindən qalan ən böyük rəmz Kəbəni qorumaq məqsədilə 1781-ci ildə inşa edilmiş Əcyad qalası idi. 2002-ci ilin əvvəlində Səudiyyə/Vəhhabi rejimi bu tarixi qalanı buldozerlərlə yerlə-yeksan etdi. Qalanın dağıdıldığı təpədə bu gün Kəbənin lap yaxınlığında ucalan nəhəng lüks göydələn kompleksi inşa edildi.
GƏLİR GƏTİRMƏSƏYDİ, ONU DA DAĞIDARDILAR
Tarixdəki Səudiyyə–Vəhhabi əməlləri ilə Suriya Vətəndaş Müharibəsi zamanı radikal sələfi-cihadçı təşkilatların (İŞİD, Ən-Nusra və s.) nümayiş etdirdiyi davranışlar arasında bu dəhşətli düşüncə birliyini gördük. Maliyyə və ideologiya mənbəyi yenə Səudiyyə, Körfəz və radikal sələfi şəbəkələri olan bu qruplar Suriyadakı xristianların kilsələrini və ikonalarını yandırdılar; ələvi, şiə, hətta öz təsəvvüf və etiqad anlayışlarına uyğun gəlməyən sünni müsəlmanların çoxəsrlik türbələrini partlatdılar. Şamda səhabə Hücr bin Ədiyin türbəsini havaya uçurdular, qəbrini açaraq nəşini naməlum yerə apardılar. Eyni şəkildə böyük sufi mütəfəkkir Möhyəddin İbn Ərəbinin türbəsinə və bir çox İslam aliminin qəbrinə hücum etdilər. Veysəl Qəraninin türbəsini dağıdıb yandırdılar. Lazkiyə/Qardahadakı keçmiş prezident Hafiz Əsədin məzarını da intiqam və nifrət düşüncəsi ilə dağıdıb açdılar. Qissədən hissə: Kəbə və Mədinə bu gün Səudiyyə Ərəbistanı üçün təkcə dini mərkəz deyil, neftdənkənar iqtisadiyyatın ən böyük gəlir mənbəyidir. Yoxsa onu da çoxdan dağıdardılar.
