Allahın adı ilə
Sərmayə və media sahibləri müxtəlif məsələlərdə olduğu kimi, Yəmən müharibəsi məsələsində də dünya ictimaiyyətinə fasiləsiz şəkildə dezinformasiya ötürürlər.
Xüsusilə Yəmən Ənsarullah hökumətinin, ümumilikdə isə Müqavimət Cəbhəsinin son günlərdəki uğurlarını, bölgə xalqlarının gələcəyi üçün ümidverici qələbələrini gizlətmək, qaralamaq, cəmiyyətləri və qərar qəbul edənləri yönləndirmək məqsədilə qəsdən ortaya atılan bu yalan və böhtanlar təəssüf ki, ölkəmizdə də geniş şəkildə davam etdirilir.
Yəməndə baş verənlərin səthi də olsa anlaşılması üçün bir neçə məqama qısa şəkildə toxunmaq yerinə düşər:
1- Mediada “Husi milisləri” kimi təqdim edilən Ənsarullah hökuməti paytaxt Sənada yerləşərək nazirliklərdən orduya qədər bütün dövlət qurumlarını 2014-cü ildən bəri nəzarətində saxlayır, ölkə əhalisinin 70 faizinin yaşadığı vilayətləri normal bir hökumət kimi idarə edir və Ənsarullah hücum edənlərə qarşı müdafiə olunur. Əhalinin olduqca seyrək yaşadığı və böyük hissəsi səhralıq olan digər bölgələr isə Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi müxtəlif yəmənli partiya və qrupların nəzarətindədir.
2- Lakin Səudiyyə rejiminin ənənəvi himayəsini, daha doğrusu, Qərb imperializminin hökmranlığı altına girməyi qəbul etmədiyi üçün Ənsarullah hökuməti BMT tərəfindən tanınmır. Ölkə daxilində heç bir varlığı olmayan kukla hökumət Yəmənin xaricdəki diplomatik nümayəndəliklərini nəzarətində saxlayır. Prezident olduğu dövrdə paytaxt Sənadan qaçan Mənsur Hadi adlı Səudiyyə kuklasına əvvəlcə Ədən şəhərində alternativ hökumət qurduruldu, orada da qala bilmədikdən sonra Ərəbistana qaçdı və Ər-Riyad otellərində qaçaq hökumətini davam etdirməkdədir. 2014-cü ildə istefa verməsinə, ölkədən qaçmasına və prezidentlik müddətinin on il əvvəl başa çatmasına baxmayaraq, Amerikan hökmranlıq sisteminin nəzarətindəki hökmranlıq sistemi hələ də bu hökuməti tərəf müqabili kimi qəbul edir. Halbuki bu xəyali hökumətin Ənsarullahın nəzarətindən kənarda olan bölgələrdə də heç bir varlığı yoxdur. Ədən kimi şəhərlər belə Cənub Keçid Hökuməti adlı başqa bir kukla qrupun idarəsi altındadır.
3- Qərb hökmranlıq sisteminin dəstəyini arxasına alan Səudiyyə rejimi bununla da kifayətlənməyərək 2015-ci ildə bir çox ölkənin iştirakı ilə hərbi koalisiya yaratdı və həmin ilin mart ayından etibarən Yəmənə qarşı qurudan, havadan və dənizdən hücumlara başladı, on minlərlə mülki insanı qətlə yetirdi, ölkənin infrastrukturunu dağıtdı və Yəməni çoxşaxəli blokada və sanksiyalarla təslim almağa çalışdı.
4- Qərbli imperialist qüvvələrin hər cür silah, logistika və kəşfiyyat dəstəyinə baxmayaraq, 2015-ci ildən bəri Ənsarullah hökumətini devirməyi bacarmayan Səudiyyə rejiminin rəhbərlik etdiyi hərbi koalisiya uğur qazana bilmədi. Bunun müqabilində Yəmən Ənsarullah ordusu bütün bu təzyiq, sanksiya və blokadaya baxmayaraq, xalqın dəstəyi ilə müqavimət mübarizəsini davam etdirdi və əsla təslim olmadı. 2023-cü ilə qədər davam edən səkkiz illik daxili və xarici hücumlara sinə gərən Ənsarullah hökuməti istehsal etməyə başladığı raket və PUA kimi çəkindirici silahlarla Səudiyyə rejiminin həyati əhəmiyyətli neft obyektlərinə təsirli hücumlar həyata keçirdi. Məqsədi ölkəyə qarşı müharibə və blokadaya son qoymaq idi. Lakin təkəbbürlü Səudiyyə rejimi 2023-cü ildə əldə edilən atəşkəs razılaşmasında verdiyi sözlərə əməl etməyərək Yəmən xalqının müstəqilliyini tanımağa yanaşmadı və fürsət tapdıqca təzyiq və blokadanı daha da gücləndirdi.
5- Səudiyyə rejimi beynəlxalq hökmranlıq sisteminin təmsilçisi kimi Yəmən daxilindəki və başda Suriya olmaqla digər ölkələrdən gətirilən terrorçu dəstələri bir araya toplayaraq, 2024-cü ilin dekabrında Suriyada etdikləri kimi, Yəməni də hökmranlıq sisteminə qatmaq məqsədilə himayədarları və yeni müttəfiqləri ilə birlikdə Sənaya hücuma keçməyi planlaşdırdı. Sınadılar, lakin uğur qazana bilmədilər. Əksinə, işğal altında saxladıqları Qırmızı dəniz sahilindəki bəzi şəhər və strateji mərkəzlərin, eləcə də Babül-Məndəb boğazının ƏNSARULLAH ordusu tərəfindən fəth edilməsi ilə ağır məğlubiyyətə uğradılar. Maraqlıdır ki, öz ölkəsinin torpaqlarını geri alan Ənsarullah hökuməti mediada işğalçı milis qüvvələri kimi təqdim edilməyə başlandı və bu dezinformasiya hələ də davam edir.
6- Gəlinən bu nöqtədə Ənsarullah hökumətinin daxili qarşıdurmalara və xarici hücumlara son qoymaq üçün irəli sürdüyü yeganə şərt Yəmənə qarşı blokadanın və hücumların dayandırılmasıdır. Lakin məğlubiyyəti həzm edə bilməyən Səudiyyə rejimi qapı-qapı sürünərək ABŞ və Sionist rejim də daxil olmaqla hər kəsdən yardım dilənir. Övladları və sahibləri tərəfindən müdafiə edilən Babül-Məndəb boğazının və gəmi ticarətinin təhlükə altında olduğu bəhanə edilərək bu məzlum xalqa və hökumətinə qarşı regional ittifaq və beynəlxalq koalisiya yaradılmaq istənilir. Halbuki Ənsarullah hökumətinin yeganə istəyi suverenlik hüququnun tanınması və on ildən artıqdır davam etdirilən blokadanın, zalımcasına tətbiq edilən sanksiyaların aradan qaldırılmasıdır.
7- Media imperiyasını idarə edən Qərb hökmranlıq sistemi bölgəmizdəki müttəfiqləri və əməkdaşlarının da köməyi ilə həqiqətləri təhrif edir, müdafiə mövqeyində olan və Yəmən xalqının böyük əksəriyyətini təmsil edən Ənsarullah hökumətini hücum edən tərəf kimi göstərir, beləliklə başda Yəmən xalqı olmaqla bölgədəki bütün məzlum müsəlman xalqlara əziyyət verirlər. Ölkəmizdəki təəssübkeş dairələr isə Müqavimət Cəbhəsinin uğurlarına dözə bilmədikləri üçün Yəmən xalqının haqlı mübarizəsini və qələbəsini gizlətmək məqsədilə hər cür yalan və böhtana əl atır və bu haqq-batil mübarizəsində Qərb hökmranlıq sisteminin yanında yer almaqdan çəkinmirlər. Bu xəyanət, nökərçilik və təəssübkeşlik qarşısında insanın içindən belə demək gəlir: Allah bu dairələri bu dünyada əməkdaşlıq etdikləri ilə birlikdə zəlil-rüsvay etsin, axirətdə isə sevdikləri, əməkdaşlıq etdikləri və dəstəklədikləri ilə birlikdə həşr etsin!
