Yəmən Müharibəsinin Gizlədilə Bilməyən Ortaqları

8 Dəq Oxuma Müddəti

Yəmənə qarşı Səudiyyə koalisiyasının özünü açıq şəkildə göstərməkdən çəkinən bir tərəfi var. Məkkə İttifaqının üzvləri Pakistan və Türkiyə “müharibəyə qoşulduqları” görüntüsünü yaratmadan Səudiyyə Ərəbistanının arxasını qoruyurlar. Amerika tərəfində Co Vilson və Con Bolton kimi “bombala, bombala” xorunun üzvləri Məkkə İttifaqının qanadlarına “Artıq Yaxın Şərqin NATO-su oldunuz, haydı, özünüzü sübut edin, çəkinməyin, Yəməni vurun, terrorçuları məhv edin” deyərək onları ruhlandırırlar. Amerikanın Troya atı ilə Ər-Riyada gələn üçüncü bir tərəf də var ki, onun üzə çıxması Məkkə İttifaqının onsuz da mövcud olmayan müqəddəsliyini poza bilər. Orada olmadan orada olan ortaq İsraildir.

ABŞ Prezidenti Donald Trampın ağzına gələni danışmaq xüsusiyyəti bəzən gizli qalmalı olan məsələləri ifşa edərək ortaqlarını çətin vəziyyətə sala bilir. Daha əvvəl 1 trilyon dollar investisiya vədi aldığı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman (MbS) haqqında “Mənim dalımı öpəcəyini düşünməmişdi. Qarşısında başqa bir uğursuz Amerika prezidentinin olduğunu zənn edirdi. Ona deyin, mənimlə yaxşı davransa, yaxşı olar. Buna məcburdur” demişdi. İndi isə İsrailin Səudiyyə Ərəbistanına kömək etdiyini üzə çıxardı.

Bir müxbirin “Ər-Riyad İsrailin yardımına açıq olmalıdırmı?” sualına “Məncə, olmalıdır; bunu qəbul edəcəklərini düşünürəm. İsrail Səudiyyə Ərəbistanına çox kömək edib və bəli, şübhəsiz ki, belə bir şey edərdilər” cavabını verir.

Tramp və tərəfdarlarının xəyallarına görə, Yəmən müharibəsindəki ortaqlıq Səudiyyə Ərəbistanının da İbrahim Razılaşmalarına qoşulmasını təmin edəcək bir katalizator ola bilər. Tramp İbrahim Razılaşmalarının yenidən gündəmə gəlib-gəlməyəcəyi ilə bağlı suala “Gələ bilər, bəlkə də hər zamankından daha çox. Səudiyyə Ərəbistanı İsrailin və bizim dəstəyimizə sahib olmaqdan çox məmnundur” deyir.

Oktyabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahudan səudiyyəlilərin yardım istəyib-istəmədiyi soruşulmuşdu. O da “Yaxın Şərqdə bizdən yardım istəməyən, demək olar ki, heç bir dövlət yoxdur” demişdi. “Ortaq düşmənə qarşı Ərəb-İsrail ittifaqı” təsəvvürü Netanyahu üçün manipulyativ dəyər daşıyır. Buna görə də bu sözlərdəki mübaliğə payını çıxaraq onların dəyərini yenidən ölçmək lazımdır.

Yəmən onilliklərdir Səudiyyə Ərəbistanının siyasi və hərbi müdaxilə sahəsi olub. Səudiyyəlilər 1934-cü ildə Yəmənin Əsir, Nəcran və Cizan vilayətlərini ələ keçirdikdən bəri cənub qonşularına həmişə təhlükəsizlik prizmasından baxırlar. 2014-cü ildə paytaxt Səna İranın müttəfiqi olan Ənsarullah hərəkatının əlinə keçəndə Səudiyyə Ərəbistanının bütün hesabları alt-üst oldu. Yəmən əhalisinin 85 faizinin yaşadığı vilayətlərə nəzarət edən Ənsarullah eyni zamanda İsrail və ABŞ-nin də düşmənidir. Beləliklə, üç ölkənin maraqları burada üst-üstə düşür. Etiraf etsələr də, etməsələr də, Yəmən hər üçünün ortaq mübarizəsidir. Bu, oxlar müharibəsidir.

“Haaretz” qəzetinə görə, Netanyahu İsrailin də Yəmənə qarşı hərbi əməliyyatlara qoşulması üçün Səudiyyə Ərəbistanının razılığını almağa çalışıb. MbS ictimaiyyətin reaksiyasına görə buna razı olmayıb. “Məkkə və Mədinənin xidmətçisi” ünvanı ilə layiq olmadıqları nüfuzdan istədikləri kimi istifadə edərkən birdən-birə İsraillə açıq hərbi ortaqlığa getmək cəsarət tələb edir.

Bəs qarşı çıxmadığı və ya gizlətdiyi bir ortaqlıq yoxdurmu?

Sentyabrın ikinci həftəsində CENTCOM komandanı Bred Kuperin rəhbərliyi ilə Səudiyyə Ərəbistanı, Küveyt və Qətər də daxil olmaqla yeddi ərəb ölkəsinin baş qərargah rəisləri Almaniyada israilli həmkarları Eyal Zamirlə bir araya gəlib İran və Yəmənə qarşı əməkdaşlığı müzakirə etmədilərmi? Netanyahu sentyabrın 27-də gizli şəkildə getdiyi Əbu-Dabidə Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Bəhreyn, Liviya, Oman və Misir də daxil olmaqla ən azı 10 ölkənin nümayəndələri ilə dörd saat ərzində nə danışdı? Mossad rəhbəri Roman Qofmanın da iştirak etdiyi bu görüşdə təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi müzakirə edilmədimi? Dəmir Qübbənin bölgədəki hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası barədə danışılmadımı? Ortaq təhdidlərə qarşı regional müdafiə mexanizminin və koalisiyanın yaradılması təklifləri müzakirə edilmədimi? İsrail mediasına görə, bunların hamısı müzakirə olunub.

CENTCOM bu müharibəni Ər-Riyaddan idarə edir. Təxminən 100 amerikalı hərbi mütəxəssis hədəflərin müəyyənləşdirilməsi, kəşfiyyat məlumatlarının təmin edilməsi və strateji planlaşdırmada iştirak edir. Amerika mediası CENTCOM vasitəsilə İsrail və Səudiyyə Ərəbistanı arasında təmasların olduğunu yazırdı. İsraildəki qiymətləndirmələrə görə, Hörmüz və Babül-Məndəbdəki böhran İsrailə ərəb dünyası ilə münasibətləri normallaşdırmaq üçün misilsiz fürsətlər təqdim edir.

CENTCOM adı altında israilli kəşfiyyatçıların da Ər-Riyaddakı əməliyyat otağında olduğunu ehtimal edirdik ki, bu barədə Pakistan tərəfindən bir məlumat sızdı. Pakistanlı geosiyasi şərhçi Zülfüqar Əli Pepe Eskobarla birlikdə iştirak etdiyi yayımda bir kəşfiyyat rəsmisindən aldığı məlumatları paylaşdı. Əlinin sözlərinə görə, Ər-Riyaddakı hərbi missiyada xidmət edən yüksəkvəzifəli pakistanlı hərbi məmur səudiyyəlilərin israilli kəşfiyyatçılarla əməkdaşlığına şahid olub. Bu, onu xeyli təəccübləndirib. O, Pakistan kəşfiyyatına bir general-mayorla birlikdə israilli kəşfiyyat mütəxəssislərinin Ər-Riyadda olduğunu bildirib. Əli bu məlumatı iki dəfə təsdiqlətdiyini qeyd edir.

“İsrailliləri bütün kəşfiyyat konfranslarına və məsləhətləşmələrinə dəvət edirlər; israillilər də fəal şəkildə iştirak edirlər. İsraillilərin Ər-Riyadda olması MbS-nin çarəsiz olduğunu göstərir. Aldığım kəşfiyyat məlumatına görə, MbS çox qeyri-sabit vəziyyətdədir. Öz hökuməti və amerikalı müşavirlərdən başqa heç kim onun yanında deyil. Bu, Səudiyyə sülaləsi üçün yaxşı bitməyəcək”, – deyir.

Trampın məntiqinə görə, Türkiyə və Pakistan Yəmən müharibəsinə qoşulmalı, İsrail də buna ortaq edilməlidir. Artıq açıq mövqe tutmaqdan yayınmağa son qoyulmalıdır. Bu yol İbrahim Razılaşmalarına aparmalıdır! Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyənin Yəmən müharibəsinə qoşulmasını istədikdə onun bu xahişi geri çevirməyəcəyini də söyləyir.

Lakin Netanyahu səudiyyəlilərlə ortaqlığı fürsət kimi görərkən hərbi dəstəyin qarşılığında müəyyən tələblər irəli sürür. Onun fikrincə, bu dəstək sayəsində diplomatik təmasların önü açılmalı, Səudiyyə Ərəbistanı İsraili tanımalı, Fələstinlə bağlı şərtindən imtina edərək İbrahim Razılaşmalarına qoşulmalıdır.

Başqa bir şərti də var: İrana qarşı yeni hücum dalğasına bölgə ölkələri də hazır olmalı, cavab zərbələrindən qorxan ərəb liderləri Trampı müharibədən çəkindirəcək mövqelərdən uzaq durmalıdırlar. Bundan əlavə, Netanyahu İsrailin Ədən körfəzindən Hörmüz boğazına və Qırmızı dənizə uzanan su yolunda strateji mövqe qazanmaq planlarında birlikdə hərəkət etdiyi BƏƏ-nin Yəmən müharibəsinə yenidən qayıtmasına şərait yaradılmasını istəyir. Səudiyyəlilər ötən ilin yanvarında müstəqil Cənubi Yəmən təşəbbüsünə görə Əmirlikləri Ədəndən çıxarmışdılar.

İsraillə ortaqlığı açıq hala gətirmək İranla yeni hərbi eskalasiya zamanı cəhənnəmə bilet almaq deməkdir. Yəmənin raketləri ilə məşəl kimi yanan “Aramco” hamıya “Neft quyusunun üstündə oturub qonşunun evini yandırma” mesajını verir.

Digər bir çəkingən ortaq isə öz torpaqlarını İsraildən qoruya bilməyən Suriyadır. Ər-Riyad maliyyə və siyasi yardımlarla dəstəklədiyi HTŞ rəhbərliyindən indi Yəmən müharibəsi üçün 10–20 min əsgər istəyir. Qətər mərkəzli “Əl-Mədun”a görə, Dəməşq təxminən 1500 əsgərini Səudiyyə Ərəbistanına göndərib. Dəməşq bu cür xəbərləri təkzib edir. Lakin ərəb mənbələri iqtisadiyyatı çökmək həddinə çatan və Körfəzdən gələn maliyyə axını kəsilən HTŞ rejiminin ciddi risklərə baxmayaraq səudiyyəlilərin istəyini geri çevirə bilməyəcəyini bildirirlər.

Suriya üçün Yəmən müharibəsinə qoşulmaq qumardır. Belə ki, HTŞ Suriyaya tam nəzarət edə bilmədiyi halda, əsgər göndərilməsi ölkə daxilində zəiflik yarada bilər. İran və müttəfiqlərinin Dəməşqə qarşı fəaliyyətsiz mövqeyi dəyişə bilər. Körfəzdən çıxarılan neftin İraq üzərindən Suriya limanlarına çatdırılması planları zərbə ala bilər. Dəməşqdə söz sahibi olduqdan sonra Suriyanın yenidən çöküşə sürüklənməsi Türkiyənin də maraqlarına uyğun deyil.

Yəmən müharibəsində səudiyyəlilərlə ortaqlığın üzə çıxması bəzilərinin xeyrinə, bəzilərinin isə zərərinədir. Lakin oxlar müharibəsində tərəflərin mövqeləri bu və ya digər şəkildə aydınlaşır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş