Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

İran, İraq və Haşdi Şabi

ABŞ-ın İraqı işğal etdiyi 2003-cü ildən bəri nə vaxt ABŞ işğalı və hegemonluğu gündəmə gəlsə şübhəsiz İranın da adı hallanar. İraqda konstutusiya tərtib olunur İran, referendum keçirilir İran, seçkilər olur İran...

ABŞ-ın İraqı işğal etdiyi 2003-cü ildən bəri nə vaxt ABŞ işğalı və hegemonluğu gündəmə gəlsə şübhəsiz İranın da adı hallanar. İraqda konstutusiya tərtib olunur İran, referendum keçirilir İran, seçkilər olur İran, İraqlı partiyaları biraraya gətirmək lazım olur İran, hökümət qurulması İran, İŞİD işğalına qarşı Haşdi Şabi (xalq səfərbərliyi və təlimi) gündəmə gəlir İran, İraqın parçalanmasına qarşı duruş və s. hadisələrdə həmişə dilə gətirilən ölkə İran olur.

 

Bəs nə üçün başqa qonşu ölkələrin deyil, həmişə İranın İraq üzərindəki nüfuzu, gücü, vasitəçiliyi və yardımları gündəmə gəlir?

Suriyadan başqa İraqa qonşu digər ölkələr işğalçı ABŞ ilə hər baxımdan ittifaq və işbirliyi içində olmalarına və tarixi keçmişləri, dil, məzhəb və s. ortaq dəyərlərə sahib olmalarına baxmayaraq nə üçün İraq üzərində İran qədər və ya daha az nüfuz sahibi olmamaqdadırlar? Halbuki hərbi. Iqtisadi və media gücü baxımından İrandan daha zəif sayılmazlar. Hətta qonşu ölkələrdən heç biri İran kimi bu ölkə ilə səkkiz illik bir müharibə keçmişinə də sahib deyildir.

Burada bu sual önə çıxmaqdadır: Digər qonşu ölkələr İraq üzərində apardıqları hesablamalar səhvdir?  Ya da İranın etdiyi bəzi şeyləri edə bilmirlər? Ya da hər ikisi.

Bəli, bu ölkələr İraqda yalnış çevrələrlə əlaqə qurdular. Ən əvvəl gündən Amerikanın işğalını dəstəklədilər, işğaldan xal qazanmağa, pay almağa çalışdılar. Sonra  İraqı parçalamaq planına əsasən tədbir gördülər və hər biri məzhəb və qövmiyyət təəssübü ilə ayrıseçkilik salan, radikal və terrorçu qruplaşmalara dəstək verdilər. Onları sonuna qədər dəstəklədilər. İŞİD terror qruplaşması Mosulu işğal etməsindən öncə və sonrasında bölgə ölkələrinin rəsmi şəxslərinin nələr dedikləri hələ də qulaqlarda cingildəməkdədir.

İran isə Amerika işğalının ilk günündən bəri ABŞ-ı bu ölkədən necə çıxaracağının planlarını tökdü və hələ də eyni cizgidə səbrlə iş görməkdədir. İraqın suverenliyinin qorunması üçün – iddia edildiyinin əksinə sadəcə Şiələrə deyil, Sünni ərəblər və kürdlərin liderlərilə də daima sıx əlaqələr qurdu. Əlbəttə İraqa yardım edərkən öz mənafeyini güdməsi inkar edilməz.

 

İşğaldan sonra İraqa baş qubernator təyin edən (Paul Bremer), İraqdakı bütün mülki və hərbi idarəni nəzarətinə alan,sərhəd təhlükəsizliyi, neft satışı və digər idarəetmələrin  başına bu qubernator gətirməklə bu vasitəsilə idarə edən ABŞ, necə oldu konstutusiya tərtibi və xalqın səsverməsinə təqdim edilməsini əngəlləyə bilmədi?

 

Çünki, İranın yönləndirməsi və yardımları ilə başda Ayətullah Sistani olmaqla İraqın dini mərcəiyyəti varlığını göstərdi. Səddam dönəmində çətin mübarizələr vermiş Şiə və Kürd siyasi birləşmələri Amerikanın ümumi qubernatorluğunun İranın köməyi və rəhbərliyi ilə davam etdirilməsinə qarşı çıxmağa başladılar.

İdeal olmasa da yeni bir konstitusiya hazırlanması,  dərhal xalqın səsverməsinə təqdim olunması, bu konstutusiyaya uyğun yeni dövlət orqanlarını formalaşdırmaqda İranın rolunu kim inkar edə bilər?

 

ABŞ İkinci Dünya Müharibəsindən bəri girdiyi heç bir ölkəni öz istəyilə  tərk etməmişdir. Hərbi qoşunlarını yerləşdirən / baza verən və bəsləyən / xərclərini öz üzərinə götürən ölkələr olduğu müddətdə niyə getsin ?!  Hərbi xərclərini ev sahibi ölkəyə ödətdirirsə və hegemonluğunu davam edə bilirsə,  ABŞ və ya hər hansı bir işğalçı güc öz razılığı ilə bundan imtina edərmi?

 

ABŞ-ın hərbi güclərinin işğal etdiyi və ya girdiyi ölkələrdə ancaq xalq müqavimətilə çıxarmaq mümkün olmuşdur. Hökümətlərlə edilən razılıqlar çərçivəsində həyata keçmiş olsa da o ölkə xalqının hökümətə basqı və israrlı tələblərilə olmuşdur. Necə ki, 2011-ci ildə ABŞ Ordusunun İraqı tərk etməsi İranın dəstək verdiyi hökümətin və xalqın etirazları ilə həyata keçmişdir.

Öz etiraflarına əsasən bir trilyon dollardan çox xərci çıxan, on minlərlə hərbçisini itirən ABŞ-ı İraqda uğursuzluğa düçar edən faktorların başında şübhəsiz İranın yürütdüyü siyasət, təlim və təşkilatlanmalarında yardımçı olduğu silahlı müqavimət təşkilatları gəlməkdədir.

 

ABŞ hər halda 2003-cü ildə İraqı işğal edərkən Səddam Hüseyn rejimini yıxıb yerinə bu ölkə xalqının iradəsilə işbaşına keçəcək bir rejim hədəfləmirdi. ABŞ-ın demokratiya kimi bir istəyi olsaydı bölgədə Səddamdan öncə yıxılacaq o qədər krallıq, şeyxlik və əmirlər var idi ki, Səddama növbə çətin gəlib çatardı.

 

Amerikalıların dəfələrlə etiraf etdiyi kimi Səddamın əlində kütləvi qırğın silahları olması ilə bağlı iddialar sadəcə işğal üçün istifadə edilən bir kamuflyaj olub.

ABŞ-ın çöx yönlü planları varıydı;  Əsas hədəflərindən biri İranı mühasirəyə alaraq İslam İnqilabının yayılmasını əngəlləmək, Böyük Yaxın Şərq Planını həyata keçirmək, İraq və bölgədəki neft yataqlarını nəzarət altında tutaraq durmadan böyüyən Çinə qarşı güclənmək və nəhayət işğalçı Sionist rejiminin varlığını qorumaq  idi.

Bəs görəsən yüz minlərlə insanın ölümü, yaralanması, evlərindən didərgin düşərək başqa ölkələrə edilən qaçqın və köçkünlərə səbəb olan ABŞ planladığı hədəflərinə çata bildimi?  

Bu günə qədər yuxarıda sayılan hədəflərinə çatmadığını deməyə lüzum yoxdur.

Qərb imperializmi bölgəmizə qarşı qurduğu hegemoniyasına qarşı heç bir zaman indiki qədər müqavimətlə qarşılaşmayıb. Başda İraq və Suriya olmaqla Qərbə qarşı müqavimətin mərkəz və dəstəkçisinin İran olduğunu kim inkar edə bilər?

Gözlərini məzhəb və qövmiyyət təəssübü bürüyərək tutan çevrələr bu həqiqəti görmür və görmək istəmirlər. Öz bəsirətsizliklərini görə bilməmələri və paxıllıqları onları bu həqiqəti qəbul etməkdən çəkindirir, hətta bilərək və ya bilməyərəkdən imperialist Qərbin yanında olmağı seçirlər.

 

Haşdi Şabi düşmənliyi bunları qəhr etməkdədir;

“ İranın dəstəklədiyi”, “İran tərəfdarı”, “İranyönlü”, “Haşdi Şabi milisləri” ifadələr İraqla əlaqəli hər xəbərin əvvəli və sonunda təkrarlanmaqdadır.

İraq içindəki Amerikançı çevrələr də İraq xaricindəkilərdən fərqli deyildir. Haşdi Şabi gündəmə gələndə, dövlət nəzarəti xaricindəki silahlı birliklər qadağan edilməli və s. ifadələrlə Amerikalıların sözlərini təkrarlayırlar.

 

 

2016-cı ildə İraq torpaqlarının önəmli bir hissəsini işğal edib paytaxt Bağdada tərəf irəliləyən İŞİD terror qruplarına qarşı mübarizə məqsədilə dini mərcəiyyətin fətvası və İranın yardımı ilə təşkil olunan və silahlandırılan xalq səfərbərlik güclərinin adıdır – Haşdi Şabi.

İŞİD hər nə qədər İraq və Suriyada şəhərlər və yaşayış məntəqələrindən çıxarılıb məğlubiyyətə uğradılsa da tör-töküntüsü hələ də İraq və Suriyada qalır. Onlar özlərinin cinayət və terrorlarından vaz keçməyiblər.

 

Belə olduğu təqdirdə İŞİD və oxşar terror qruplaşmalarına qarşı hələ də ağır  bir mübarizə aparan Haşdi Şabi güclərinə bu kin və nifrətin səbəbi nədir?

Çünki Haşdi Şabi xalq səfərbərlik gücü olduğu kimi İraq xalqını da hər cür daxili və xarici təhlükəyə qarşı təşkilatlandırma gücünə sahibdir. Bu isə ABŞ ilə İraq daxilindəki və xaricindəki bağlantılar və mütəffiqlərinin həzm edəcəyi bir durum deyildir.

Hökümətlər və ordu komandirləri üzərində əvvəldən bəri nüfuz və nəzarət qurmaya atılmış, hərbi və mülki çevrilişlər planlayan müstəkbir güclər, Haşdi Şabi, Bəsic və ümumi olaraq meydanı tərk etməyəcək xalq güclərini uğursuz planları qarşısında əngəl görməkdədirlər.

 

Və həqiqətən 2011-ci ildən sonra sadəcə bəzi bazalarda olan az sayda hərbi varlığına baxmayaraq 2016-cı ildə İŞİD ilə mübarizə bəhanəsilə İraqdakı zəif-bəsirətsiz rəsmilərin dəvətilə yenidən Çox Millətli Koalisiya Gücləri adı altında İraqa dəvət edilən Amerikan hərbi birlikləri İraq Məclisinin keçən ay aldığı bir qərarla ölkəni tərk etmək məcburiyyətindədir.

 

İraqdan ayrılmaq niyyətində olmayan ABŞ bu ölkədəki həsas tarazlıqları və anlaşılmamazlıqlardan istifadə edərək İraq hökümətini önümüzdəki İyun ayında strateji işbirliyi adı altında təşkil olunacaq görüşlərdə yeni bir anlaşmaya məcbur etmək və bir müddət daha İraqda qalmaq istəməkdədir. Bu həsas bir dönəmdə Haşdi Şabi İraqın imdadına yetişməkdə və ABŞ-ın qeyd-şərtsiz alınan qərara əməl etməsini və İraqı tərk etməsinin vacib olduğunu, əks təqdirdə silahlı hücumlara məruz qalacağını açıq aşkar elan etmişdir.

 

Daxildə və xaricdə Amerikan dostlarının Haşdi Şabiyə olan düşmənliklərinin səbəbi beləcə daha yaxşı anlaşılır;

-       Daxildəkilər Amerikan güclərinin getməsilə istədikləri kimi at oynada bilməyəcəkləri, bölücülük planları pozulacağı üçün,

-       Bölgədəkilər ABŞ-ın İraqdan çıxması ilə Müqavimət Cəbhəsinin güclənəcəyini həzm edə bilmədikləri üçün,

-       ABŞ isə İraqdan çıxarsa Qərbi Asiyaya bütövlükdə əlvida edəcəyini bildiyi üçün.

 

 

 

Xəbəri paylaş

Yazarın bütün yazıları