Ramiz Mehdiyev Məhkəmədə Çevriliş İddialarını Rədd Edib

3 Dəq Oxuma Müddəti

Ramiz Mehdiyev qapalı məhkəmədə ifadə verib

Noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Qəzetçi”nin məlumatına görə, qapalı keçirilən məhkəmə prosesində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun qızı Kamilə Əliyeva şahid qismində ifadə veriblər.

Məhkəmə iclası ictimaiyyətə və jurnalistlərə qapalı keçirildiyindən şahidlərin ifadələrinin məzmunu prosesdən xəbərdar mənbələrə istinadən yayılıb.

Ramiz Mehdiyev məhkəmə iclasına məsafədən qoşulub və divanda uzanmış vəziyyətdə ifadə verib. O, AXCP sədri Əli Kərimli ilə hər hansı münasibətinin olduğunu təkzib edib.

“Məktub İlham Əliyevə ünvanlanıb”

Ramiz Mehdiyev ifadəsində dövlət çevrilişinə hazırlaşması ilə bağlı iddiaları rədd edərək sözügedən məktubun Prezident İlham Əliyevə ünvanlandığını bildirib.

“Mən hər hansı bir dövlət çevrilişinə hazırlaşmamışam. Həmin məktub İlham Əliyevə ünvanlanıb və tövsiyələrimdən ibarət olub”, – Mehdiyev deyib.

Prezident Administrasiyasının sabiq rəhbəri Fuad Qəhrəmanlı ilə bağlı videogörüntülərə də münasibət bildirib və onunla hər hansı əlaqəsinin olduğunu təkzib edib.

“Mən Eldar Əmirov vasitəsilə heç kimə məktub və ya pul göndərməmişəm. Fuad Qəhrəmanlı və Fazil Əliyevlə heç bir tanışlığım, əlaqəm və münasibətim olmayıb”, – o bildirib.

Mehdiyev evindən aşkarlanan pulların mənşəyini açıqlayıb

Məhkəmə prosesində müdafiə tərəfinin vəkilləri Ramiz Mehdiyevin evindən aşkarlanan pul vəsaitinin mənşəyi ilə bağlı suallar veriblər.

Mehdiyev həmin vəsaitin şəxsən özünə məxsus olduğunu və uzun illər ərzində toplandığını bildirib.

“1957-ci ildən işləyirəm və pulu yığmışam. Mənə məxsus puldur”, – Mehdiyev vurğulayıb.

Kamilə Əliyeva da əlaqə iddialarını təkzib edib

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva şahid qismində verdiyi ifadəsində Əli Kərimlini yalnız qiyabi tanıdığını bildirib.

O, ailəsinin AXCP sədri ilə heç bir əlaqəsinin olmadığını deyib.

Kamilə Əliyeva həmçinin cinayət işi çərçivəsində müzakirə olunan məktubun atasının İlham Əliyevə ünvanladığı məktub olduğunu bildirib.

Polis AXCP fəallarını məhkəməyə yaxın buraxmayıb

Əvvəlki məhkəmə proseslərində olduğu kimi, noyabrın 27-də də polis Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən yolları nəzarətə götürüb.

AXCP fəallarının məhkəmə binasının qarşısına buraxılmadığı bildirilir.

Prosesin qapalı keçirilməsi səbəbindən şahid ifadələrinin tam məzmununu və məhkəmədə səsləndirilən digər fikirləri müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Əli Kərimli və Məmməd İbrahimə qarşı irəli sürülən ittihamlar

Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Hər iki siyasətçi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməyə və ya zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə iştirak ittihamı irəli sürülüb.

Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib

Sonradan Ramiz Mehdiyevin cinayət işi ayrıca icraata ayrılıb.

İstintaq müddətində ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin məhkəmə prosesi də qapalı keçirilib. Jurnalistlər və məhkəmə iclasını izləmək istəyən şəxslər prosesə buraxılmayıblar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş