Litva Azərbaycan üçün viza liberallaşmasını dəstəkləyəcək
Litva 2027-ci ilin birinci yarısında Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Azərbaycanla Aİ arasında viza liberallaşması gündəliyinin irəli aparılmasına dəstək göstərəcək.
- Litva Azərbaycan üçün viza liberallaşmasını dəstəkləyəcək
- Azərbaycan viza məhdudiyyətlərinin tam ləğvinə hazırdır
- Vizasız gediş-gəliş təhsil və biznes imkanlarını genişləndirə bilər
- Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq
- Azərbaycan vizasız rejim məsələsində region ölkələrindən geri qalır
- Azərbaycan vətəndaşları Avropaya nə vaxt vizasız gedə biləcəklər?
Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Litvalı nazir viza rejiminin sadələşdirilməsinin konkret nəticələr əldə etmək istədikləri əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
“Bu sahədə müvafiq hüquqi proseslərə başlamaq lazımdır”, – deyə Budris qeyd edib.
Nazir, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsinin gündəlikdə olduğunu açıqlayıb.
Azərbaycan viza məhdudiyyətlərinin tam ləğvinə hazırdır
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın viza liberallaşması təşəbbüsünə dəstəyini yüksək qiymətləndirib.
Nazir bildirib ki, Litvanın Avropa İttifaqı Şurasına sədrliyi Azərbaycanla qurum arasında viza məsələlərinin həlli istiqamətində əlverişli imkan yaradır.
Bayramovun sözlərinə görə, Avropa İttifaqının mövcud qaydaları üzv dövlətlərə müstəqil şəkildə viza liberallaşması siyasəti həyata keçirməyə imkan vermir. Bu proses bütövlükdə Avropa İttifaqı səviyyəsində aparılır.
Bununla belə, ayrı-ayrı üzv dövlətlərin mövqeyi və siyasi dəstəyi prosesin irəliləməsində mühüm rol oynayır.
Vizasız gediş-gəliş təhsil və biznes imkanlarını genişləndirə bilər
Ceyhun Bayramov Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərlərinin yalnız turizmlə məhdudlaşmadığını bildirib.
Nazir təhsil, sahibkarlıq və işgüzar əlaqələr sahəsində də intensiv gediş-gəlişin mövcud olduğunu diqqətə çatdırıb.
Hazırda Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının Azərbaycana səfərləri üçün sadələşdirilmiş viza prosedurları, o cümlədən elektron ASAN Viza sistemi tətbiq olunur.
Bayramov Azərbaycanın viza məhdudiyyətlərinin tamamilə aradan qaldırılmasına hazır olduğunu da açıqlayıb.
O, bunun üçün siyasi müzakirələrlə yanaşı, hər iki tərəfdə müvafiq hüquqi proseslərin başlanmasının vacibliyini vurğulayıb.
Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq
Litvanın xarici işlər nazirinin Bakı səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Litva Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Qeyd edək ki, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdü.
Görüşdən sonra Nauseda ölkəsinin Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlanması təşəbbüsünü dəstəklədiyini açıqlamışdı.
Azərbaycan vizasız rejim məsələsində region ölkələrindən geri qalır
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2013-cü il noyabrın 29-da Vilnüsdə imzalanıb və 2014-cü il sentyabrın 1-dən qüvvəyə minib.
Saziş çərçivəsində viza rüsumu 35 avroya endirilib. Tələbələr, təqaüdçülər və jurnalistlər də daxil olmaqla, müəyyən kateqoriyalara aid şəxslərə vizanın ödənişsiz verilməsi nəzərdə tutulub.
Lakin sazişin qüvvəyə minməsindən 12 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişi nəzərdə tutan liberallaşma dialoqu hələ başlanmayıb.
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən Moldova, Gürcüstan və Ukrayna artıq vizasız gediş-gəliş rejiminə keçib.
Ermənistan isə viza liberallaşması üzrə rəsmi dialoqa 2024-cü ildə başlayıb.
Azərbaycan vətəndaşları Avropaya nə vaxt vizasız gedə biləcəklər?
Litvanın təşəbbüsə dəstək verməsi Azərbaycan vətəndaşlarının yaxın zamanda avtomatik olaraq vizasız səfər hüququ əldə edəcəyi anlamına gəlmir.
Vizasız rejimin tətbiqi üçün Avropa İttifaqı səviyyəsində müvafiq hüquqi prosedurların həyata keçirilməsi və zəruri razılaşmaların əldə olunması tələb edilir.
Hazırda Azərbaycanla Avropa İttifaqı arasında viza liberallaşması dialoqunun başlanacağı konkret tarix açıqlanmayıb.
Litvanın 2027-ci ildə Aİ Şurasına sədrliyi bu istiqamətdə irəliləyiş üçün yeni imkan yaratsa da, prosesin nə zaman yekunlaşacağı və Azərbaycan vətəndaşlarının Şengen zonasına nə vaxt vizasız səfər edə biləcəkləri hələlik məlum deyil.
