ABŞ Hərbi Hava Qüvvələrinə Ciddi Kiberhücum

3 Dəq Oxuma Müddəti

ABŞ-nin hərbi məlumatları təhlükə altında

ABŞ Hərbi Hava Qüvvələrinin əsas bulud hesablama platforması olan “Klaud Uan” sisteminə kiberhücum həyata keçirildiyi bildirilib.

Mənbələrin məlumatına görə, hücum nəticəsində həssas taktiki məlumatlar, hərbi heyətə dair qeydlər və logistika sistemlərində saxlanılan məlumatlar təhlükə altına düşmüş ola bilər.

Kiberhücumu həyata keçirən şəxslərin kimliyi, müdaxilənin tam miqyası və hər hansı məlumatın oğurlanıb-oğurlanmadığı hələlik müəyyənləşdirilməyib.

ABŞ Hərbi Hava Qüvvələri şəbəkələrin və sistemlərin təhlükəsizlik vəziyyəti, eləcə də əməliyyat fəaliyyəti barədə şərh verməyəcəyini açıqlayıb.

Qurum hərbi məlumatların və əməliyyat imkanlarının qorunması istiqamətində təhlükəsizlik tədbirlərinin davam etdirildiyini bildirib.

Strateji əhəmiyyətli hərbi sistemlər risk altındadır

2017-ci ildə istifadəyə verilən “Klaud Uan” platforması ABŞ Hərbi Hava Qüvvələrinin müxtəlif istiqamətlər üzrə fəaliyyətini təmin edən çoxsaylı tətbiqləri özündə birləşdirir.

Platforma “Maykrosoft”, “Amazon”, “Orakl” və “Alfabet” şirkətlərinin texnoloji infrastrukturlarından istifadə etməklə fəaliyyət göstərir.

Sistemdə hərbi qulluqçuların əməkhaqqı və şəxsi məlumatlarından tutmuş logistika və texniki xidmətə qədər müxtəlif sahələri əhatə edən tətbiqlər yerləşdirilib.

Hava hücumundan müdafiə məlumatları da platformada saxlanılır

Platformanın tərkibində Şimali Amerika ərazisindəki hava hücumundan müdafiə radarlarından və müşahidə sensorlarından əldə olunan məlumatları birləşdirən bulud əsaslı komanda-idarəetmə sistemi də mövcuddur.

Bununla yanaşı, dünyanın müxtəlif bölgələrində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox məntəqədə sursatların uçotunu və hərəkətini izləyən sistem də həmin platformada fəaliyyət göstərir.

Platformanın əsas podratçısı 2025-ci ilədək “SAİK” şirkəti olub. Daha sonra bu vəzifəni “Leydos” şirkəti üzərinə götürüb.

Kiberhücum hərbi sistemlərin fəaliyyətində problemlər yaradıb

Kiberhücumun aşkarlanmasından sonra bir sıra tətbiqlərin bulud platformasına köçürülməsi istiqamətində aparılan işlər dayandırılıb.

Platformada fəaliyyət göstərən mövcud tətbiqlərin yenilənməsinə məhdudiyyətlər tətbiq edilib, bəzi istifadəçilərin inzibatçı səlahiyyətləri isə geri alınıb.

Məlumata görə, proqram təminatında yeni təhlükəsizlik boşluqlarının aşkarlandığı bir dövrdə əməkdaşların müvafiq düzəlişləri tətbiq etmək imkanları da məhdudlaşıb.

Hücum nəticəsində hərbi təyyarələrin əməliyyat vəziyyəti və ehtiyat hissələrinin hərəkəti barədə məlumatların kənar şəxslər üçün əlçatan olması ehtimalı yaranıb.

Lakin həmin məlumatların həqiqətən ələ keçirildiyi təsdiqlənməyib.

ABŞ dövlət qurumlarında kiberhücumlar silsiləsi

Son hadisə süni intellekt dəstəkli kiberhücumların geniş bulud şəbəkələrində təhlükəsizlik boşluqlarını sürətlə müəyyənləşdirməsi ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir.

Son zamanlar ABŞ-nin bir sıra federal qurumları da kibertəhlükəsizlik problemləri ilə üzləşib.

Bunların arasında Federal Təhqiqat Bürosunda qeydə alınan iki ayrı hadisə, Pentaqonun məlumat sistemlərinə müdaxilə, Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına dair məlumatların sızması, ən azı iki kəşfiyyat qurumuna qarşı hücum və Maliyyə Nazirliyində təhlükəsizlik pozuntusu yer alır.

Əvvəlki təhlükəsizlik iddiaları yenidən gündəmdə

“Klaud Uan” platformasının rəhbərliyi 2023-cü ildə yayımladığı qiymətləndirmədə kiberhücum cəhdlərinin qarşısının alınmasında yüksək nəticələr əldə edildiyini iddia etmişdi.

Son hadisə isə platformanın təhlükəsizliyi ilə bağlı yeni suallar yaradıb.

Hələlik kiberhücumun vurduğu zərərin miqyası, hərbi əməliyyatlara mümkün təsiri və sistemlərin normal fəaliyyətinin nə zaman tam bərpa olunacağı barədə konkret məlumat açıqlanmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş