Alim Yusifovun cərimə kamerasında saxlanılma müddəti uzadılıb
İnanclı məhbus Alim Yusifovun noyabrın 24-də 12 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasında saxlanılma müddəti daha 7 gün uzadılıb.
Bu barədə onun ailəsi məlumat verib.
Noyabrın 18-də altı günlük cərimə kamerasına salınan Alim Yusifov cəza müddəti başa çatmasına baxmayaraq, əvvəlki kamerasına qaytarılmayıb.
Ailə üzvlərinin sözlərinə görə, inanclı məhbus barəsində yenidən intizam tədbirinin tətbiq edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Onun daha 7 gün müddətinə cərimə kamerasında saxlanılmasının səbəbləri açıqlanmayıb.
Ailəsi məhbusun səhhətindən narahatdır
Alim Yusifovun ailə üzvləri onun bir sıra ciddi xəstəliklərdən əziyyət çəkdiyini bildirərək cərimə kamerasında saxlanılmasının səhhətini daha da ağırlaşdıra biləcəyindən narahat olduqlarını qeyd ediblər.
“Onun ödündə problem var, böyrəyində daş var və mədə-bağırsaq xəstəliyindən də əziyyət çəkir. Hər dəfə yanına gedəndə iynə-dərman, ərzaq və digər göndərişlər hamısı bir yerdə 800 manata başa gəlir. Ona görə elə olur ki, görüş vaxtı çatanda da yanına gedə bilmirik. İndi vəziyyətindən çox nigaran qalmışıq”, – deyə ailə üzvləri bildiriblər.
Ailənin sözlərinə görə, məhbusun müalicəsi və zəruri ehtiyaclarının qarşılanması ciddi maddi çətinliklər yaradır.
Görüş otağı üçün 70 manat tələb edildiyi bildirilir
Alim Yusifovun noyabrın 18-də cərimə kamerasına salınmasının həyat yoldaşı Türkan Əhmədova ilə görüşü zamanı baş vermiş mübahisə ilə əlaqəli olduğu bildirilir.
Türkan Əhmədova daha əvvəl açıqlamasında cəzaçəkmə müəssisəsinin əməkdaşlarının görüş otağından istifadə üçün onlardan 70 manat tələb etdiklərini bildirib.
Onun sözlərinə görə, Alim Yusifov tələb olunan məbləği ödəməkdən imtina edib. Bundan sonra məhbusla müəssisə əməkdaşları arasında mübahisə yaranıb.
Ailə iddia edir ki, məhz həmin mübahisədən sonra Alim Yusifov altı günlük cərimə kamerasına salınıb.
İntizam cəzasının müddəti başa çatdıqdan sonra isə onun barəsində yenidən yeddi günlük cəza tədbiri tətbiq edilib.
Ədliyyə Nazirliyi və Penitensiar Xidmət müraciətləri cavabsız qoyub
Alim Yusifovun ailəsi onun yenidən cərimə kamerasına salınması ilə əlaqədar Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etdiklərini bildirib.
Lakin ailə üzvlərinin sözlərinə görə, müraciətlərinə indiyədək cavab ala bilməyiblər.
Beləliklə, məhbusun cərimə kamerasında saxlanılma müddətinin uzadılmasının səbəbləri, görüş otağı üçün pul tələb edilməsi iddiası və onun hazırkı səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.
Alim Yusifov ikinci dəfə həbs cəzası çəkir
Alim Yusifov qanunsuz olaraq satış məqsədilə narkotik vasitələr əldə etmə, saxlama, istehsal etmə, daşıma, göndərmə və ya satma, eləcə də digər maddələrlə ittiham olunub.
2024-cü ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ildə əfv olunmuşdu
Alim Yusifov ilk dəfə 2018-ci ildə Gəncənin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi və həmin ilin iyulun 10-da baş verən etiraz aksiyası ilə əlaqədar saxlanılıb.
2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Alim Yusifov 2023-cü ilin dekabrında əfv olunaraq azadlığa buraxılıb.
Hazırda ikinci dəfə həbs cəzası çəkən inanclı məhbusun aclıq aksiyasına başlaması və səhhətindəki problemlər ailəsinin ciddi narahatlığına səbəb olub.
