Bakı intensiv diplomatik görüşlərə ev sahibliyi edir
Son günlər Almaniya, İtaliya, Gürcüstan, Monteneqro, Litva və ABŞ-nin yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərləri diqqət mərkəzinə çevrilib.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful noyabrın 17-də, İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın 22-23-də Bakıda olub.
Monteneqronun Baş naziri Miloyko Spayiç və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Azərbaycana səfər ediblər.
Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycana səfəri isə noyabrın 25-26-na planlaşdırılıb.
Bundan başqa, ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin də noyabrın 22-də Bakıda olub.
Görüşlərdə hansı məsələlər müzakirə olunub?
Rəsmi açıqlamalara əsasən, keçirilən görüşlərdə ikitərəfli siyasi və iqtisadi münasibətlərin genişləndirilməsi, enerji təhlükəsizliyi, ticarət və investisiya imkanları müzakirə edilib.
Nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhlizin inkişafı da danışıqların əsas mövzuları sırasında yer alıb.
Azərbaycan-Ermənistan sülh prosesi, Cənubi Qafqazda regional təhlükəsizlik və sabitlik, Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də ABŞ-nin regiondakı iqtisadi bağlantı təşəbbüsləri görüşlərdə diqqət mərkəzində olub.
Diplomatik səfərlər Azərbaycanın ATƏT-ə sədrliyi ilə bağlıdır?
REAL Partiyasının keçmiş sədri, hazırda partiyanın Siyasi Komitəsinin üzvü olan İlqar Məmmədov sosial şəbəkə hesabında Bakıya intensiv diplomatik səfərlərlə bağlı fikirlərini bölüşüb.
Siyasətçi hesab edir ki, səfərlərin əsas səbəblərindən biri Azərbaycanın 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) mümkün sədrliyi ilə əlaqəli ola bilər.
Bununla belə, İlqar Məmmədov diplomatik fəallığın arxasında digər siyasi və iqtisadi amillərin dayanması ehtimalını da istisna etməyib.
46 təşkilat Azərbaycanın ATƏT-ə sədrliyinə qarşı çıxıb
Azərbaycanın ATƏT-ə mümkün sədrliyi ilə bağlı beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları da mövqe bildiriblər.
Noyabrın 23-də İnsan Hüquqları Evləri Fondunun internet səhifəsində 46 beynəlxalq və müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti təşkilatının birgə bəyanatı yayımlanıb.
Bəyanatda ATƏT-in 57 iştirakçı dövlətinə müraciət edilərək Azərbaycanın 2027-ci ildə təşkilata rəhbərlik etməsinə razılıq verilməməsi istənilib.
Bununla belə, xarici rəsmilərin Bakıya son səfərlərinin məhz Azərbaycanın ATƏT-ə mümkün sədrliyi ilə əlaqəli olduğu rəsmi şəkildə təsdiqlənməyib.
İran ətrafındakı gərginlik səfərlərə səbəb ola bilərmi?
İlqar Məmmədov İran ətrafında yaşanan gərginliyin də diplomatik səfərlərin mümkün səbəblərindən biri ola biləcəyini nəzərdən keçirib.
Lakin siyasətçi neft bazarındakı vəziyyətin bu ehtimalı tam şəkildə əsaslandırmadığını bildirib.
“Lakin, tutalım, İran məsələsindəki gərginliklə əlaqəli olsaydı, neftin qiyməti də eyni vaxtda artardı. Halbuki artmır. Yenə də, bilmək olmaz”, – deyə İlqar Məmmədov qeyd edib.
Enerji maraqları diplomatik fəallığı izah edirmi?
REAL Partiyasının Siyasi Komitəsinin üzvü dünya enerji bazarındakı gözləntilərin də səfərlərlə əlaqəli ola biləcəyini bildirib.
“Yaxın aylarda dünya bazarında qazın bahalaşacağını deyirlər. Bu artım səfərlərin coğrafiyası ilə əlaqəni daha ağlabatan edir, amma tam da izah etmir”, – deyə siyasətçi vurğulayıb.
İlqar Məmmədov Bakıda müşahidə olunan diplomatik fəallığın adi hal olmadığını qeyd edərək fikirlərini belə yekunlaşdırıb:
“Hər halda, bu diplomatik qonaq-qara həmişə olan şey deyil deyə diqqət çəkir. Görək hansı ölkəni və harasından vurur”.
