Hicaba Görə Aclıq Edən Xəstə Məhbus Karserə Salınıb

4 Dəq Oxuma Müddəti

Müalicə əvəzinə cəza kamerası

Hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyası keçirən inanclı məhbus Zeynal Bayramovun Müalicə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılaraq dərhal karserə salındığı bildirilir.

Məhbusun həyat yoldaşı Marina Berest açıqlamasında Zeynal Bayramovun noyabrın 23-də ailəsinə zəng edərək səhhətinin ağırlaşdığını söylədiyini bildirib.

Bayramov güclü allergik reaksiyanın yarandığını, dilinin şişdiyini və vəziyyətinin ağır olduğunu deyib. O, həmçinin qan analizinin götürüldüyünü və ultrasəs müayinəsindən keçiriləcəyini bildirib.

Marina Berest həmin müddətdə həyat yoldaşının Müalicə Müəssisəsində saxlanıldığını düşündüyünü qeyd edib.

Ailəsi iki gün məhbusdan xəbər ala bilməyib

Noyabrın 24-də Zeynal Bayramovun bacısı ona sovqat aparmaq üçün Müalicə Müəssisəsinə gedib. Məhbus yenidən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılacağını bildirərək gətirilən sovqatı qəbul etməyib.

Marina Berest iki gün ərzində həyat yoldaşından xəbər ala bilmədiyini, sonradan isə onun noyabrın 24-də cəzaçəkmə müəssisəsinə qaytarılaraq birbaşa karserə salındığını öyrəndiyini bildirib.

“Ombudsmana zəng etdim, dedilər ki, guya nəsə edib, buna görə karserə salınıb. Axı həyat yoldaşım zona çıxmayıb, nə vaxt çatdırıb nəsə etsin?” – Marina Berest deyib.

İki dəfə insult keçirən məhbusun səhhəti narahatlıq doğurur

Zeynal Bayramovun ailəsi onun sağlamlıq vəziyyətindən ciddi narahatdır. Yaxınlarının məlumatına görə, inanclı məhbus iki dəfə insult keçirib və şəkərli diabetdən əziyyət çəkir.

Səhhətinin ağırlaşması barədə ailəsinə məlumat verən məhbusun Müalicə Müəssisəsindən çıxarılaraq cəza kamerasına yerləşdirilməsinin səbəbləri isə açıqlanmayıb.

Bayramovun hazırkı sağlamlıq vəziyyəti və zəruri tibbi yardımla təmin edilib-edilmədiyi barədə də rəsmi məlumat yoxdur.

Hicab məhdudiyyətlərinə etirazlar və həbslər

Nazirlər Kabineti 2026-cı il sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib.

Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, yeni qaydaların tətbiqindən sonra hicablı şagird və müəllimlərin məktəblərə buraxılmadığı bildirilib. Bu vəziyyət ölkədə narazılıqlara və etirazlara səbəb olub.

Oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb.

Nazirlik həmin şəxslərin ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin fəaliyyətinə mane olmağa cəhd etdiklərini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanılıb.

Həbsxanalarda zorakılıq və işgəncə iddiaları

Hicab məhdudiyyətlərinə etiraz olaraq cəzaçəkmə müəssisələrində də bir neçə inanclı məhbus aclıq aksiyasına başlayıb.

Sonradan aclıq aksiyası keçirən məhbusların zorakılığa və işgəncələrə məruz qaldıqları barədə məlumatlar yayılıb.

Penitensiar Xidmət isə bu iddialarla bağlı açıqlama verməyib.

Zeynal Bayramov ittihamları qəbul etmir

Zeynal Bayramov 2023-cü il yanvarın 31-də saxlanılıb. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi və dini ekstremist materiallarla bağlı ittihamlar irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il aprelin 28-də çıxardığı hökmlə Bayramov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İnanclı məhbus ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, məhkəmədə saxlanılarkən polis əməkdaşlarının təzyiqinə məruz qaldığını, narkotik vasitələrin cibinə qoyulduğunu və evində aparılan axtarış zamanı dini materialların yerləşdirildiyini bildirib.

Penitensiar Xidmət sualları cavabsız qoyub

Penitensiar Xidmət Zeynal Bayramovun Müalicə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılması, karserə salınmasının səbəbləri və sağlamlıq vəziyyəti ilə bağlı “Meydan TV”nin sorğusunu cavablandırmayıb.

Ombudsman Aparatından da Marina Berestin müraciəti ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş