Düşmənin haqqını vermək; nifrət edilən, qarşı-qarşıya gəlinən və ya rəqib olan bir mərkəzin gücünü, zəkasını, uğurunu və ya bacarığını mərdliklə və dürüst şəkildə qəbul etməkdir. Siyasi və strateji təhlildə bu vəziyyət emosional zəiflik deyil, əksinə, rasionallığın ən yüksək səviyyəsidir. Çünki rəqibi kiçik görmək strategiyada edilə biləcək ən böyük səhvdir. Düşmənin həmlələrindəki zəkanı obyektiv şəkildə təhlil etmək, ona qarşı düzgün müdafiə hazırlamaq üçün zəruridir. Şəxsi və ya ideoloji olaraq düşməndən nifrət edilsə belə, onun hərbi, diplomatik və ya iqtisadi uğurunu inkar etməməkdir. Mədəniyyətimizdəki “igidin haqqını yemə” atalar sözü ilə tam olaraq eyni mənanı daşıyır. Öz ictimaiyyətini rahatlatmaq üçün düşməni daim “bacarıqsız, zəif, ağılsız” göstərmək analitik korluq yaradır. Düşmənin haqqını verən analitik sahəni manipulyasiyalardan təmizlənmiş, çılpaq bir reallıqla görür.
Bunları niyə danışdıq; imperialist dövlətlərin klassik müstəmləkə siyasətləri bütövü (Böyük Suriyanı, Anadolunu, İraqı, Ərəbistan yarımadasını) parçalara ayıraraq, hər parçaya dövlətcik inşa edib bütövü parçalar üzərindən idarə etmək sənətini icra etdi. Beynəlxalq sionist ağıl və İsrail özünü əhatə edən (mühasirəyə alan) müxtəlif dövlətlərdə varlığını davam etdirmək məcburiyyətində qalan oxşar parçaların birləşdiricisi, xilaskarı sifəti ilə ortaya çıxaraq, nəhəng bir coğrafiyanı əvvəlcə nəzarətə götürmək, sonra da ilhaq etmək planını həyata keçirdi. Və görünən odur ki, 100 il əvvəl üç parçaya bölünən və üç dövlət bayrağı altında (Suriya, Livan, İsrail) yaşamaq məcburiyyətində qalan Druzlar üçün nəzərdə tutulan bütün parçaların İsrail bayrağı altında birləşdirilməsi planında uzun bir yol qət edilib.
Azlıq olan, amma strateji düşünmə, plan və tətbiq vizyonuna sahib Yəhudi Dövləti İsrail, strateji korluq, xəyanət və ya əməkdaşlıq mövqeyində olanların ağılsız ifadə və əməlləri səbəbindən (Suriyada hakim olan zehniyyət və etibar etdiyi şeyxlər və silahlı təşkilatlar) bütövdən qoparılmış, aid olduğu millətin tərkibindən atılmış, diqqətdən kənarda qalmış, uzaqlaşdırılmış və ya zülm altında olan azlıq Druzlarla böyüyür. Sahədə müşahidə etdiyimiz reallıq budur: Cazibə və cəlbetmə gücünə malik, strateji vizyonu olan bir azlıq (Yəhudilər) möhtac, aciz və hücum altında olan başqa azlıqları (hələlik Druzları) öz içinə çəkərək nüfuzunu böyütmək, ərazisini genişləndirmək strategiyasını uğurla həyata keçirir. İsrailə qəzəblənmək əvəzinə özünə bənzəməyəni, sorğulayanı və haqqını tələb edəni düşmən, kafir, zındıq, təhdid və təhlükəli hesab edənlərin korluğunu sorğulamalıyıq.
QOLANDA TƏK RƏQƏMLƏRDƏN YÜZLƏRLƏ
İsrail ordusu Suriyanın Qolan bölgəsini 1967-ci ilin iyununda işğal etdi. Suriya ordusu 1973-cü ilin oktyabrında Qolan bölgəsinin paytaxtı Qüneytra şəhəri də daxil olmaqla, Qolan bölgəsinin böyük bir hissəsini İsrail ordusundan azad etdi. İsrail işğalı altında qalan Qolan bölgəsindəki, bir neçə istisna xaric, bütün kənd və qəsəbələri yerlə-yeksan etdi, xəritədən sildi. Ərəb (sünni, ələvi, xristian) və türkmən suriyalıları torpaqlarından qovdu. Amma bir istisna etdi; beş Druz kənd və qəsəbəsinə toxunmadı. Lakin Druzlara edilən bu güzəşt onları israilli edə bilmədi. Bütün imtiyazlar, imkanlar, İsrail pasportunun təmin edəcəyi fürsətlərin təbliğatı işə yaramadı. Qolan Druzları İsrail işğalına qarşı canla-başla mübarizə apardı, bu yolda şəhidlər verdi. Sürgün, həbs və iqtisadi təzyiqlər Qolan Druzlarını ana vətənləri Suriyadan qopara bilmədi. İsrailli Druzların səyləri də məzhəbdaşlarını İsrailə bağlamağa kifayət etmədi.
İsrail 1981-ci ildə Suriyanın torpağı olan Qolanı ilhaq etdikdə bölgədəki Druzların böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etməkdən imtina etdi və Suriyaya bağlılıqlarını elan etdi. Qolandakı Druz din xadimləri də İsrail vətəndaşlığını qəbul edənlərin boykot edilməsi çağırışı etdilər. Bu vəziyyət təxminən otuz il davam etdi. Lakin Suriyadakı vətəndaş müharibəsinin başlaması ilə mənzərə dəyişməyə başladı. Ərəbcə danışan etnik-dini azlıq olan Qolan Druzları arasında İsrail vətəndaşlığına müraciət edən və vətəndaşlıq alanların sayı getdikcə artdı. Əvvəllər təkrəqəmli saylardan söhbət gedirdisə, daha sonra ildə yüzlərlə insan vətəndaşlıq almağa başladı. Buna baxmayaraq, 2023-cü ilə gəldikdə Qolan Druzlarının yalnız təxminən beşdə biri İsrail vətəndaşı idi. Lakin 2024-cü ildə bölgənin şimalındakı dörd Druz yaşayış məntəqəsindən 572 nəfər İsrail vətəndaşlığı üçün müraciət etdi. Keçən il bu rəqəm 3 min 750-yə yüksəldi. Bu ilin yalnız ilk altı ayında isə 1 444 Qolan Druzisi İsrail vətəndaşlığı üçün müraciət etdi. Bu gün etibarilə Qolan Druzların təxminən 44 faizi İsrail vətəndaşıdır.
DRUZLARIN İSRAİLƏ YÖNƏLMƏSİ
Bu dramatik dəyişikliyin əsas səbəbi yeni Suriya rejimində Dürzilərin təmsilçiliyinin, dövlət qurumlarında iştirakının Əsəd hakimiyyəti dövrü ilə müqayisədə çox geridə qalması, Şəra rejiminin dövlət quruculuğunda yetərsiz olması, milli dövlət proqramı əvəzinə məzhəbçi, bölgəçi və dar radikal idarəçilik anlayışının ön plana çıxması, iqtisadi çətinliklərin son həddə çatması, elektrik, su, internet, yanacaq, bələdiyyə xidmətlərinin bərbad vəziyyətdə olması, sahədə kor mina kimi dolaşan silahlı təşkilatların “qəza, intiqam, özünə bənzəməyəni yox etmək və qənimət” güdüsü və sosial mediada davamlı təhdidlərə, ən ağır təhqirlərə və “Dürzilər İslamın düşmənidir, Peyğəmbərə söyüş söydülər” yalanları ilə təxribatlara məruz qalmaları Dürzilərin İsraildən ümid gözləmələrinin və İsrail vətəndaşlığını qəbul etməyə meyilli olmalarının başlıca səbəbidir.
İsrailin 2018-ci ildə Qolan bölgəsində təşkil etdiyi ilk yerli seçkilərdə bölgənin din xadimləri Əsədin çağırışına əməl edərək seçkiləri boykot etməyə çağırmışdılar. Bir çox namizəd geri çəkildi və iştirak çox aşağı səviyyədə qaldı. Buqata qəsəbəsində yalnız bir namizəd qalarkən, dörd yaşayış məntəqəsinin ən böyüyü olan Məcd əl-Şəms qəsəbəsində seçkidə iştirak yalnız təxminən 3 faiz idi. Lakin 2024-cü ildə Suriyadakı rejim dəyişikliyindən sonrakı yerli seçkilərdə din xadimləri boykot çağırışı etmədi və iştirak yüksəldi. Buqatada bələdiyyə sədrliyi uğrunda dörd namizəd yarışdı. Bölgə Dürziləri, “İnsanların ümumi seçkilərdə böyük sayda səsverməyə gedəcəyini düşünürük. Süveyda qətliamlarının mühüm bir dönüş nöqtəsi olduğunu düşünürük”, dedi. İsraildə təxminən 153 min Dürzi yaşayır. Bunların yalnız təxminən altıda biri Qolanda yaşayır.
KORLUĞUN BƏDƏLİ
Suriyanı idarə edənlərin strateji korluğu səbəbindən yalnız Qolan bölgəsi İsrailin işğalı altında deyil. İllərlə Suriya bayrağını və kimliyini qorumuş, İsrailə qarşı imtiyazları rədd etmiş və bütün çətinliklərə baxmayaraq mübarizə aparmış Qolan Dürzilərini də İsrailə itirdilər. Dəməşqin cənubunda yerləşən Süveyda və Dəra vilayətləri də faktiki İsrail nəzarəti və işğalı altındadır. Bu bölgələrin də ilhaqı və orada yaşayan Dürzilərin İsrail vətəndaşı olması vəziyyəti ortaya çıxa bilər. Qolana qonşu və onun davamı olan Suriyanın cənubundan sonra Qolanın qonşusu və davamı olan Livan dağlarındakı Dürzilərin İsrailə birləşdirilməsi planları rəfdən endiriləcək. Görək, İsrailin strateji ağlına qarşı bir strateji ağıl işə düşəcəkmi, yoxsa strateji korluq bütün Dürzilərlə birlikdə Suriya və Livanın digər azlıqlarını İsrailin strategiyalarına qurban verəcək?
