Hörmətli oxucumuz, bildiyiniz kimi, “İslam NATO-su” metaforasını ilk işlədən şəxs mərhum Ərbakan Hocamızdır. D-8 çərçivəsində yaradılması nəzərdə tutulan “İslam Müdafiə Qüvvəsi” layihəsindən danışarkən daha yaxşı başa düşülsün deyə “İslam NATO-su” ifadəsini işlədirdi.
Xatırlayacağınız kimi, 15 iyun 1997-ci ildə 8 müsəlman ölkəsinin liderlərinin bir araya gəlməsi ilə İstanbulun Çırağan Sarayında D-8 (İqtisadi Əməkdaşlıq Təşkilatı) yaradıldı. Bu strukturun tərkibində “Ortaq Müdafiə Qüvvəsi” layihəsi də mövcud idi. Bu layihə əslində qısamüddətli idi. Ərbakan Hocamızın hədəfində D-60 və D-160 layihələri də vardı. Bunları mərhələ-mərhələ həyata keçirməyi planlaşdırırdı. D-60 ilə Avropa Birliyi nümunəsində olduğu kimi, bütün müsəlman ölkələrini vahid bayraq altında birləşdirməyi hədəfləyirdi. Ardınca isə institusional mənada yeni bir “Birləşmiş Millətlər” təsis etmək üçün antiimperialist ölkələrlə konsorsium yaratmaq istəyirdi. Dünya insanlığına sülh və təhlükəsizlik gətirəcək bu layihə başda böyük şeytan ABŞ və sionist dəstə olmaqla qlobal şər qüvvələrini son dərəcə narahat etmişdi. Çünki bu layihələr onların işğal və istismar sisteminə son qoymaq üçün hazırlanmışdı. Dərhal düyməyə basıb aramızdakı alçaq piyadalarını işə saldılar. Onlar da (hər nə qədər “general” rütbəsi daşısalar da) birer “əmr qulu” olaraq tankları küçələrə çıxarıb “28 Fevral Postmodern Çevrilişi”ni həyata keçirdilər. Beləliklə, D-8 və D-8 çərçivəsindəki “İslam Müdafiə Qüvvəsi” layihəsi rəfə qaldırılmış oldu…
Müsəlman ictimaiyyətimizin şüurlu və fəzilət sahibi təbəqəsi “İslam Birliyi” və “İslam Müdafiə Qüvvəsi” arzusu ilə daim bir gözlənti içərisində olub. 26 mart 2015-ci ildə ekran və qəzetlərdə bir başlıq yayımlandı: “Budur İslam Ordusunun möhtəşəm görüntüləri.” Ekranda 34 müsəlman ölkəsinin iştirakı ilə təşkil edilən parad “İslam Ordusu” kimi təqdim edilirdi. Bu xəbər günlərlə medianı məşğul etdi. Televiziya kanallarında bu ordu haqqında genişmiqyaslı müzakirələr təşkil edilir, təqaüddə olan generallar və sahənin mütəxəssisləri analitik şərhlər verir və bu struktur sayəsində bölgəmizə sülh və təhlükəsizlik gələcəyindən danışırdılar. Açığı, günlərlə davam edən bu xəbər və şərhlər gözlənti içərisində olan ictimaiyyətimizi xeyli sevindirib həyəcanlandırmışdı. Bu sevincin səbəbi başda Fələstin olmaqla bir çox İslam diyarlarında zülmə məruz qalan, qətliamlarla üzləşən insanlarımızın artıq müdafiə olunacağı ümidi idi. Lakin bir də nə görək! Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılmış bu ordunun hədəfi sionist qatil dəstəsini məhv edib Fələstindəki zülmə son qoymaq deyil, hədəf Yəmən imiş. Elə ironik bir vəziyyətdir ki, yaradılan bu ordu, sən demə, sionist dəstə və ABŞ gəmilərinə Babül-Məndəbi bağladığı üçün (ABŞ və sionist dəstə adından) Yəmənə hücuma hazırlaşırmış. Niyyət və hədəf Yəmənə hücum olduqda bu strukturdan bir çox müsəlman ölkəsi “Biz niyə qardaş ölkə Yəmənə hücum edək?” deyərək geri çəkilmək məcburiyyətində qaldı. 34 ölkədən geriyə 9 ərəb ölkəsi qalmışdı. “ABŞ və sionist dəstənin əmr qulu Səudiyyə Ərəbistanı” özünə qoşduğu 8 ərəb ölkəsi ilə Yəməni bombalamağa başladı. Yəmən, bildiyiniz kimi, dünyanın ən yoxsul ölkələrindən biridir. ABŞ və sionist dəstə əmr etdi deyə bu ölkəyə hücum etmək dünyanın ən namərdcə davranışından başqa bir şey deyildi. Bu hücum və qətliamlar düz 8 il davam etdi. Təəssüf ki, bu müddətdə heç bir müsəlman ölkəsi Səudiyyə alçaqlığına “dur” demədi. İranın sursat yardımı olmasaydı, Yəmən göstərə bilməyəcəyi müqavimət səbəbindən tamamilə yerlə-yeksan olardı. İran yardım etdi, Yəmən müqavimət göstərdi və Səudiyyə Ərəbistanı 8 ilin sonunda məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.
Aradan illər keçdi. Bir də gördük ki, 31 iyul 2026-cı ildə televiziya kanalları və qəzet başlıqları 14 müsəlman ölkəsinin iştirakı ilə yeni bir “İslam Ordusu”ndan danışır. Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan bu struktur Türkiyə, Pakistan, Küveyt, Bəhreyn, Qətər, Misir, İordaniya, (Səudiyyə Ərəbistanının nəzarətindəki) Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somalidən ibarətdir.
Bu dəfə niyyət gizlədilmir və hədəf sionist işğal dəstəsi deyil, yenə Ənsarullahın nəzarətindəki Yəmən göstərilir. Səudiyyə Ərəbistanının və özünə qoşduğu ərəb ölkələrinin xəyanət və alçaqlıqlarını bilirik. Ankara hökumətinin bu xəyanətə hansı məsləhət naminə alət olduğunu isə anlamadıq. Media bu strukturdan danışarkən bir də gördük ki, 7 avqust 2026-cı ildə müqəddəs Məkkə şəhərindəki Əl-Səfa Sarayında bir araya gələn Türkiyə Respublikasının Prezidenti Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə şahzadəsi Məhəmməd bin Salman “Məkkə Ortaq Müdafiə Müqaviləsi”ni imzaladılar. Təhlükəsizlik və müdafiə adına bağlanan bu müqaviləyə əsasən, NATO-nun 5-ci maddəsində olduğu kimi, “tərəflərdən hər hansı birinə hücum olduğu təqdirdə, digərlərinə də hücum edilmiş hesab edilir.” Ölkələrin öz aralarında bu cür müqavilə bağlaması tamamilə başadüşülən bir vəziyyətdir. Buna baxmayaraq, bu müqavilə elan edilən kimi ictimaiyyətimizdə bir çox müzakirələrə də səbəb oldu. “Bu üç ölkədə ABŞ bazaları mövcuddur, bu struktur ABŞ-nin icazəsi və razılığı ilə, hətta təşviqi ilə yaradılıb, bunun arxasında başqa məkrli planlar var, burada hədəf Yəmən və İrandır” kimi spekulyativ şərhlər edilir. Bu şərhləri edənlərin narahatlığını anlayırıq. Bunun asan yolu var. Madam ki, bu üç ölkə belə bir ittiham altındadır, bu ön mühakimənin aradan qaldırılması üçün görüləcək çox sadə bir iş var, o da İranın bu birliyə daxil edilməsidir. Onsuz da bu struktur bir baxımdan “nüvə” hökmündədir. Bu nüvənin genişlənməsi və böyüməsi lazımdır. Üstəlik, bunu bütün İslam coğrafiyalarına yaymaq imani bir vəzifədir. Elə isə təklif etdiyimiz bu addımlar atılmalıdır ki, xalqımızın gözləntiləri də gerçəkləşmiş olsun. Bu genişlənməni təşviq etməli olan şəxs cənab Ərdoğandır. Baxın, mərhum Ərbakan Hocamız bu iş üçün çox mübarizə apardı. Lakin təəssüf ki, onun təsis etdiyi D-8 layihəsi aramızdakı ABŞ və sionist dəstə piyadaları tərəfindən uğursuzluğa düçar edildi. İndi yeni bir fürsət yaranıb. Elə isə bu fürsət Ərbakan Hocamızın tələbəsi cənab Ərdoğan tərəfindən yaxşı dəyərləndirilməlidir. Eynilə olmasa da, Ərbakan Hocamızın layihələrinə bərabər addımlar atılmalıdır. Ankara bu məsələdə ictimaiyyətimizin gözləntiləri istiqamətində konkret addımlar atmalıdır. Baxın, hər şeydən əvvəl İslam Birliyini və bu birliyin tərkibində hərbi bir struktur təsis etmək imani bir vəzifədir. Buna görə də bu strukturu üç müsəlman ölkəsi ilə məhdudlaşdırmaq İslama və Qurana xəyanətdir. Hədəf bütün İslam coğrafiyalarını əhatə edəcək şəkildə müəyyən edilməli və genişləndirilməlidir. Ərbakan Hocamız D-8-i qurarkən bu strukturu “mövcud vəziyyəti” ilə məhdudlaşdırmadı. D-8 qısamüddətli layihə idi, ortamüddətli layihə D-60, uzunmüddətli layihə isə D-160 idi. İslamın hədəf göstərdiyi universal layihə bu şəkildə formullaşdırılmışdı. İndi də bu layihələrə bərabər hədəflər müəyyən edilməlidir ki, Qurana və İslama zidd bir yol tutulmuş olmasın. Bilmirəm, izah edə bildikmi?
Allah-Təala Qurani-Kərimin bir çox ayəsində müsəlmanlara birlik olmağı əmr edir. Bu birlik çağırışı yalnız İslam və insanlıq düşmənlərinə qarşı deyil, bütün yer üzündə və bütün bəşəriyyət naminə sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olması üçün bir çağırışdır. “Siz dünya insanlığı üçün çıxarılmış bir ümmətsiniz. Yaxşı olanı təsis edər, mənfi olanı aradan qaldırarsınız.” (Ali-İmran: 110) Buna görədir ki, mediada yayılan xəbərlərin başlığını görəndə sevindik və həyəcanlandıq. Uzun illərdir müsəlman ictimaiyyətimizin gözləntisi yer üzündə təhlükəsizliyin və sülhün bərqərar olması naminə və xüsusilə bu gün Fələstin məsələsinə sahib çıxılması məsələsində İslam Birliyinin təsis edilməsidir. Biz də eyni şəkildə müsəlman ictimaiyyətimizin duyğu və gözləntilərinə tərcüman olmaq naminə televiziya kanallarında, konfrans salonlarında və sosial media platformalarında, qısası hər fürsətdə və hər mühitdə İslam Birliyindən və İslam Müdafiə Qüvvəsindən danışıb durmuşuq… Təkcə 7 oktyabr 2023-cü ildən bu yana deyil, sionist dəstə müqəddəs Fələstin torpaqlarımıza yerləşdiyi vaxtdan bəri davamlı zülm, davamlı işğal və davamlı qətliam yaşanır.
Başda İslam Əməkdaşlıq Təşkilatı olmaqla müsəlman ölkələrinin əksəriyyəti bu zülmə tamaşaçı qaldığı üçün xalqımız dərin kədər içərisində daim bir gözlənti yaşayır. Müsəlman ölkələr birləşsin və Fələstinə sahib çıxsın.
Qəzetlər “Məkkə Müqaviləsi və Dəyişdirilə Bilən Bir Dünya” deyə ümidverici başlıqlar atdı, bu istiqamətdə məqalələr yazıldı. Bir zamanlar Pakistan Camaati-İslami Hərəkatının lideri mərhum Əllamə Mövdudi müsəlman ölkələrinin liderlərinə səslənərək, “Gəlin bu dünyanı dəyişdirək”, – deyirdi. Bəli, ümmət olaraq qan və göz yaşına qərq olmuş dünyamızı ədalət və təhlükəsizlik naminə dəyişdirmək bizim vəzifəmizdir. Bunun ilkin şərti İslam Birliyidir.
