Geosiyasi Vida!

6 Dəq Oxuma Müddəti

Ayətullah Əli Xameneinin dün başlayan dəfn mərasimi təkcə vida və matəm deyil, bundan daha böyük məna daşıyır. Xamenei Ayətullah Xomeyninin yolunu davam etdirərək, 1979-cu il İnqilabının “Nə Şərq, nə Qərb” prinsipi əsasında İranın teopolitik, geosiyasi və geostrateji əsaslarını formalaşdıran miras qoyub getdi. Hakimiyyət strukturu, raket və PUA sistemləri, nüvə proqramı, Müqavimət Oxu və asimmetrik imkanlar bu əsasların tərkib hissələrini təşkil edir.

O, ABŞ ilə qarşıdurmanın tam mərkəzində öldürüldü. İran xalqına təqdim edilən sığınacağa girməkdən imtina edərək ailə üzvləri ilə birlikdə həlak olması, müharibə şəraitində həm hərbi, həm də ictimai səfərbərliyin əsas motivasiyasına çevrildi. Verilən itkilər, Kərbəladan bəri şiə düşüncəsində mövcud olan anlatının gücü ilə varlıq mübarizəsində birlik və həmrəyliyi möhkəmləndirdi.

Mərasimlərin keçirilmə forması hücum edən tərəflərə qarşı açıq meydan oxuma mesajı daşıyır. Ölkə ABŞ ilə danışıqları davam etdirməsinə baxmayaraq, mərasimlərdə qaldırılan qırmızı bayraqlar “intiqam” mesajı verir. Bu da Kərbəla ilə simvolik əlaqəni ifadə edir. Dəfn mərasiminin rəsmi şüarı “Allah üçün qiyam”, rəsmi simvolu isə Xameneinin üzüyünü daşıyan “sıxılmış yumruq”dur. “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları isə 47 ildir bir gün belə dəyişməyib.

Matəm abu-havasında qara geyinmiş milyonlarla insanın toplandığı izdiham bu kritik dövrdə bir çox baxımdan əhəmiyyət daşıyır.

Bu mənzərə təkcə xaricə İranın ayaqda olduğunu göstərmir, eyni zamanda ölkə daxilinə də mesaj verir. Müharibədən dərhal əvvəl ölkədə sarsıdıcı və qanlı hadisələr yaşanmışdı. İqtisadi səbəblərlə başlayan etirazlar, Mossadın da iştirak etdiyi iddia edilən hibrid müharibəyə çevrilmişdi. Lakin iqtisadi çətinliklər, azadlıq problemləri, təzyiqlər və zəif idarəçilik səbəbindən sistemin üzləşdiyi legitimlik böhranı son illərdə təkrarlanan etiraz aksiyaları və seçkilərdə iştirakın kəskin azalması ilə özünü göstərirdi. Müharibə isə qaçılmaz şəkildə milli həmrəyliyi gücləndirdi. Bununla belə, mərasimlərdə iştirak edənlər də daxil olmaqla, cəmiyyətin etirazı, qəzəbi və narazılığı hələ də qalmaqdadır. Milyonlarla insanın iştirakı legitimlik müzakirələrini arxa plana keçirsə də, struktur problemlər həllini gözləyir. Müharibə də əlavə olaraq yeni problemlər yaradıb.

Həm müharibə zamanı insanların küçələri tərk etməməsi, həm də milyonlarla insanın qatıldığı dəfn mərasimləri İranın ictimai səfərbərlik potensialını nümayiş etdirir. ABŞ və İsrailin bütün strateji məqsədlərinin puç olması sistemdaxili və ictimai konsolidasiyanın, eləcə də dövlət idarəçiliyində institusional davamlılığın nəticəsi kimi qiymətləndirilir.

Xameneiyə qarşı hücum zamanı yaralanan oğlu Ayətullah Müctəba Xameneinin Ekspertlər Məclisi tərəfindən rəhbər seçilməsi sistem daxilində davamlılığı təmin etdi. Lakin fövqəladə şəraitin qazandırdığı legitimliyin möhkəmləndirilməsi və qorunması vacib hesab olunur. Bu mərasimlər də bunun göstəricilərindən biri sayılır. İsrailin sui-qəsd siyahısında olduğu üçün təhlükəsizlik qurumları və rəhbərlik ofisi Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmasını məqsədəuyğun hesab etməyib. Onun müharibə şəraitində hərbi qüvvələrin daha çox ön plana çıxdığı güc balansını necə tənzimləyəcəyi və cəmiyyətdə mövcud narazılıqlara necə cavab verəcəyi ən çox maraq doğuran məsələlərdəndir. Rəsmilər müxtəlif hesablamalara əsaslanaraq bunun “əsrin dəfn mərasimi” olacağını bildirirlər. Mərasimi 900-dən çox xarici jurnalist izləyir.

Müharibə dövründə cavab zərbələri zamanı ən azı səkkiz ölkədəki ABŞ bazalarını və maraqlarını hədəfə alan İran “təcrid olunmuş dövlət” olmadığını göstərmək üçün mümkün qədər çox xarici nümayəndə heyətinin iştirakını istəyirdi. ISNA-nın məlumatına görə, müxtəlif səviyyələrdə təxminən 40 xarici siyasi və diplomatik nümayəndə heyəti, həmçinin 100-ə yaxın beynəlxalq dini və mədəni qrup mərasimlərdə iştirak edib.

ABŞ isə təsiri altında olan ölkələrin mərasimlərdə iştirakını məhdudlaşdırmağa çalışıb. Tesnim-in məlumatına görə, Vaşinqtonun diplomatik təzyiqləri nəticəsində Avropadan 3, Afrikadan 6, Yaxın Şərqdən isə 4 olmaqla ümumilikdə 13 dövlət iştirak qərarından geri çəkilib.

Bu dəfn mərasimi qarşıdurmanın bir hissəsi kimi qiymətləndirilir.

Tehran və Qumdakı mərasimlərdən sonra Xameneinin nəşi şiəliyin iki mühüm şəhəri olan Nəcəf və Kərbəlaya aparılacaq.

Siyasi lider olmaqla yanaşı dini mərcə də olan Xameneinin ardıcılları İranla yanaşı İraq, Pakistan, Hindistan, Əfqanıstan və Bəhreyn kimi ölkələrdəki şiə icmaları arasında da yayılıb.

Mərasimlərin xüsusilə Kərbəla və Nəcəfdə keçirilməsi təkcə şiə elmi hövzələrinin birliyini vurğulamır, eyni zamanda İraqı İrandan uzaqlaşdırmaq və Tehranın müttəfiqi olan silahlı qrupları ləğv etməyə yönəlmiş ABŞ təzyiqlərinə cavab kimi qiymətləndirilir.

Müxtəlif ölkələrdə yerləşən şiə imamlarına və onların ailə üzvlərinə aid ziyarətgahlar siyasi-dini zəncirin halqaları kimi öz əhəmiyyətini qoruyur. İran bu təsir imkanını geosiyasi müstəviyə daşıyır.

ABŞ-ın təzyiqlərinə baxmayaraq, İraq rəsmiləri “Bu mərasimlərə ev sahibliyi etmək tarixi şərəfdir” mövqeyini nümayiş etdiriblər. İraq mərasimlərdə prezident və parlament sədri səviyyəsində təmsil olunur. Cavab zərbələrindən ciddi təsirlənən İraq Kürdüstan Regional İdarəsi də yüksək səviyyədə iştirak edib.

İsrailin rəhbər şəxslərlə yanaşı danışıqlar heyətində yer alan nümayəndələrə qarşı da sui-qəsd siyasəti yürütməsi səbəbindən mərasimlər zamanı təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Bundan bir qədər əvvəl New York TimesWashington Post qəzetləri ABŞ-la danışıqlar davam edərkən İsrailin yeni sui-qəsdlər planlaşdırdığı barədə məlumatlar yayımlamışdı. İsrail dialoq prosesində iştirak edən Əli Laricani və Kəmal Xərrazini öldürdükdən sonra baş danışıqçı Məhəmməd Baqir Qalibafı da əsas hədəfə çevirib. ABŞ-ın İrana verdiyi təminatlara baxmayaraq, İran nümayəndə heyətini daşıyan təyyarə Pakistandan qayıdarkən marşrutunu təcili dəyişərək Məşhədə enmişdi. Buna səbəb İsrail hərbi təyyarələrinin İran hava məkanına daxil olması idi. ABŞ vasitəçilər üzərindən də İsrailin mümkün sui-qəsd planları barədə İranı xəbərdar etmək məcburiyyətində qalmışdı. Amerika kəşfiyyat qurumlarının hesabatlarına görə, İsrail Tramp administrasiyasını danışıqları dayandıraraq yenidən müharibəyə başlamağa inandırmağa çalışırdı. Plan çərçivəsində Qalibafa qarşı sui-qəsd təşkil etmək, neft obyektlərini bombalamaq və bununla da müharibəni yenidən alovlandıraraq rejim dəyişikliyinə gətirib çıxaracaq dağıntı və sabitsizlik yaratmaq nəzərdə tutulurdu.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş