İran: Qətərdə Yalnız ABŞ Bazalarını Vurmuşuq — Doha Sənədi Bunu Təsdiqləyir

3 Dəq Oxuma Müddəti

Bəqayi Qətərdəki zərbələrin hədəfini açıqladı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin Qətərə endirdiyi zərbələrlə bağlı açıqlama verib.

Bəqayi bildirib ki, İranın müdafiə xarakterli zərbələri Qətərdə yalnız hərbi hədəflərə yönəlib və heç bir mülki ərazi hədəfə alınmayıb.

İran rəsmisinin sözlərinə görə, Qətərin təqdim etdiyi sənəddə də bu məqam öz əksini tapıb.

“Hədəfdə yalnız ABŞ bazaları olub”

Bəqayi sosial şəbəkədə yaydığı açıqlamada Qətərin Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata alınmış sənədinə istinad edib.

Onun sözlərinə görə, həmin sənəd İranın zərbələrinin yalnız ABŞ hərbi bazalarını hədəfə aldığını təsdiqləyir.

Bəqayi İranın Qətərdə mülki ərazilərə zərbə endirmədiyini vurğulayaraq hərbi əməliyyatların ABŞ-nin bölgədəki hərbi mövcudluğuna qarşı yönəldiyini bildirib.

Qaz obyektinə zərbə məsələsinə münasibət

İran XİN sözçüsü Qətərin irəli sürdüyü bir istisnaya da toxunub.

Bəqayinin sözlərinə görə, Doha tərəfinin bildirdiyi yeganə istisna 18 mart 2026-cı ildə qaz obyektinin hədəfə alınması ilə bağlıdır.

İran rəsmisi həmin obyektin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına xidmət etdiyini bildirib.

Tehran zərbələri ABŞ hücumlarına cavab adlandırır

İran tərəfi bildirir ki, ABŞ-nin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran bölgədəki ABŞ hərbi bazaları və mərkəzlərinə cavab zərbələri endirir.

Tehranın mövqeyinə görə, İranın həyata keçirdiyi əməliyyatların hədəfində mülki ərazilər deyil, ABŞ-nin bölgədə yerləşən hərbi obyektləri dayanır.

İran rəsmiləri bu zərbələri ABŞ-nin ölkəyə qarşı hücumlarına cavab kimi təqdim edirlər.

Sirikdə toy mərasiminə zərbə

Məlumata görə, ABŞ-nin İrana qarşı son hücumları zamanı ölkənin cənubundakı Hörmüzqan vilayətinin Sirik bölgəsində keçirilən toy mərasimi də zərbəyə məruz qalıb.

Hadisə nəticəsində 4 nəfərin şəhid lduğu, 68 nəfərin isə yaralandığı bildirilib.

İran ABŞ-nin ölkəyə qarşı hücumlarında mülki şəxslərin həyatını itirdiyini və mülki infrastruktura zərbələr endirildiyini bildirir.

İran bölgə ölkələrinə xəbərdarlığını təkrarlayır

Tehran daha əvvəl də ABŞ-yə öz ərazisi və hava məkanından İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməyə imkan verən ölkələrə xəbərdarlıq edib.

İran tərəfi belə hallarda hücumun başladığı mənbəyə cavab veriləcəyini bəyan edib.

Bəqayinin son açıqlamasına görə, Qətərə endirilən İran zərbələrinin əsas hədəfi də məhz ölkədə yerləşən ABŞ hərbi bazaları olub.

İran XİN sözçüsü Qətərin Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata alınmış sənədini Tehranın mövqeyini təsdiqləyən əsas kimi göstərib və mülki ərazilərin hədəfə alınmadığını vurğulayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş