ABŞ hücumları enerji və su obyektlərini hədəfə alıb
İranın Hörmüzqan əyalətinin Şurası ABŞ raketlərinin Cask limanının bir hissəsində yerləşən elektrik təsərrüfatı və su nasos stansiyalarını vurduğunu açıqlayıb. Məlumata görə, hücum nəticəsində həmin ərazidə su təchizatı dayanıb.
Şura son saatlarda ABŞ hücumlarının daha üç körpünü də hədəfə aldığını bildirib. Zərər görən obyektlərdən birinin Minab şəhəri yaxınlığında yerləşdiyi qeyd olunub.
Körpülər və tunel də zərər görüb
Məlumata əsasən, Bəndər-Abbas–Sircan avtomobil yolunda yerləşən Şur çayı üzərindəki körpü də ABŞ-ın növbəti hücumuna məruz qalıb.
Bununla yanaşı, Bəndər-Abbas şəhərində yerləşən Şəhid Mirzayi tuneli hücumlar səbəbindən hər iki istiqamətdə bağlanıb.
Cənubi İranda gərginlik davam edir
Məlumata görə, ABŞ-ın son hücumları əsasən İranın cənub bölgələrini hədəf alıb. Bunun ardınca İranın Körfəz ölkələrində, eləcə də Suriya və İordaniyadakı ABŞ bazalarına qarşı əməliyyatlar həyata keçirdiyi bildirilib.
Hörmüz boğazı yenidən bağlanıb
ABŞ hücumlarına cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının tam bağlandığını açıqlayıb. Bildirilib ki, daha əvvəl boğaz İslamabad Memorandumu çərçivəsində müəyyən marşrutlar üzrə açılmışdı.
Eyni zamanda, Vaşinqtonun memorandumu pozaraq İran limanlarına qarşı dəniz blokadasını yenidən tətbiq etdiyi qeyd olunub.
Bəhreyndə ABŞ obyektlərinin hədəfə alındığı bildirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu cümə gecəsi Bəhreyndə ABŞ-a məxsus pilotsuz dəniz vasitələrinin ehtiyat hissələri anbarını vurduğunu açıqlayıb. Bildirilib ki, hücum nəticəsində anbarda güclü yanğın baş verib.
Korpusun digər açıqlamasında isə Bəhreyndə yerləşən və hədəflərin müəyyən edilməsində istifadə olunduğu bildirilən əsas süni intellekt mərkəzinin məhv edildiyi qeyd olunub.

