Ətvan: Tramp Özünü Xilas Etmək Üçün Pezeşkianla Görüşməyə Möhtacdır

6 Dəq Oxuma Müddəti

Ərəb dünyasının tanınmış analitiki Donald Trampın Birləşmiş Millətlər Təşkilatının Zirvəsi çərçivəsində Məsud Pezeşkiyanla görüşmək cəhdlərinə toxunaraq iddia edib ki, ABŞ prezidentinin bu görüşə İrandan daha çox ehtiyacı var. Onun sözlərinə görə, Tramp bu yolla müharibəyə son qoymağa, özünü və Respublikaçılar Partiyasını müharibənin nəticələrindən xilas etməyə çalışır.

Ərəb dünyasının tanınmış analitiki Əbdülbari Ətvan YouTube-dakı “Bəsirət” kanalına açıqlamasında bunları deyib: “Əsas sual Trampın təhdidlərini həyata keçirib İrana qarşı genişmiqyaslı hücuma başlayıb-başlamayacağı deyil. Əsas sual ABŞ Prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının Zirvəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkiyanla görüşüb-görüşməyəcəyidir. İndiyədək İran tərəfi Trampın Pezeşkiyanla görüşmək istəyinə müsbət yanaşmayıb”.

“İctimaiyyətdə Pezeşkiyanın davamlı sülhə və təhlükəsizliyə gətirib çıxaracaq istənilən görüş təklifini müsbət qarşılayacağı danışılsa da, İran rəsmi səviyyədə bu mövzuda hər hansı mövqe bildirməyib. İctimaiyyətdə səslənən fikirlər İranın öz prezidentinə ABŞ prezidenti ilə görüşmək üçün yaşıl işıq yandırdığı mənasına gəlmir. Ola bilsin, iranlılar prezidentlərinə ABŞ prezidenti ilə görüşməyə heç vaxt icazə verməyəcəklər”.

Ətvan sözlərinə belə davam edib: “İran hazırda gözləmə mövqeyindədir, lakin bununla yanaşı, özünü istənilən inkişafa və hadisəyə hazırlayıb. Tramp İranın qarşısında üç seçim olduğunu söylədi. Birinci seçim İranın tamamilə dağıdılması, ikinci seçim İranın iqtisadi çöküşə məhkum edilməsi, üçüncü seçim isə razılaşmaya gəlinməsidir”.

“Trampın təzyiqlərini davam etdirəcəyi və təhdidləri ilə iranlıları Pezeşkiyanla görüşməsinə razı salmağa çalışdığı aydındır. Amma məncə, iranlılar bu görüşə heç bir əhəmiyyət vermirlər. Çünki ABŞ-də aralıq seçkilərinə cəmi təxminən 40 gün qalıb və bu seçkilərdə Trampın və Respublikaçılar Partiyasının taleyi müəyyənləşəcək. Ola bilsin, bu seçkilərdə Tramp tarixin zibilliyinə gedəcək”.

“Tramp Pezeşkiyanla görüşməyə can atır. ‘İran Prezidenti ilə görüşdük və müharibəni bitirmək üçün razılığa gəldik’ demək istəyir. Müharibəyə son qoymaqla özünün və partiyasının azalan populyarlığını xilas etmək üçün bəhanə axtarır. Bütün təhdidlər və təzyiqlər də bu məqsədə çatmaq üçündür. Təxminən yeddi aydır İranı təhdid edir və son anda təhdidlərindən geri çəkilməyə məcbur olur. Çünki özünün və ABŞ-nin bu müharibədə məğlub olduğunu bilir. ABŞ siyasi, psixoloji və hərbi baxımdan məğlubiyyətə uğrayıb. Bu, əsas məsələdir”.

Ərəb dünyasının tanınmış analitiki əlavə edib: “Ümid edirəm ki, İran rəhbərləri Tramp–Pezeşkiyan görüşü məsələsini və ABŞ-nin qurduğu tələləri diqqətlə araşdıracaqlar. Trampın Pezeşkiyanla görüşməsi Trampın xeyrinədir. Bəlkə də bu görüş Tramp üçün özünü Yaxın Şərqdəki və ABŞ daxilindəki məğlubiyyətlərdən xilas edəcək bir çıxış yolu olacaq”.

“Ümid edirik ki, iranlılar bu məsələni soyuqqanlılıqla, diqqətlə araşdıracaqlar. Tramp bu görüşlə düşdüyü çətin vəziyyətdən çıxmaq istəyir. ABŞ daxilində də Amerikanın İran müharibəsində məğlub olduğu etiraf edilir. ABŞ hegemonluğu yox olub və bu ölkə artıq dünyadakı əvvəlki nüfuzuna və mövqeyinə sahib deyil. ABŞ böyük maddi itkilərə məruz qalıb”.

“İndiyədək 40 milyard dollardan çox zərərə uğrayıblar və 46 döyüş təyyarələri iranlılar tərəfindən vurulub. Amerikalılar hərbi qulluqçular və mülki şəxslər arasında ölənlərin sayı barədə də düzgün məlumat vermir, bu cür xəbərləri senzura edirlər”.

“Rai al-Youm” rəqəmsal qəzetinin baş redaktoru bunları söyləyib: “Təhlükəli məqam odur ki, Tramp razılaşmalar imzalayır, lakin onlara əməl etmir və heç bir hörmət göstərmir. İran Prezidenti ilə görüşsə belə, onunla görüşdüyünü və müharibəni bitirmək üçün razılaşdığını söyləyəcək. Ancaq məqsədi aralıq seçkilərinə hazırlaşmaq üçün bu müharibədən çıxmaqdır”.

“Lakin iranlılar ağıllıdır, rəhbərləri isə çox zəkalıdır. Qələbəyə çatmaq üçün hər mərhələdə bütün hesablamaları nəzərə alırlar. İndiyədək İran Hörmüz boğazında üstünlüyü əlində saxlayır və bu, əsas məsələdir”.

“Tramp Fars körfəzi sahilində yerləşən ərəb ölkələrinin rəhbərləri ilə də görüşmək istəyir. Ümid edirəm ki, ərəb ölkələri İrana qarşı müharibəyə girməzlər. Bu ölkələr İranı hədəf alsalar, İran onların hamısını hədəf alacaq. İran indiyədək yalnız Fars körfəzi ölkələrində və İordaniyada yerləşən ABŞ bazalarını hədəf alıb. Lakin ərəb ölkələri İrana qarşı müharibəyə girsələr, bu, İrana həmin ölkələrin neft, mülki və hərbi infrastrukturunu hədəf almaq üçün bəhanə verəcək”.

Ətvan sözlərinə belə davam edib: “İran həqiqətən də tam hazırlıq vəziyyətindədir. İnqilab Keşikçilərinin sözçüsü briqada generalı Hüseyn Mühibbi ABŞ-nin istənilən hücumuna qarşı çıxmaq üçün tam hazırlıq vəziyyətində olduqlarını söylədi. Gələcək müharibənin coğrafiyası fərqli olacaq, həmin müharibədə müasir və qorxunc silahlardan istifadə edəcəyik və verəcəyimiz cavabla dünyanı dəhşətə gətirəcəyik”.

“Bu müharibənin təcrübəsi göstərdi ki, iranlılar sözlərinin və vədlərinin arxasında dayanırlar. Artıq uyğun vaxtı və yeri gözləmirlər; istənilən hücuma ən çox iki saat ərzində güclü cavab verəcəklər. İranlılar tam hazırlıq vəziyyətindədir. Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də ABŞ gəmilərini və təyyarədaşıyanlarını hədəf alacaqlarını söylədi. Briqada generalı Hüseyn Mühibbinin sözünü etdiyi müharibə coğrafiyasındakı böyük dəyişiklik də məhz budur”.

Ətvanın qiymətləndirməsinə görə, “hər halda, Pezeşkiyanın Trampla görüşüb-görüşməyəcəyi sualı qarşıdakı günlərin taleyini müəyyən edəcək. İran Prezidenti Trampla görüş təklifini qəbul etməsə, müharibə ehtimalı yüksək olacaq. Tramp bu görüşə can atır. Müharibənin davam etməsini istəmir. Çünki müharibə davam etsə, Amerika gəmilərinin və təyyarədaşıyanlarının məhv ediləcəyini, amerikalı əsgərlərin öləcəyini bilir. Öldürülənlərin tabutları Amerika şəhərlərinə çatanda ABŞ-nin İraq, Əfqanıstan və Vyetnamdakı məğlubiyyətləri İranda da təkrarlanacaq. Bu isə Respublikaçılar Partiyasının və Trampın çöküşü demək olacaq”.

Ərəb dünyasının tanınmış analitiki sözlərini belə tamamlayıb: “ABŞ-nin Yaxın Şərqdəki dövrü başa çatıb və keçmişdən həqiqətən çox fərqli olan yeni bir dövr başlayıb. Yeni dövr ABŞ-nin və İsrail rejiminin maraqlarının əksinə formalaşacaq”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş