Ənsarullah liderindən sərt xəbərdarlıq
Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib ki, onlar Somalilandda baş verən prosesləri və İsrailin Ədən körfəzi ilə Babulməndəb boğazında təsirini genişləndirməyə yönəlmiş fəaliyyətini yaxından izləyirlər.
Onun sözlərinə görə, Yəmən İsrailin bölgədə möhkəmlənməsinə biganə qalmayacaq və vəziyyəti daim nəzarətdə saxlayacaq.
İsrailin mümkün mövqeləri ilə bağlı bəyanat
Əl-Husi vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri İsrailin Somaliland ərazisində hər hansı hərbi və ya təhlükəsizlik xarakterli mövqeləşməsinə qarşı istənilən vaxt əməliyyat həyata keçirməyə hazırdır.
O, Qırmızı dənizə çıxışı olan dövlətləri İsrailin bölgədəki fəaliyyətinə qarşı ortaq mövqe nümayiş etdirməyə çağırıb.
Somaliyə dəstək çağırışı
Ənsarullah lideri Somaliyə dəstəyin vacibliyini qeyd edərək, İsrailin bölgədəki fəaliyyətini ölkənin suverenliyinin pozulması və regional təhlükəsizlik üçün risk kimi qiymətləndirib.
Fələstin məsələsinə dəstək vurğulandı
Məhərrəm ayı münasibətilə çıxış edən Əbdülməlik əl-Husi Yəmən xalqının Fələstin məsələsinə sadiq qaldığını bildirib.
O qeyd edib ki, müttəfiqlərlə koordinasiya davam edir və bölgədə yeni hərbi gərginlik yaranacağı təqdirdə üzərlərinə düşən vəzifəni yerinə yetirməkdən çəkinməyəcəklər.
Bununla yanaşı, o, Yəmənin ABŞ və Səudiyyə Ərəbistanının dəstəklədiyini iddia etdiyi hücumlar, blokada və xarici müdaxilələrlə barışmayacağını, ölkənin azadlığı və müstəqilliyi naminə fəaliyyətini davam etdirəcəyini bildirib.
İranı təbrik etdi
Əl-Husi çıxışında İranı da təbrik edərək, ölkənin əldə etdiyi nəticəni “mühüm qələbə” kimi qiymətləndirib və bunu bölgədəki müttəfiqlər üçün əhəmiyyətli hadisə adlandırıb.
Somaliland ətrafında mübahisələr artır
Son aylarda İsrail ilə Somaliland arasında münasibətlərin genişlənməsi regionda müzakirələri gücləndirib.
2025-ci ilin dekabrında İsrail Somalilandı müstəqil dövlət kimi tanıyan ilk tərəf olmuşdu. Somali hökuməti isə bu addımı ölkənin suverenliyinə zidd qərar kimi qiymətləndirərək rədd etmişdi.
Bundan əlavə, Somaliland rəhbərliyi ötən günlərdə gələcəkdə İsrail hərbi bazasının yaradılması ehtimalını istisna etmədiyini açıqlamışdı.

