Netanyahu: ABŞ F-35 Satışında İsrailin Hərbi Üstünlüyünə Zəmanət Verdi

3 Dəq Oxuma Müddəti

Netanyahu: Fələstin dövləti qurulsa belə, normallaşma şərt olmayacaq

İsrail hökumət başçısı qatil Benyamin Netanyahu bu gün verdiyi açıqlamada Səudiyyə Ərəbistanı ilə mümkün normallaşma prosesinə nikbin yanaşdığını, lakin bunun Fələstin dövlətinin qurulması şərtilə baş tutmayacağını bildirdi. İsrail mediasına verdiyi müsahibədə o, “Fələstin dövləti olmayacaq, hətta bu, Səudiyyə ilə razılaşmanın qarşısını alsa belə,” deyərək mövqeyini bir daha sərtləşdirib.

O eyni zamanda “daxildə deyilən hər şey xaricdə deyilənlə eyni olmur” ifadəsi ilə Səudiyyə ilə gizli diplomatik kanalların aktiv olduğunu işarə edib və “normallaşma fürsətinə inandığını” vurğulayıb.

Vaşinqtondan F-35 zəmanəti: İsrailin hərbi üstünlüyü qorunacaq

Müsahibənin diqqət çəkən digər məqamı ABŞ-ın Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışı ilə bağlı idi. Netanyahu ABŞ dövlət katibi Marko Rubionun ona İsrailin bölgədəki “keyfiyyət üstünlüyünün” qorunacağına dair təminat verdiyini açıqlayıb.

Netanyahu Türkiyəyə F-35 satışına isə şiddətlə qarşı olduqlarını bildirərək, “ABŞ-ın Türkiyəyə belə bir satış etməsi ehtimalı çox zəifdir” dedi.

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman bir neçə gün əvvəl Ağ Evdə keçirilən görüşdə Səudiyyənin “İbrahim Sazişlərinə” qoşulmaq istəyi və iki dövlətli həllə dair mövqeyi müzakirə etmişdilər. Tramp da Səudiyyəyə F-35 satışını dəstəklədiyini bəyan etmişdi.

Netanyahu: Müharibənin ən şiddətli mərhələsi geridə qaldı

Qəzza zolağında davam edən müharibədən bəhs edən Netanyahu, “müharibənin ən sərt mərhələsinin bitdiyini” iddia edərək, istənilən anda istənilən bölgədə əməliyyatları bərpa edə biləcəklərini söylədi. O, Qəzza şəhərinə daxil olmaq qərarının “əsirlərin azad edilməsinə gətirdiyini” də irəli sürdü.

Rəfah keçidinə toxunan Netanyahu, əsirlərin cəsədlərinin çıxarılması mərhələsi tamamlandıqdan sonra keçidin yenidən çıxışlar üçün açılacağını iddia edib və Misirdən “Qəzza sakinlərinin keçidə buraxılmasına icazə verməsini” tələb edib.

“Suriya ilə razılaşma daha məqbuldur”

Netanyahu Suriya ilə mümkün təhlükəsizlik razılaşmalarına da toxunaraq, “daha münasib yol razılaşmadır, amma sərhədlərimizin və müttəfiqlərimizin təhlükəsizliyi hər bir halda qorunacaq,” deyib. İsrail mediasının məlumatına görə, son aylarda Dəməşqdəki keçid hakimiyyəti ilə təhlükəsizlik üzrə bir sıra gizli görüşlər keçirilib.

İsrail ordusunda yeni hədəf: 17 min “haredi” çağırışı

Ölkədəki daxili böhranı dəyərləndirən Netanyahu, ordu sıralarına 3 il ərzində 17 min ultraortodoks (“haredi”) gəncin cəlb edilməsi hədəfi qoyduğunu açıqlayıb. O həmçinin İsrailin uzunmüddətli perspektivdə xarici asılılığı azaltmaq məqsədilə “onilliklik müdafiə strategiyası” hazırladığını deyib.

Nyu-York səfəri: “Məni heç kim dayandıra bilməz”

Sonda Netanyahu ABŞ-ın Nyu-York şəhərinə səfər edəcəyini, şəhərin yeni meri Zəhran Məmdaninin onu beynəlxalq həbs orderinə əsasən saxlatdıracağı barədə açıqlamalarının isə heç bir təsiri olmayacağını bildirib.

Məmdani bir neçə gün əvvəl ABC kanalına verdiyi müsahibədə, Netanyahu BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka gəlsə, beynəlxalq orderin icrası üçün əlindən gələni edəcəyini demişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş