Dağıdıcı sel Rasuva bölgəsini vurdu
Nepalın Çin sərhədinə yaxın Rasuva və ətraf ərazilərində baş verən güclü sel nəticəsində həyatını itirənlərin sayı 95 nəfərə çatıb. Təbii fəlakət nəticəsində yaşayış məntəqələrinə və müxtəlif tikililərə ciddi ziyan dəyib.
Yerli məlumatlara əsasən, sel səhər saatlarında ölkənin dağlıq ərazilərindən biri olan Rasuva və ona yaxın bölgələrdə başlayıb.
Bhote Koşi çayının ətrafındakı yaşayış məntəqələri sel sularından ciddi zərər görüb. Təhlükəsizlik qüvvələri və xilasedicilər ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Polisin açıqlamasına görə, fəlakət nəticəsində ölənlərin sayı artıq 95 nəfərə yüksəlib.
384 nəfərin taleyi naməlumdur
Fəlakətin miqyasını artıran əsas məqamlardan biri yüzlərlə insanla əlaqənin kəsilməsidir. Rəsmilər ümumilikdə 384 nəfərdən xəbər alınmadığını bildiriblər.
İtkinlər arasında xarici turistlər də var
İtkin düşənlərdən 93-nün Nepal vətəndaşı olduğu bildirilir. Siyahıda Hindistan, ABŞ, Böyük Britaniya və Malayziyadan olan turistlər də var.
Nepal mətbuatının məlumatına görə, xəbər alınmayan şəxslərin bir hissəsi Rasuva ilə həmsərhəd olan Çinin Tibet Muxtar Bölgəsindəki Kaylaş-Mansarovar ərazisinə dini ziyarət məqsədilə səfər edənlərdir.
Eyni zamanda Nepal Polisi və Silahlı Polis Qüvvələrinin 32 əməkdaşı ilə də əlaqə yaratmaq mümkün olmayıb.
Yeni tikintisi başa çatdırılan su elektrik stansiyası layihəsində çalışan 60 nəfərin də taleyi naməlum olaraq qalır. Bundan başqa, Timure bölgəsindəki gömrük idarəsinin 15 əməkdaşından xəbər alınmadığı açıqlanıb.
Pis hava xilasetmə əməliyyatlarını çətinləşdirir
Nepal ordusuna və özəl şirkətlərə məxsus helikopterlər təbii fəlakətin baş verdiyi ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Lakin əlverişsiz hava şəraiti əməliyyatların sürətinə ciddi təsir göstərir. Bəzi helikopterlər hava şəraitinin pisləşməsi səbəbindən geri qayıtmağa məcbur olub.
Əraziyə əlavə helikopterlərin göndərilməsində də çətinliklər yarandığı bildirilir. Dağlıq relyef və hava şəraiti qurudan aparılan əməliyyatları da mürəkkəbləşdirir.
Çin rəhbərliyindən təcili göstəriş
Selin təsiri Çinin Tibet Muxtar Bölgəsindəki Gyirong sərhəd-keçid məntəqəsinin yaxınlığına qədər çatıb.
Çin Sədri Si Cinpin hadisədən sonra axtarış-xilasetmə işlərinin başladılması, təhlükəli ərazilərdə yaşayan insanların təxliyə edilməsi və yaralılara təcili tibbi yardım göstərilməsi barədə göstəriş verib.
Çinin Baş naziri Li Çian da seldən zərər çəkən və itkin düşən şəxslərin sayının mümkün qədər tez müəyyənləşdirilməsini, həmçinin Nepal tərəfi ilə əməkdaşlıq və əlaqələndirmənin gücləndirilməsini tapşırıb.
Buzlaq gölünün daşması ehtimalı araşdırılır
Nepal rəsmiləri dağıdıcı selin dəqiq səbəbini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.
İlkin ehtimallardan biri yaxınlıqdakı buzlaq gölünün daşmasıdır. Dağlıq ərazilərdə buzlaq göllərində suyun səviyyəsinin kəskin yüksəlməsi qısa müddət ərzində böyük həcmdə su kütləsinin aşağı ərazilərə axmasına və dağıdıcı sellərin yaranmasına səbəb ola bilər.
Hazırda əsas diqqət itkin düşən yüzlərlə insanın tapılmasına yönəlib. Ölənlərin sayının artması ehtimalı fonunda axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.
