Quterreş: İran Müharibəsi Supergüclərin Acizliyini Göstərdi

6 Dəq Oxuma Müddəti

“Supergüclər güclərinin sərhədini anlamalıdır”

BMT Baş katibi Antonio Quterreş təşkilata rəhbərlik etdiyi 10 illik müddətin sonuna yaxın verdiyi müsahibədə dünya nizamında ciddi dəyişikliklərin baş verdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ hegemonluğunun zəifləməsi, yeni güc mərkəzlərinin meydana çıxması və böyük dövlətlərin müharibələrdə qəti nəticə əldə edə bilməməsi dünyanın tədricən çoxqütblü sistemə keçdiyini göstərir.

Quterreş bildirib ki, artıq supergüclərin öz imkanlarının sərhədlərini dərk etməsinin vaxtıdır.

“Son dövrdə baş verənlərə baxdıqda görürük ki, supergüclərin öz iradəsini, gücünü və ya hərbi mövcudluğunu müxtəlif vəziyyətlərdə qəbul etdirmək imkanları ciddi şəkildə məhdudlaşıb”, – deyə BMT Baş katibi vurğulayıb.

İran və Ukrayna nümunəsini göstərdi

Quterreş fikirlərini əsaslandırarkən Ukrayna müharibəsinə və ABŞ ilə İsrailin İrana qarşı apardığı müharibəyə xüsusi diqqət çəkib.

“İran təslim olmadı”

BMT Baş katibi Ukraynadakı uzunmüddətli müharibəni xatırladaraq Rusiya ilə Ukrayna arasında baş verənlərə nəzər salmağın kifayət etdiyini bildirib.

Daha sonra İran məsələsinə toxunan Quterreş ABŞ ilə İran arasındakı qarşıdurmanı da böyük dövlətlərin güc imkanlarının məhdudluğunu göstərən nümunələr sırasında təqdim edib.

Onun sözlərinə görə, ABŞ fevral hücumlarından sonra Tehranın təslim olacağına ümid edirdi. Lakin altı ay keçməsinə baxmayaraq, İran hakimiyyəti müqavimətini davam etdirib və dünya enerji daşımalarının ən mühüm su yollarından biri olan Hörmüz boğazını bağlayıb.

Quterreş vurğulayıb ki, böyük dövlətlər artıq şəraitin dəyişdiyini, müxtəlif ölkələrin beynəlxalq sistemdəki çəkisinin və mövqeyinin əvvəlki dövrlə müqayisədə fərqləndiyini qəbul etməlidirlər.

Dünya çoxqütblü sistemə keçir

BMT Baş katibinin fikrincə, hazırkı proseslər Soyuq müharibədən sonra formalaşmış ABŞ mərkəzli beynəlxalq nizamdan çoxqütblü dünya sisteminə keçidin tərkib hissəsidir.

Quterreş Hindistan və Körfəzin zəngin dövlətləri də daxil olmaqla orta gücə malik ölkələrin beynəlxalq təsirinin artmasını müsbət proses kimi qiymətləndirib.

Bununla belə, o xəbərdarlıq edib ki, çoxqütblü sistemə keçid düzgün idarə olunmasa, dövlətlər arasında rəqabət daha təhlükəli qarşıdurmalara çevrilə bilər.

Birinci Dünya müharibəsi xəbərdarlığı

Quterreş nümunə kimi Birinci Dünya müharibəsindən əvvəlki Avropanı göstərib. Onun fikrincə, həmin dövrdə Avropada da çoxsaylı güc mərkəzləri mövcud idi, lakin münasibətləri tənzimləyə biləcək güclü çoxtərəfli mexanizmlərin olmaması nəticədə böyük müharibəyə aparan amillərdən birinə çevrildi.

Təhlükəsizlik Şurası “iflic vəziyyətindədir”

Quterreş BMT-nin qlobal böhranlarda vasitəçilik imkanlarının onun Baş katib olduğu dövrdə zəiflədiyini də etiraf edib.

Onun sözlərinə görə, Ukrayna, Qəzza və İranla bağlı müharibələrdə BMT-nin vasitəçilik imkanları ciddi maneələrlə üzləşib.

Quterreş bildirib ki, veto hüququna malik ABŞ və Rusiyanın öz strateji məqsədləri istiqamətində hərəkət etməsi Təhlükəsizlik Şurasının bir sıra mühüm məsələlər üzrə qərar qəbul etməsini faktiki olaraq mümkünsüzləşdirib.

Sudandakı vətəndaş müharibəsinə də toxunan Baş katib xarici qüvvələrin Təhlükəsizlik Şurasındakı çıxılmaz vəziyyətdən istifadə etdiyini bildirib.

“Artıq cəzasızlıq hissi geniş yayılıb”, – deyə Quterreş vəziyyəti təsvir edib.

Təhlükəsizlik Şurasında islahat çağırışı

BMT Baş katibi Təhlükəsizlik Şurasının hazırkı strukturunun müasir dünyanın real güc bölgüsünü əks etdirmədiyini düşünür.

Onun fikrincə, veto hüququna malik beş daimi üzvdən üçünün Avropa ölkəsi olması artıq davamlı model hesab edilə bilməz.

Quterreş Təhlükəsizlik Şurasının strukturunun dünyadakı yeni siyasi və iqtisadi güc balansına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

İslahatların həyata keçirilməsinin son dərəcə çətin olduğu barədə suala isə o, “Güc heç vaxt könüllü şəkildə ötürülmür, onu əldə etmək lazımdır”, – cavabını verib.

Quterreş Trampın planına qarşı çıxdı

BMT Baş katibi ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi “Sülh Şurası” təşəbbüsünün BMT Təhlükəsizlik Şurasına alternativ və ya rəqib mexanizm kimi təqdim edilməsini qəbul etmədiyini bildirib.

O, Qəzzadakı vəziyyətə diqqət çəkərək BMT-nin deyil, görülən işlərin nəticələrinə görə başqa tərəflərin narahat olmalı olduğunu vurğulayıb.

Quterreş İsrailin BMT-nin ona qarşı qərəzli mövqe tutması ilə bağlı ittihamlarını da rədd edib. Baş katib bildirib ki, təşkilat iki xalqın sülh şəraitində yanaşı yaşamasını təmin edəcək yanaşmanı müdafiə edir.

BMT maliyyə böhranı ilə üz-üzədir

Quterreş ABŞ və Tramp administrasiyası ilə münasibətlərdə yaşanan fikir ayrılıqlarına da toxunub. Onun sözlərinə görə, Vaşinqton BMT-nin fəaliyyətindən və çoxtərəfli yanaşmasından narazılığını dəfələrlə nümayiş etdirib.

ABŞ administrasiyasının Ümumdünya Səhiyyə Təşkilatına və BMT-nin bir sıra digər qurumlarına dəstəyi dayandırması, müxtəlif proqramların maliyyələşdirilməsini azaltması təşkilatın büdcəsinə ciddi təsir göstərib.

BMT-nin məlumatına əsasən, ABŞ-ın təşkilatın ümumi büdcəsinə vaxtı keçmiş 2 milyard dollardan çox, sülhməramlı əməliyyatlara isə təxminən 3 milyard dollar borcu var. Vaşinqtonun BMT büdcəsi üçün 725 milyon dollar ayırmağı planlaşdırdığı da bildirilir.

Quterreş maliyyə təzyiqlərinin büdcənin ciddi şəkildə azalmasına və minlərlə iş yerinin ixtisarına səbəb olduğunu deyib. 2026-cı il büdcəsində BMT əməkdaşlarının sayının 22 faiz azaldıldığı bildirilib.

“Baş katibin gücü yoxdur, amma səsi var”

Quterreş sonda BMT Baş katibinin real siyasi imkanlarının məhdud olduğunu açıq şəkildə ifadə edib.

“Baş katibin gücü yoxdur. Baş katibin səsi və ölkələri bir araya gətirmək imkanı var. Güc isə tamam başqa məsələdir və bizdə yoxdur. Amma bu səs susmayacaq”, – deyə Antonio Quterreş bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş