Keçmiş əməkdaş Sara Netanyahunu məhkəməyə verdi
İsrail hökumətinin başçısı Benyamin Netanyahunun iqamətgahında çalışmış keçmiş əməkdaş Rami Ben Hamo Sara Netanyahuya qarşı məhkəmə iddiası qaldırıb.
Keçmiş əməkdaş iddiasında Sara Netanyahunun ona qarşı təhqiramiz və irqçi ifadələr işlətdiyini, onu alçaldıcı tapşırıqları yerinə yetirməyə məcbur etdiyini bildirib.
Məlumata görə, Ben Hamo Sara Netanyahunun ona qarşı mənşəyini hədəf alan ifadələrdən istifadə etdiyini iddia edib. O bildirib ki, Sara Netanyahu onu “inkişaf etməmiş mərakeşli” adlandırıb və bununla yanaşı, başqa təhqiramiz ifadələr də işlədib.
“Ayaqqabılarının altını təmizləməyi əmr edirdi”
Keçmiş əməkdaşın məhkəməyə təqdim etdiyi iddiada daha ağır məqamlar da yer alıb.
Ben Hamonun sözlərinə görə, Sara Netanyahu onu qanunla nəzərdə tutulandan daha uzun müddət işləməyə məcbur edib. O, həmçinin Sara Netanyahunun ayaqqabılarının altını yaş salfetlə təmizləməyi tələb etdiyini bildirib.
İddia ərizəsində qeyd olunur ki, keçmiş əməkdaş verilən göstərişlərə əməl etmədikdə sərt təhqirlər, alçaldıcı münasibət və hücum xarakterli davranışlarla qarşılaşırmış.
Ben Hamo bu ay ərzində İsrail hökuməti başçısının iqamətgahında çalışmış və Sara Netanyahuya qarşı məhkəməyə müraciət etmiş ikinci keçmiş əməkdaşdır.
Sara Netanyahu ilə bağlı ittihamların tarixi 25 ili keçir
Sara Netanyahunun keçmiş işçilərlə rəftarına dair mübahisələr yeni deyil. İsrail mətbuatının məlumatına əsasən, 25 ildən artıq müddətdə onun haqqında işçilərlə pis rəftarla bağlı çoxsaylı şikayətlər və məhkəmə iddiaları ortaya çıxıb.
İddialarda işçilərə qışqırmaq, onları söymək, təhqir etmək və qeyri-adi tələblər irəli sürmək kimi davranışlardan bəhs olunur.
İşçidən döşəmədə sürünərək təmizlik tələb edildiyi də bildirilib
İsrail mətbuatında avqustun 8-də dərc olunan məlumatlarda Sara Netanyahuya qarşı illər ərzində toplanmış onlarla ifadə və məhkəmə işindən bəhs edilib.
Açıqlanan iddialardan ən diqqətçəkəni işçilərdən birinin mətbəxi təmizləmək üçün döşəmədə sürünməyə məcbur edilməsi ilə bağlı olub.
Məlumatlarda Sara Netanyahunun əməkdaşlar üçün qeyri-adi iş şəraiti yaratdığı, onlara qarşı alçaldıcı davranış nümayiş etdirdiyi və ağır tələblər irəli sürdüyü iddia edilir.
Bəzi işlər təzminatla nəticələnib
Sara Netanyahuya qarşı əvvəlki iddiaların hamısı eyni nəticə ilə yekunlaşmayıb. İsrail mətbuatının məlumatına görə, bəzi məhkəmə işlərində keçmiş əməkdaşların xeyrinə qərarlar qəbul olunaraq təzminat ödənilib.
Digər mübahisələrin bir hissəsi tərəflərin razılaşması ilə başa çatıb, bəzi iddialar isə məhkəmə tərəfindən rədd edilib.
Sonuncu məhkəmə müraciəti Sara Netanyahunun işçilərlə davranışı ilə bağlı uzun illərdir davam edən mübahisələri yenidən İsrail ictimaiyyətinin gündəminə gətirib. İndi keçmiş əməkdaşın irəli sürdüyü təhqir, irqçi münasibət, qanunsuz iş saatları və alçaldıcı tapşırıqlarla bağlı iddialara hüquqi qiymətin verilməsi gözlənilir.
