YouTube İsrailin insan haqları pozuntularını əks etdirən məzmunları sildi
ABŞ-da nəşr olunan “The Intercept” nəşrinin məlumatına görə, YouTube son aylarda sionist rejimin Qəzza və İordan çayının qərb sahilində törətdiyi insan haqları pozuntularını və hərbi cinayətləri sənədləşdirən yüzlərlə videonu platformadan silib.
Məqalədə bildirilir ki, bu addım ABŞ hökumətinin İsrailin Fələstinlilərə qarşı törətdiyi hərbi cinayətləri ört-basdır etmə səylərinin bir hissəsidir.
Oktyabr ayından etibarən YouTube yüzlərlə fələstinli istifadəçi və insan haqları təşkilatlarının hesablarını bağlayıb. Silinən videolar arasında Qəzzada İsrailin hücumlarından sağ çıxan qadınların hekayələrini, Fələstinli jurnalist Şirin Əbu Aqilənin öldürülməsində İsrailin rolunu və Qərb sahilində evlərin dağıdılmasını əks etdirən materiallar da olub.
Ümumilikdə platformadan ən azı 700 video silinib.
Fələstinli təşkilatların hesabları bağlanıb
YouTube, Fələstində fəaliyyət göstərən Əl-Haq, Əl Mizan İnsan Haqları Mərkəzi və Fələstin İnsan Haqları Mərkəzi (PCHR) kimi təşkilatların rəsmi hesablarını da bağlayıb.
Bu kanalların arxivlərində İsrail ordusunun Qəzza və Qərb sahilində mülki əhaliyə qarşı törətdiyi hüquq pozuntularını sübut edən saatlarla videomateriallar yer alırdı.
YouTube-un açıqlaması
YouTube sözçüsü Boot Bullwinkle “The Intercept”ə açıqlamasında bildirib ki, şirkət ABŞ-ın mövcud sanksiya və ticarət qanunlarına riayət etmək öhdəliyi daşıyır. Lakin bu izahat “senzura” ittihamlarını aradan qaldırmayıb.
“İfadə azadlığına ciddi zərbə”
İnsan haqları təşkilatları bu addımı ifadə azadlığının boğulması və cinayətkarların cəzasız qalmasına xidmət edən siyasət kimi qiymətləndiriblər.
“Əl-Haq” təşkilatının sözçüsü bildirib ki, hesabın heç bir xəbərdarlıq olmadan bağlanması “ciddi prinsip pozuntusu və insan haqları baxımından təhlükəli presedent”dir:
“ABŞ sanksiyaları fələstinlilərin səsini susdurmaq və hesabatlılıq prosesini dayandırmaq üçün vasitəyə çevrilib.”
PCHR isə bəyan edib ki, YouTube-un bu qərarı “cinayətkarları məsuliyyətdən qoruyur” və beynəlxalq hüquqa ziddir. Təşkilatın hüquq müşaviri Basel əl-Surani vurğulayıb:
“Bizim hesabatlarımız faktlara əsaslanır və Qəzzada 7 oktyabrdan bəri baş verən soyqırımı sənədləşdirir. Lakin YouTube ‘icma qaydalarını pozduğumuz’ bəhanəsi ilə hesabımızı bağladı.”
Beynəlxalq reaksiyalar
“Democracy for the Arab World Now (DAWN)” təşkilatının direktoru Sara Leya Vitson bu hadisəni açıq senzura kimi qiymətləndirib:
“Fələstinli insan haqları təşkilatlarının paylaşdığı məlumatların sanksiyaları pozduğunu iddia etmək əsassızdır. Bu, onların səslərini boğmaq deməkdir.”
Nyu-Yorkdakı Konstitusiya Hüquqları Mərkəzinin vəkili Ketrin Qallaqher isə məsələni “skandal” adlandıraraq deyib:
“YouTube, Tramp administrasiyasının gündəmini dəstəkləyərək, insan haqları pozuntularına dair sübutları ictimaiyyətdən gizlədir.”
Sosial mediada narahatlıq artır
Ekspertlər hesab edirlər ki, bu hadisə böyük texnoloji platformaların siyasi təsirlərdən tam azad olmadığını bir daha göstərir. Onların fikrincə, beynəlxalq insan haqları təşkilatlarının səslərinin boğulması informasiya müharibəsində balansı İsrailin xeyrinə dəyişir.
