Vikipediya qurucusuna kəskin etirazlar
“Vikipediya”nın qurucusu Cimmi Uels Qəzzadakı soyqırımla bağlı platformada yerləşdirilmiş məqaləyə müdaxiləsinə görə həm redaktorlar, həm də istifadəçilər tərəfindən ciddi tənqid olunub.
Uels sözügedən məqalənin “Vikipediyanın yüksək keyfiyyət standartlarına cavab vermədiyini və dərhal diqqət tələb etdiyini” iddia edib. O, yazının “ensiklopediyanın qərəzsizlik prinsiplərinə zidd olduğunu” bildirərək “İsrailin Qəzzada soyqırımı törətməsi” iddiasına şübhə ilə yanaşıb.
“Bizdən elmə xəyanət etməyimizi istəyir”
Vikipediya redaktorlarından biri Uelsi “siyasi təzyiq altında olmaqda” ittiham edərək deyib: “Bizdən elmə xəyanət etməyimizi istəyir”.
Digər redaktor isə Uelsin mövqeyini ironik şəkildə şərh edib:
“Əgər bizdən bu məqaləni dəyişməyimizi istəyirsinizsə, bəs mRNA peyvəndlərinin xərçəngə səbəb olub-olmaması, yaxud Donald Trampın 2020-ci il seçkilərində qalib gəlməsi barədə məqalələri də redaktə etməyimizi istəyirsinizmi?”
“İsrail və Fələstin barədə belə təzyiq görməmişəm”
Uzun illərdir İsrail-Fələstin mövzularında redaktə aparan başqa bir istifadəçi bildirib ki, “Vikipediyanın bölgə ilə bağlı məzmununa indiyədək bu qədər xarici təsir və təzyiq olmamışdı”. Onun sözlərinə görə, bu təzyiqlərin çoxu İsraili dəstəkləyən sosial media istifadəçilərindən və bloqlardan gəlir.
Bəzi istifadəçilər etiraf ediblər ki, Cimmi Uels “Vikipediya” üzərində birbaşa nəzarətə malik deyil və o da digər redaktorlar kimi sadəcə bir istifadəçidir. Bununla belə, onlar hesab edirlər ki, Uels “müəlliflik nüfuzundan” istifadə edərək şəxsi baxışlarını təbliğ etməyə çalışır.
Beynəlxalq təşkilatlar soyqırımı təsdiqləyir
Mövzunu şərh edən “The National” nəşri xatırladıb ki, bir sıra beynəlxalq qurumlar – o cümlədən Beynəlxalq Soyqırımı Araşdırmaları Assosiasiyası, “Amnesty International”, İsrail hüquq təşkilatı “B’Tselem” və BMT-nin İnsan Hüquqları Şurasının keçmiş sədri Navi Pillayın rəhbərlik etdiyi komissiya – “İsrailin Qəzzada soyqırımı törətdiyi” qənaətinə gəlib.
Ekspertlər vurğulayırlar ki, bu nəticələr geniş sübutlara əsaslanır və Qəzzada mülki əhalinin sistemli şəkildə hədəfə alındığını göstərir.
Uelsin müdaxiləsi isə bir çoxlarının fikrincə, “Vikipediyanın qərəzsiz və açıq bilik platforması kimi etibarını zədələyə bilər”.
