BMT: Nüvə sınaqları qəti şəkildə qadağandır
Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edib ki, “nüvə sınaqları heç bir halda icazə verilə bilməz”. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın 33 ildən sonra ilk dəfə nüvə silahı sınaqlarının bərpası barədə verdiyi göstərişin ardından yayımlanıb.
Tramp cümə axşamı günü Müdafiə Nazirliyinə (Pentaqon) dərhal nüvə silahlarının sınaqlarına başlamağı əmr edib. Bu qərar onun Çin Prezidenti Si Cinpinqlə görüşündən bir neçə dəqiqə əvvəl elan olunub.
Trampın gözlənilməz açıqlaması
Tramp bu açıqlamanı “Truth Social” platformasında yayımladığı paylaşımda verib. O yazıb: “Digər dövlətlərin həyata keçirdiyi sınaqlar səbəbilə, Müdafiə Nazirliyinə eyni şəkildə nüvə silahlarımızı sınaqdan keçirməyi əmr etmişəm. Bu proses dərhal başlayacaq”.
Tramp əlavə edib ki, “Rusiya ikinci, Çin isə ondan çox geridə olsa da, 5 il ərzində eyni səviyyəyə çatacaq”.
Rusiya və Çin Vaşinqtona cavab verir
Trampın qərarı Rusiyanın oktyabr ayında yeni nüvə enerjili qanadlı raket sınağından və nüvə təlimlərindən sonra gəlib. 28 oktyabrda Moskva həmçinin yeni pilotsuz nüvə torpedi sınağı da həyata keçirmişdi.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidentinin bəyanatına münasibət bildirərək deyib: “Tramp digər ölkələrin nüvə sınaqları apardığını qeyd edir, lakin bizim məlumatımıza görə, hazırda heç kim belə sınaqlar keçirmir”.
Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib ki, əgər hər hansı ölkə nüvə sınaqları həyata keçirərsə, Moskva da eyni addımı atacaq.
Çin: “ABŞ strateji sabitliyi qorumalıdır”
Çin XİN ABŞ-ı nüvə sınaqlarını dayandırmaq öhdəliyinə sadiq qalmağa və qlobal strateji sabitliyi qorumağa çağırıb. Pekin bildirib ki, Vaşinqtonun belə addımı beynəlxalq təhlükəsizliyə ciddi zərbə vura bilər.
25 ildən çoxdur sükunət dövrü
Qeyd edək ki, son 25 ildən çoxdur heç bir dövlət nüvə partlayışı sınağı keçirməyib. Bu istisnaya yalnız Şimali Koreya daxildir – onun son sınağı 2017-ci ildə baş tutmuşdu.
Rusiya, Sovet İttifaqının dağılmasından sonra heç bir nüvə sınağı keçirməyib. SSRİ-nin son sınağı 1990-cı ildə, ABŞ-ın 1992-ci ildə, Çinin isə 1996-cı ildə həyata keçirilmişdi.
