İran: ABŞ-ın bəyanatları psixoloji müharibənin tərkib hissəsidir
İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid İbn Rza ABŞ rəsmilərinin son açıqlamalarını psixoloji və informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirib.
O, sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Tehran bütün təhdidlərə ciddi yanaşır və onları real təhlükə kimi dəyərləndirir.
“Hazırlığımızı və çəkindirici gücümüzü artırırıq”
General Məcid İbn Rza vurğulayıb ki, İran heç bir təhdid qarşısında hazırlıqsız qalmayacaq.
Onun sözlərinə görə, ölkə hər bir təhlükəni döyüş hazırlığını yüksəltmək, çəkindirici imkanlarını gücləndirmək və hərbi potensialını inkişaf etdirmək üçün əsas kimi qiymətləndirir.
İran yeni pilotsuz uçuş aparatlarını təqdim edəcək
Bundan əvvəl İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəmi Niya ölkənin pilotsuz uçuş aparatlarının mənzilinin işğal altındakı Fələstin ərazilərinə qədər çatdığını açıqlayıb.
O, yaxın günlərdə İranın yeni nəsil pilotsuz uçuş aparatları ilə bağlı rəsmi məlumatların ictimaiyyətə təqdim olunacağını da bildirib.

