ABŞ ordusundan diqqətçəkən xəbərdarlıq
ABŞ-ın Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç Pentaqona İsraili müdafiə etmək üçün kifayət qədər hərbi qüvvənin olmadığını bildirib.
ABŞ-ın “The Washington Post” qəzetinin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, general əlavə edib ki, daha bir hərbi esmines ayrılmayacağı təqdirdə Vaşinqton ABŞ ərazisinin müdafiəsi ilə İsrailin müdafiəsi arasında seçim etmək məcburiyyətində qala bilər.
Müharibə ABŞ ordusunun resurslarını tükəndirir
İsrailin “Maariv” qəzeti bu açıqlamanı ABŞ ordusunun İranla davam edən qarşıdurma səbəbindən ciddi resurs çatışmazlığı yaşamasının göstəricisi kimi qiymətləndirib.
Nəşrin yazdığına görə, məhdud hərbi imkanlar fonunda ABŞ Silahlı Qüvvələrinin rəhbərliyi artan qlobal təhlükələrə qarşı mövcud qüvvələri bölüşdürməkdə ciddi strateji problemlərlə üzləşir.
Vaşinqtonda narahatlıq artır
Məlumata görə, ABŞ administrasiyası müharibənin uzanmasının daxili siyasi nəticələrindən də narahatdır.
Bildirilir ki, İrana qarşı hərbi əməliyyatlara ictimai dəstək zəifləyir, Konqresdə administrasiyanın fəaliyyəti ilə bağlı narazılıqlar artır. Eyni zamanda, müharibənin yanacaq və ərzaq qiymətlərinə təsiri fonunda qarşıdan gələn aralıq seçkilər öncəsi siyasi risklərin yüksəldiyi qeyd olunur.
İranın cavab zərbələri davam edir
ABŞ-ın İrana qarşı hücumları davam etdiyi müddətdə Tehran bölgədəki ABŞ hərbi bazaları və strateji obyektlərini hədəfə almaqda davam edir. İran eyni zamanda Hörmüz boğazında Vaşinqtonun təşviq etdiyi qanunsuz marşrutlardan istifadə cəhdlərinə qarşı tədbirlər gördüyünü bildirir.
İran bölgə ölkələrinə də xəbərdarlıq edib
İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı general Əli Abdullahi bildirib ki, ABŞ bölgə ölkələrinin infrastrukturundan və strateji imkanlarından öz ordusu üçün müdafiə qalxanı kimi istifadə edir.
O, ABŞ-la əməkdaşlığı davam etdirən ölkələrə xəbərdarlıq edərək, Vaşinqtona hərbi dəstək verən dövlətlərin müharibənin nəticələri ilə üzləşə biləcəyini bildirib.
Bundan başqa, ABŞ rəsmilərindən biri İsrailin 12-ci kanalına açıqlamasında etiraf edib ki, Vaşinqtonun yüksək vəzifəli nümayəndələrinin bir qismi son günlər İranın göstərdiyi hərbi reaksiyanın miqyasından gözlənilmədən təəccüblənib.

