Moskvanın mərkəzində partlayış baş verib
Rusiyanın paytaxtı Moskvada Kudrin meydanında yerləşən kafelərdən birinin yaxınlığında güclü partlayış qeydə alınıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölənlər və yaralananlar var
Rəsmi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, ərazi mühasirəyə alınıb.
Partlayışın səbəbi araşdırılır
Rusiya İstintaq Komitəsi hadisə yerində araşdırmaların davam etdiyini və partlayışın başvermə səbəbinin müəyyənləşdirilməsi üçün istintaqa başlanıldığını açıqlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Kudrin meydanının nəqliyyatın hərəkəti üçün bağlandığı və ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü əks olunub.
Rusiyalı generalın ad günü qeyd olunurdu?
Bəzi Telegram kanallarında yayılan iddialara görə, partlayışın baş verdiyi ərazidə yerləşən restoranlardan birində həmin vaxt rusiyalı generallardan birinin ad günü mərasimi keçirilirdi.
Lakin bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

