İrandan müsəlman ölkələrinə sərt çağırış
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran qonşuluq münasibətləri və İslam ölkələri arasında qardaşlıq prinsipinə sadiq qalır.
O vurğulayıb ki, Məhəmməd Peyğəmbərin (s) risaləsindən danışanlar başqalarına nəsihət verməzdən əvvəl öz hökumətlərinin siyasətini həmin meyarlarla qiymətləndirməlidirlər.
“Bu, İslam prinsiplərinə uyğundurmu?”
Bəqai bəzi müsəlman ölkələrinin ABŞ və İsraillə əməkdaşlığına işarə edərək bir sıra suallar ünvanlayıb.
Onun sözlərinə görə, müsəlman ölkəsinə qarşı hərbi təcavüz həyata keçirən qüvvələrin yanında yer almaq və onlara dəstək vermək Quranda zalımlara yardım etməmə prinsipi ilə uzlaşmır.
İran rəsmisi həmçinin müsəlman dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak edən qüvvələri qəbul etməyin və onlara logistika dəstəyi göstərməyin nə qonşuluq hüququna, nə də İslam qardaşlığı prinsiplərinə uyğun olduğunu bildirib.
Tehran mövqeyini bir daha təkrarladı
Bəqai xatırladıb ki, ABŞ və İsrailin mart ayından etibarən İrana qarşı həyata keçirdiyi hücumlar zamanı regiondakı bəzi ABŞ hərbi bazalarından istifadə olunub.
Onun sözlərinə görə, İran bu hücumlara cavab olaraq həmin bazaları hədəfə alıb. Tehran isə dəfələrlə bəyan edib ki, region xalqları ilə heç bir düşmənçiliyi yoxdur və cavab tədbirləri yalnız hərbi obyektlərə yönəlib.

