Müəllimin əmək hüquqlarının pozulduğu müəyyən edilib
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi Şirvan şəhəri N.Quliyev adına 9 nömrəli tam orta məktəbdə müəllimin əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciəti araşdırıb.
Araşdırma zamanı əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib.
Əməkhaqqı müəllimin razılığı olmadan dəyişdirilib
Yoxlama nəticəsində müəllimin əmək müqaviləsinə əməkhaqqı ilə bağlı edilən dəyişikliklərin onun razılığı və imzası olmadan rəsmiləşdirildiyi məlum olub.
Bunun nəticəsində müəllimə əməkhaqqının qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada hesablanaraq ödənildiyi təsdiqlənib.
Məktəb barədə materiallar məhkəməyə göndərilib
Qurum bildirib ki, pozuntuya hüquqi qiymət verilsə də, hadisənin baş verdiyi tarixdən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün həmin fakt üzrə inzibati tənbeh tətbiq edilməyib.
Bununla yanaşı, işçinin pozulmuş əmək hüquqlarının bərpası məqsədilə işəgötürənə icrası məcburi olan göstəriş verilib.
Məktəb rəhbərliyi göstərişi müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün hüquqi şəxs və məsul vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunması məqsədilə materiallar baxılması üçün məhkəməyə göndərilib.
Qeyd olunub ki, məsələ ilə bağlı yekun hüquqi qərar məhkəmə tərəfindən veriləcək.

