“Nəsr 2” əməliyyatının 23-cü mərhələsi elan edildi
İran İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi dəniz qüvvələrinin “Nəsr 2” əməliyyatının 23-cü mərhələsini həyata keçirdiyini açıqlayıb. Bəyanatda ABŞ qüvvələrinə qarşı üç mərhələdə eyni vaxtda zərbələrin endirildiyi bildirilib.
Açıqlamaya görə, əməliyyat zamanı raket və pilotsuz uçuş aparatlarından istifadə olunub.
Bəhreyndə və Küveytdə hərbi obyektlərin vurulduğu bildirilib
Bəyanatda qeyd edilib ki, əməliyyatın birinci mərhələsində Bəhreynin Əs-Səxir hava limanında yerləşən ABŞ qüvvələrinə məxsus anqarlar hədəfə alınıb və tamamilə məhv edilib.
İkinci mərhələdə isə Bəhreyndəki Salman limanında ABŞ hərbi dəniz qüvvələrinin qayıqlarının hazırlanması və saxlanılması üçün istifadə olunan obyektlərin vurulduğu, nəticədə onlara ciddi ziyan dəydiyi bildirilib.
Üçüncü mərhələdə isə Küveytdə yerləşən Ərifcan hərbi bazasında dəniz komando qüvvələrinin yerləşdirilməsi, təminatı və hazırlığı üçün istifadə edilən obyektlərin hədəfə alındığı və tamamilə məhv edildiyi açıqlanıb.
“Əməliyyatlar davam edəcək”
İnqilab Keşikçiləri ABŞ-ın hücumlarına cavab olaraq “qarşılıqlılıq prinsipi” əsasında raket və PUA əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.
Bəyanatda ABŞ Prezidenti Donald Trampın İranın raket ehtiyatları ilə bağlı səsləndirdiyi fikirlərə də toxunulub. Bildirilib ki, İran raketləri “müharibə illərlə davam etsə belə” hücumlarını davam etdirəcək.
ABŞ-İran gərginliyi artır
İnqilab Keşikçiləri bəyan edib ki, İran region xalqlarına qarşı düşmən münasibəti sərgiləmir və yalnız ABŞ-ın hərbi bazalarını hədəf aldığını bildirir. Tehran bunu ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara cavab kimi qiymətləndirir.
Bu açıqlama ABŞ-ın İranın cənubunda yerləşən bir sıra şəhərlərə növbəti hava zərbələri endirdiyini bildirməsindən sonra verilib. Bölgədə qarşıdurmanın daha da genişlənəcəyi ilə bağlı narahatlıqlar davam edir.

