DSX hərbi qulluqçusu çaya düşən avtomobildə həlak olub
Dövlət Sərhəd Xidməti (DSX) Samux rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Qurumun açıqlamasına görə, iyulun 1-də Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun idarə etdiyi avtomobil sürüşərək çay yatağına düşüb.
Hadisə nəticəsində hərbi qulluqçu suda boğularaq həyatını itirib.
Axtarış-xilasetmə əməliyyatı keçirilib
DSX bildirib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunublar.
Keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində Vüsal Nəzərovun meyiti sudan çıxarılıb.
Son aylarda DSX-də bir neçə ölüm faktı qeydə alınıb
Son aylarda Dövlət Sərhəd Xidmətində baş verən ölüm halları da ictimailəşib.
Məlumata görə, aprelin 13-də DSX Akademiyasının I kurs kursantı Əsəd İsmayıllı, mayın 12-də DSX əsgəri Hüseyn Əsədov, mayın 19-da DSX Xüsusi Məktəbinin XI sinif şagirdi Məzahir İslamov, mayın 25-də isə hərbi qulluqçu Ramin Cəbrayılov vəfat edib.
Beləliklə, son üç ay ərzində DSX ilə bağlı ictimaiyyətə məlum olan ölüm hallarının sayı ən azı beşə çatıb.
XHTİ: 2026-cı ildə 26 hərbi qulluqçu ölüb
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) açıqladığı statistikaya görə, 2026-cı il iyulun 1-dək Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 26 hərbi qulluqçu həyatını itirib.
İnstitutun məlumatına əsasən, ölənlərin:
- 15-i Müdafiə Nazirliyinin,
- 7-si Dövlət Sərhəd Xidmətinin,
- 1-i Daxili Qoşunların,
- 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin,
- 1-i Fövqəladə Hallar Nazirliyinin,
- 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub.
Ölüm səbəbləri açıqlanıb
XHTİ bildirir ki, 2026-cı ildə qeydə alınan ölümlərdən:
- 4-ü xəstəlik,
- 4-ü intihar,
- 6-sı yol-nəqliyyat hadisəsi,
- 6-sı bədbəxt hadisələr nəticəsində baş verib.
Bədbəxt hadisələr arasında iki nəfərin suda boğulması, bir nəfərin dağdan yıxılması, iki nəfərin dəm qazından zəhərlənməsi, bir nəfərin hündürlükdən yıxılması və bir ehtiyatsızlıq faktı yer alıb. Daha beş hərbi qulluqçunun ölüm səbəbi isə açıqlanmayıb.
İnstitutun məlumatına görə, son beş ildə Dövlət Sərhəd Xidmətində ümumilikdə ən azı 61 hərbi qulluqçu həyatını itirib. Qeyd olunur ki, bu statistika rəsmi məlumat deyil, açıq mənbələr və media monitorinqləri əsasında hazırlanıb.

