İran Zərbələrinin Ağır Nəticəsi: Pentaqon 100-ə Yaxın Yaralını Təsdiqlədi

2 Dəq Oxuma Müddəti

Pentaqon yaralıların sayını açıqladı

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell bildirib ki, iyulun 7-dən etibarən İranın hücumları nəticəsində təxminən 100 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, yaralananların 96 faizi müalicədən sonra yenidən xidmətə qayıdıb.

Parnell qeyd edib ki, hərbçilərin əksəriyyətində yüngül beyin silkələnməsi qeydə alınıb və onların döyüş tapşırıqlarını davam etdirmək əzmi qorunub.

ABŞ rəsmiləri yeni məlumatlar açıqlayıb

CBS News-a anonim danışan ABŞ rəsmiləri İranın raket hücumlarına məruz qalan bazalarda çoxsaylı hərbçinin yaralandığını bildiriblər.

Məlumata görə, yaralıların böyük hissəsi tibbi yardım aldıqdan sonra yenidən xidmətə cəlb olunub.

Gizlədilən hücumlar

“The New York Times” qəzeti daha əvvəl Pentaqonun İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi bəzi hücumlar və bu hadisələrdə çoxsaylı hərbçilərin yaralanması barədə məlumatları ilkin mərhələdə ictimaiyyətə açıqlamadığını yazmışdı.

Qəzetin mənbələrinin açıqlamalarına görə, İordaniyada iki ABŞ əsgərinin həlak olduğu hücumdan əvvəl İran həmin ölkədə yerləşən ABŞ hərbi qüvvələrinə daha üç dəfə zərbə endirib. Həmin hücumlar zamanı çoxsaylı hərbçinin yaralandığı və bir neçə helikopterin zədələndiyi bildirilib.

Ölən ABŞ hərbçilərinin sayı artıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İordaniyadakı hərbi bazaya edilən hücum nəticəsində iki ABŞ əsgərinin öldüyünü, bir hərbçinin isə itkin düşdüyünü açıqlamışdı.

Bundan bir gün sonra İraqda pilotsuz uçuş aparatına məxsus partlamamış sursatın zərərsizləşdirilməsi zamanı daha bir ABŞ hərbçisinin həlak olduğu bildirilib.

Beləliklə, ABŞ rəsmilərinin açıqlamalarına əsasən, fevral ayından bəri davam edən qarşıdurma dövründə həlak olan ABŞ hərbçilərinin sayı 17-yə çatıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş