Gmail-də Yeni Mərhələ: İstifadəçilər E-Poçt Ünvanını Dəyişə Biləcək

2 Dəq Oxuma Müddəti

Gmail-də uzun illərin qaydası dəyişir

Texnologiya nəhəngi Google Gmail istifadəçiləri üçün illərdir qüvvədə olan sərt qaydanı dəyişməyə hazırlaşır. İndiyədək “gmail.com” ünvanların dəyişdirilməsinə icazə verməyən şirkət yaxın zamanda istifadəçilərə e-poçt ünvanlarını yeniləmək imkanı təqdim etməyi planlaşdırır. Bu yenilik rəqəmsal dünyada böyük maraq doğurmaqla yanaşı, ciddi təhlükəsizlik müzakirələrinə də səbəb olub.

Məlumata görə, Outlook və Proton Mail kimi alternativ platformalardan fərqli olaraq, Gmail-də istifadəçi ünvanının dəyişdirilməsi uzun illər mümkün olmayıb. Lakin sızan rəsmi dəstək sənədləri göstərir ki, bu məhdudiyyət aradan qaldırılır və istifadəçilər öz mövcud ünvanlarını tamamilə yeni adla əvəzləyə biləcəklər.

Sızan sənədlər yeniliyin detalları üzə çıxardı

Yeni funksiyanın mövcudluğu Google-ın hind dilində hazırlanmış dəstək sənədinin diqqət çəkməsi ilə məlum olub. Həmin sənəddə qeyd edilir ki, istifadəçilərə 12 ayda bir dəfə olmaqla ümumilikdə üç dəfə e-poçt ünvanını dəyişmək imkanı veriləcək.

Ən diqqətçəkən məqam isə köhnə ünvanların ləğv edilməməsidir. İstifadəçilər həm əvvəlki, həm də yeni e-poçt ünvanlarına göndərilən məktubları eyni poçt qutusunda qəbul etməyə davam edəcəklər. Bu imkan xüsusilə peşəkar fəaliyyətdə ad-soyad dəyişikliyi edənlər və ya gənclik illərində seçilmiş uyğun olmayan e-poçt ünvanından imtina etmək istəyənlər üçün ciddi rahatlıq yaradır.

Kibertəhlükəsizliklə bağlı ciddi xəbərdarlıqlar

Bununla belə, mütəxəssislər yeniliyin riskli tərəflərinə diqqət çəkirlər. Kibertəhlükəsizlik üzrə ekspertlər hesab edirlər ki, bu cür genişmiqyaslı dəyişikliklər fırıldaqçılar üçün yeni imkanlar yarada bilər. Xüsusilə “e-poçt ünvanınızı dəyişmək üçün klikləyin” mövzulu saxta bildirişlərin və fişinq hücumlarının artacağı proqnozlaşdırılır.

Unudulmamalıdır ki, Gmail ünvanı təkcə elektron poçt xidməti deyil, eyni zamanda Google-ın bütün xidmətlərinə giriş açarı rolunu oynayır. Bu səbəbdən istifadəçilərin rəsmi mənbələrdən kənar göndərilən linklərə etibar etməməsi və şəxsi məlumatlarını paylaşmaması xüsusi əhəmiyyət kəsb edir.

Funksiya mərhələli şəkildə tətbiq olunacaq

Məlumata əsasən, Google bu yeniliyi bütün istifadəçilər üçün dərhal deyil, mərhələli şəkildə aktivləşdirməyi planlaşdırır. Şirkət tərəfindən rəsmi elan verilməyənədək istifadəçilərə səbirli olmaq və yalnız Gmail-in rəsmi parametrləri üzərindən edilən yeniləmələrə etibar etmək tövsiyə olunur.

Ekspertlər bildirirlər ki, düzgün təhlükəsizlik tədbirləri görüldüyü təqdirdə bu funksiya Gmail istifadəçiləri üçün böyük rahatlıq yaradacaq. Lakin diqqətsizlik ciddi məlumat itkisinə və hesabların ələ keçirilməsinə yol aça bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş