Həzrət Rüqəyyə (s.ə) kim olub?
Həzrət Rüqəyyə (s.ə) İmam Hüseynin (ə) qızı və Kərbəla hadisəsinin azyaşlı şahidlərindən biri hesab edilir. Tarixi mənbələrdə onun adı, yaşı və anası haqqında fərqli məlumatlar mövcuddur.
Bəzi araşdırmalara görə, onun əsl adı Fatimə olub. Bu yanaşmanı müdafiə edən müəlliflər İmam Hüseynin (ə) qızlarına Fatimə adını vermə ənənəsinə diqqət çəkirlər. Həzrət Rüqəyyənin (s.ə) anasının isə Təlhə ibn Abdullah Teyminin qızı Ümmü İshaq olduğu bildirilir.
Onun Mədinədə hicri 57-ci və ya 58-ci ildə dünyaya gəldiyi, Kərbəla hadisəsi zamanı isə üç-dörd yaşında olduğu qeyd olunur. Mənbələrdə yaşla bağlı fərqli fikirlər olsa da, daha qədim rəvayətlərdə onun dörd yaşında olduğu göstərilir.
Aşura günü yaşanan ayrılıq
Rəvayətlərdə Həzrət Rüqəyyənin (s.ə) Aşura günü atasından ayrılmaq istəmədiyi bildirilir. İmam Hüseyn (s.ə) döyüş meydanına yollanarkən o, atasının ətəyindən tutaraq getməməsini istəyib.
Mənbələrdə qeyd olunur ki, susuzluqdan əziyyət çəkən azyaşlı qız atasından su istəyib. İmam Hüseyn (ə) isə onu sakitləşdirərək çadırın yanında gözləməsini söyləyib.
Başqa bir rəvayətdə düşmən ordusunun əsgərlərindən Hilal ibn Nafe Həzrət Rüqəyyənin (s.ə) titrək addımlarla atasının ardınca qaçdığını və susuz olduğunu söylədiyini nəql edib. İmam Hüseynin (s.ə) bu sözlərdən təsirləndiyi və göz yaşlarını saxlaya bilmədiyi bildirilir.
Kərbəladan Şama əsirlik yolu
İmam Hüseyn (ə) və tərəfdarlarının şəhadətindən sonra Əhli-beyt (ə) qadınları və uşaqları əsir götürülərək Kufəyə, daha sonra isə Şama aparılıb.
Rəvayətlərə əsasən, Aşura gününün axşamı çadırlar yandırılıb, uşaqlar böyük qorxu və susuzluq içərisində qalıblar. Həzrət Rüqəyyənin (s.ə) atasını axtardığı, döyüş meydanına getmək istədiyi və ona su aparmağa çalışdığı qeyd olunur.
Bir rəvayətdə ona su verildikdə, atasının susuz şəhid edildiyini eşitdiyi üçün həmin suyu içmədiyi bildirilir. Başqa bir nəqldə isə onun özündən daha kiçik uşağın susuz olduğunu söyləyərək suyu ona aparmaq istədiyi qeyd edilir.
Şam xarabalığında ağır günlər
Əsir karvanı Şama çatdıqdan sonra İmam Hüseynin (ə) ailəsinin Yezidin sarayı yaxınlığındakı yararsız və mühafizəsiz bir məkanda saxlanıldığı bildirilir.
Gündüzlər yandırıcı isti, gecələr isə soyuq əsirlərin vəziyyətini daha da ağırlaşdırıb. Həzrət Rüqəyyə (s.ə) ətrafdakı insanların evlərinə qayıtdığını gördükdə bibisi Həzrət Zeynəbdən (s.ə) onların hara getdiyini soruşub. Evə getdiklərini eşidəndə isə öz evlərinin olub-olmadığını soruşaraq ağlayıb.
Rəvayətlərdə onun atasının səccadəsini açaraq İmam Hüseyni (s.ə) gözlədiyi və hər gün atasının qayıdacağına ümid etdiyi bildirilir.
Atasının başını gördükdən sonra vəfat edib
Həzrət Rüqəyyənin (s.ə) şəhadəti ilə bağlı ən geniş yayılmış rəvayət onun Şamda atasını yuxuda görməsi ilə bağlıdır.
Bildirilir ki, o, gecə yuxudan oyanaraq atasını istəyib və yüksək səslə ağlamağa başlayıb. Əhli-beyt (ə) qadınları da onunla birlikdə göz yaşı töküblər. Səs Yezidə çatdıqda o, İmam Hüseynin (ə) kəsilmiş başının uşağa göstərilməsini əmr edib.
Həzrət Rüqəyyə (s.ə) atasının başını gördükdə onu qucaqlayıb, üzündən və dodaqlarından öpüb. Rəvayətlərdə onun atasına müraciətlə niyə öldürüldüyünü, özünün niyə yetim qoyulduğunu soruşduğu bildirilir.
Bəzi mənbələrə görə, o, elə həmin an vəfat edib. Digər mənbələrdə isə atasının başını gördükdən bir neçə gün sonra dünyasını dəyişdiyi qeyd olunur. Tarixi baxımdan daha qədim rəvayətlər ikinci fikrə üstünlük verir.
Vəfat tarixi və dəfn olunduğu yer
Mənbələrin əksəriyyəti Həzrət Rüqəyyənin (s.ə) hicri 61-ci ilin səfər ayında Şamda şəhadətə yetdiyi məsələsində həmfikirdir.
Onun səfər ayının 5-də və ya 10-da dünyasını dəyişdiyi barədə müxtəlif məlumatlar mövcuddur. Lakin mötəbər mənbələrdə dəqiq gün göstərilmədiyi üçün yalnız səfər ayında vəfat etdiyini söyləmək mümkündür.
Dəfn yeri barədə əsas fikir onun Şam şəhərində torpağa tapşırılmasıdır. Dəməşqdə Həzrət Rüqəyyəyə (s.ə) aid edilən məqbərə uzun illərdir ziyarət məkanı kimi tanınır.
Tarixi mənbələrdə Həzrət Rüqəyyə (s.ə)
Həzrət Rüqəyyənin (s.ə) adı bəzi erkən mənbələrdə açıq şəkildə qeyd olunmasa da, İmam Hüseynin (s.ə) azyaşlı qızının Şamda vəfat etməsi haqqında məlumatlar daha qədim əsərlərdə mövcuddur.
Sonrakı dövrlərdə yazılmış əsərlərdə onun adı Rüqəyyə, Fatimə, Zeynəb və ya Səkinə kimi göstərilib. Buna baxmayaraq, İmam Hüseynin (s.ə) azyaşlı qızının əsirlikdə ağır iztirablar yaşaması və Şamda vəfat etməsi İslam tarixində geniş qəbul olunan rəvayətlərdən biridir.
Aşura yaddaşının azyaşlı siması
Həzrət Rüqəyyənin (s.ə) faciəsi Kərbəla hadisəsinin yalnız döyüş meydanı ilə məhdudlaşmadığını göstərən ən təsirli nümunələrdən biridir.
Onun simasında Aşura hadisəsindən sonra uşaqların, qadınların və əsirlərin üzləşdiyi əzablar xatırlanır. Şamdakı məqbərəsi isə əsrlərdir Əhli-beyt (ə) sevənlərin ziyarət etdiyi və Kərbəla şəhidlərinin xatirəsinin yaşadıldığı müqəddəs məkanlardan biri hesab edilir.

