Brent neftinin qiyməti yenidən yüksəlir
Qərbi Asiyada atəşkəsin faktiki olaraq pozulması və ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi təhdidləri fonunda dünya neft bazarında qiymətlər yenidən artmağa başlayıb.
Atəşkəs dövründə bir bareli 72 dollara qədər enən Brent markalı neft hazırda 86 dollar səviyyəsinə yüksəlib. Bazar iştirakçıları hesab edirlər ki, Hörmüz boğazında gərginliyin daha da artması və ya İranın neft ixracına qarşı yeni sanksiyaların tətbiqi qiymətləri qısa müddətdə 100 dollara yaxınlaşdıra bilər.
Bunun əksinə olaraq, diplomatik həll əldə olunacağı və bölgədə enerji daşımalarının normallaşacağı təqdirdə qiymətlərin yenidən 75–80 dollar aralığına enə biləcəyi proqnozlaşdırılır.
Problem təkcə xam neftlə bağlı deyil
Analitiklər bildirirlər ki, qlobal enerji bazarındakı əsas risk yalnız xam neft təchizatında deyil.
İran və Körfəz bölgəsində yerləşən enerji obyektlərinə dəyən ziyan səbəbindən benzin, dizel yanacağı və xüsusilə aviasiya yanacağının istehsal gücü də azalıb. Nəticədə, xam neft ehtiyatları kifayət qədər olsa belə, emal müəssisələrinin məhdud imkanları hazır neft məhsullarının çatışmazlığına səbəb olur.
Analitiklər yeni risklərə diqqət çəkirlər
Phillip Nova şirkətinin baş bazar analitiki Priyanka Saçdeva bildirib ki, hazırda fiziki neft bazarında təklif kifayət qədər olsa da, Hörmüz boğazında yeni gərginlik və ya İranın neft ixracına qarşı əlavə sanksiyalar bazarda təklif riskini sürətlə artıra bilər.
KCM Trade şirkətinin baş bazar analitiki Tim Uoterer isə Körfəz regionunun enerji infrastrukturuna yeni zərbələrin endiriləcəyi halda Brent neftinin qiymətinin qısa müddətdə yenidən 100 dollar səviyyəsinə yüksəlməsinin real ssenari olduğunu qeyd edib.
Aviasiya sektoru daha çox təsirlənir
Neft məhsullarının emalındakı problemlərdən ən çox zərər görən sahələrdən biri aviasiyadır.
Hazırda dünya bazarında aviasiya yanacağının bir bareli təxminən 127 dollara satılır. Yanacağın bahalaşması səbəbindən bir çox aviaşirkətlər bilet qiymətlərini artırır, bəziləri isə daha çox yanacaq sərf edən köhnə təyyarələri istismardan çıxarmağa başlayıb.
Məlumata görə, Avropanın bir sıra hava limanlarında aviasiya yanacağı ehtiyatları kritik həddə yaxınlaşıb.
Bahalaşma iqtisadiyyatlara təzyiqi artırır
Analitiklər hesab edirlər ki, neftin bahalaşması enerjidən idxaldan asılı olan ölkələrin iqtisadiyyatına əlavə təzyiq göstərəcək.
Qiymət artımı inflyasiyanın yüksəlməsinə, tədiyyə balansına mənfi təsir göstərməsinə və sənaye istehsalının maya dəyərinin artmasına səbəb ola bilər. Bu səbəbdən enerji bazarında yaranan vəziyyət qlobal iqtisadiyyat üçün əsas risklərdən biri kimi qiymətləndirilir.

