Bəziləri zalım/tağut hökmdar və sistemlərlə razılaşmaq və işbirliyi etməklə xalq arasında vəhdət, qardaşlıq və həmrəylik qurmağı bir birinə qarışdırır və özləri ziddiyətə düşdükləri üçün ictimai fenomen və hadisələri bu yöndən dəyərləndirirlər.
Halbuki xalq, yəni normal insanlar heç bir zaman ilahi mesaja və ilahi mesajı təqdim edən Peyğəmbər və İmamlara qarşı çıxmamış, onlara əngəl yaratmamışlar. Əksinə ilahi öndərlərlə xalqın yaxınlaşmasına, işbirliyinə qarşı çıxanlar daima icmalara hökm edən, kütlələri müxtəlif hiylə və basqılarla zəiflədən müstəkbir sifətli öndərlər olmuşdur.
Bu baxımdan cəmiyyəti və sistemləri insanlardan və zalım hökmdarlardan ayrı tutmaq lazımdır. Cəmiyyətin hüzurunu, barış və rifahını istəməklə qəddar/tağuti sistemlərinin zülmünü istəmək iki fərqli şeydir. İnsanlar arasında birlik, vəhdət və qardaşlıq arzusunda olmaq, zalımlarla əl -ələ vermək və sistemlərini qanuniləşdirməklə eyniləşdirilə bilməz.
Əhli-beyt (ə) imamları batil və zalım hökumətlərlə heç vaxt barışmamışlar. Hər halda, batillə haqq arasında sülh yox, atəşkəs razılaşması olur. Kərbəla qiyamından əvvəl İmam Həsən (ə) ilə Müaviyə arasında imzalanan şey sülh deyil, Müaviyə hökumətinin qanuniliyini qəbul etməyən bir atəşkəs idi, İslam və müsəlmanların xeyrinə bir növ atəşkəs və barışıq idi. İmam Hüseyndən (ə) sonra gələn doqquz İmam və onların ardıcılları, zamanın şərtlərinə və içərisinə uyğun olaraq insanları məlumatlandırmaq, yeni mərhələyə çatdırmaq vəzifəsini davam etdirmiş və davam etdirməkdədirlər.
Burada ağla bir sual gələ bilər; Elə isə niyə İmam Hüseyndən (ə) sonra gələn İmamlar (ə) İmam Hüseyn kimi qiyam etmədilər. Suala aşağıdakı cavablarla aydınlıq gətirməyə çalışacağıq:
- Aşura əhlini qəflət yuxusundan oyatmaqdır. Bu oyanış hərəkatı aşağıdakı imamların zamanında bir inanca çevrilməklə ictimai və siyasi mübarizə üsuluna, həyat tərzinə döndü. İmam Hüseyndən sonra gələn 9 İmam Aşura günü yandırılan məşəlin gələcək nəsillərə çatdırılması vəzifəsini öz üzərinə götürdü.
- Artıq yeni bir şoka ehtiyac yox idi, bu ağır və bənzərsiz iş yalnız İmam Hüseynə aid idi. Bu sonrakı İmamlar, zülm və təqiblərə qarşı mübarizə aparmadıqlarını və ya ilahi vilayəti davam etmədikləri kimi düşünülməməlidir. Kərbəla qiyamı bundan sonra həyat tərzinə çevrilməli və həyatda qalmalı idi. Necə ki, bütün İmamlar (ə) öz vaxtlarında zülm və batilə qarşı mübarizəni bir üst pilləyə qaldırmış, eyni zamanda Aşura mesajını çatdıraraq onu diriltmişlər. Və əslində, İmam Mehdi (ə) istisna olmaqla, qalan səkkiz İmamın hamısı bu mübarizəyə görə dövrün tağutları tərəfindən şəhid ediliblər.
- Kərbəladan sonrakı qiyamlar tağuti sistemlərini devirmək gücünə çatmadı. İmam Hüseynin qiyamından daha təsir edici ola bilmədikdən sonra qiyamın nə əhəmiyyəti var idi? Qiyamdansa əvvəlki qiyam mesajlarını canlandırmaq və canlı saxlamaq daha faydalı deyilmi? Əhlibeyt İmamlarının (ə) başlatacağı qiyamların nəticəsi Kərbəla qiyamından daha təsirli və faydalı ola bilməzdi. Nəticə verməyəcək yeni qiyamlar əvəzinə Kərbəla olayı yaşatılmalı və nümunə, simvol halına gətirilməli idi və belə də oldu. Və əslində, İmamların dövründə birbaşa təsdiqi olmadan başlanan qiyamların heç biri (Təvvabin, Muxtar, Zeyd bin Əli və Hüseyn Sahib Feh qiyamları.) istədiyi məqsədə çata bilmədi və heç vaxt Kərbəla qiyamının təsirini göstərə bilmədi. Əlbəttə ki, bu qiyamların da faydaları danılmazdır.
- Kərbəla Qiyamı ilahi ədalətin yer üzünə hakim qılma dövründə son deyil, ilk addımdır. Sonrakı İmamların zamanında eyni yöndə daha yüksək ideallar gündəmdədir. Tağutlar zülmlərini sürdürsələr də toplum artıq iman ilə nifaqın, nifaq ilə küfrün fərqindədir. Belə olan təqdirdə xalqın elmi və anlayış səviyyəsini yüksəltmək lazımdır. Toplumu yetkinləşdirmə prosesi zamanımızda da davam etməkdə olub, zühura qədər də belə olacaqdır. İnsanların anlayış səviyyəsi və tutumu artdıqca qlobal ədalət dövlətinin quruluşuna bir daha yaxınlaşılmış olacaqdır.
İmam Xomeyni (r.ə) liderliyində həyata keçən və davam edən İslam İnqilabı Kərbəla qiyamı ilə başlayan prosesin bir baxımdan nəticəsi olduğu kimi İslam İnqilabından sonra bölgədə başlayan oyanış, diriliş və zülmə qarşı müqavimət də qlobal səviyyədə zülmə qarşı başladılacaq xalq hərəkatlarının bir müjdəçisidir.
Salam, hidayətə tabe olanların üzərinə olsun – Taha 47...