Vilayətin Şanlı Aynası: Qədirdən Kərbəlaya və oradan Hörmüzə Müqavimət Ruhu
Bu gün bəşəriyyət, mənfəətçi bəşəri sistemlərin kölgəsində haqq və ədalətdən uzaqlaşmış, dərin bir axtarış içindədir. Çarəsizliyə sürüklənən bu çağda; Hz. İmam Əlinin (ə) elminə, cəsarətinə və güzəştsiz ədalətinə olan ehtiyac hər zamankından daha çoxdur. Qurtuluş, Qədir-Xumda müjdələnən ilahi vilayət və ədalət məşəlindədir. Bəşəriyyət tarixi, öz əlləri ilə qurduğu bəşəri sistemlərin vəd etdiyi rifahın əksinə daim zülm, haqsızlıq və ədalətsizlik istehsal etməsinə şahid olmuşdur. Güclünün haqlı sayıldığı bu nizamlar insanı mənəvi bir boşluğa sürükləmişdir. Ən kiçik zərrəsi ilə ilahi bir yaradılışın əsəri olan bu kainatda mütləq ədalət də ancaq ilahi təbii hüquq ilə təmin oluna bilər. Bəşəriyyət bunu artıq anlamalıdır.
Dünya insanlarının ruhlarını bürüyən bu ümumbəşəri böhrana işarə edən Mövlana Cəlaləddin Rumi, insanın öz mahiyyətindən uzaqlaşmasını və ilahi eşqə/ədalətə olan ehtiyacını “Eşq dərdi olmayanı insan sayma / Eşq şərbətini içməyəni can sayma” beyti ilə xülasə edir. Mövlana insanın yalnız ilahi ədalətin təlimləri ilə həqiqi hüzura çatacağını ifadə edir.
Peyğəmbər Əfəndimiz (s), Vida Həcci dönüşündə Qədir-Xum məntəqəsində “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” buyuraraq ilahi rəhbərliyin və vilayət sisteminin təməlini atmışdır. Hz. İmam Əli (ə), elmin şəhəri qəbul edilən bir Peyğəmbər mirasının daşıyıcısı; haqq və hüququ qoruyarkən öz ailəsinə belə zərrə qədər güzəşt etməyən sarsılmaz bir ədalət timsalı olmuşdur.
Ədalətin simvolu olan Hz. İmam Əlinin (ə) elminə və mənəviyyatına vurğu edən yüzlərlə hədis və İslam alimlərinin əsərləri ortadadır, istəyən oturub oxusun, onları yazmayacağam.
Amma Hafiz Şirazi onun ruhaniyyətinə və ilahi sığınacağa olan bağlılığını bu misralarla kifayət qədər ifadə etmişdir.
“Alov dolu bir külək əssə də dünyaya, / Haqq dostlarının sığınağıdır bu dərgah (Əli)”
Tapdıq Əmrənin buyurduğu “Bütün yollar Əliyə çıxar Yunusum” əsası “və kulle şey-in əhsaynəhu fi imamin mubin” (Yasin 12) ayəsinin təfsiridir.
Bu gün bəşəriyyətin içinə düşdüyü zülm girdabından qurtulması yalnız Qədir-Xumda elan edilən vilayət və ədalət bayrağının bəşəriyyətə rəhbər qılınması ilə mümkündür.
Qədir-Xumda yüksələn vilayət avazı yalnız tarixin səhifələrində qalmış köhnə bir səda deyil; əsrlərdir məzlumların sinəsində parıldayan sarsılmaz bir inqilab məşəlidir. O gün Hz. Peyğəmbərin (s) mübarək əlləri ilə göyə qaldırdığı Əli (ə) bayrağı bu gün qlobal imperializmin, müasir fironların və zülm ocaqlarının qarşısında dik duran iradənin özüdür. Bu məşəl, Kərbəlanın qızıl üfüqündə azadlığın, fədakarlığın və beyətə sədaqətin ən zirvə dastanına çevrilmişdir.
İran İslam Respublikası yer üzünü qaranlığa boğmaq istəyən müstəkbir güclərə qarşı apardığı topyekûn mübarizədə gücünü bəşəri sistemlərdən deyil; birbaşa Qədir-Xumda təbliğ edilən o ilahi əsasdan və Aşura meydanında nümayiş etdirilən Hüseyni qiyamdan alır.
İslam Respublikası rəhbərlərinin sarsılmaz iradəsi qədim İmamət təlimindən qaynaqlanır. Vilayət oxu ətrafında birləşən rəhbərlik dünya hegemonlarının təhdidlərinə və embarqolarına qarşı zərrə qədər möhlət vermədən ədalətin bayraqdarlığını edir. Bu iradə haqsızlıq qarşısında baş əyməyən, zülmə qarşı topyekûn qiyam edən İmam Hüseynin (ə) “Zillət bizdən uzaqdır!” hayqırışının əsrimizdəki gur səsidir.
Komandanların və əsgərlərin əfsanəvi cəsarəti Kərbəla məktəbi ilə məna qazanır. Cəbhədə ölümün üstünə gülümsəyərək yürüyən fədakar nəfərlər güclərini Xeybərin qapısını sökən o sarsılmaz imandan alırlar. Onlar; hər baxışında, davranışında və o cihad meydanını inlədən azanında sanki Hz. Peyğəmbərin (s) camalını və cəlalını əks etdirən Əli Əkbərin gənclik atəşi ilə yanırlar. Cəbhədə hər bir bayraqdar, çay kənarında qolları kəsilsə də sancağı və sədaqəti yerə salmayan fədakarlıq abidəsi Ələmdar Abbasın cəsarəti ilə silahlanmışdır.
İran xalqının bütün dünyanı heyrətə salan polad kimi dirayətinin təməlində də Qədir mirası vardır. Hər cür təzyiqə, iqtisadi müharibəyə, embarqoya və hücuma qarşı bir addım belə geri atmayan bu əziz millət birliyini o gün Qədirdə edilən ilahi əhdə sədaqətdən alır. O gün İmam Əliyə göstərilməyən sədaqət və beyətə bağlılıq bu gün o məqamın yeganə vəkili olan Vilayət-i Fəqihə ölümünə verilmiş və verilməyə davam edir. Bu xalqın dirayəti; sarayların ehtişamını, tiranların zülmünü tək bir xütbəsi ilə darmadağın edən, Kərbəlanın həqiqət fəryadını və ilahi mesajını əsrlər o tayına, bugünkü müqavimət xətlərinə daşıyan Hz. Zeynəbin (s.ə) səbr və mətanəti ilə yoğrulmuşdur.
Bu asil müqavimət, bəşəri sistemlərin çürümüş qəliblərini dağıdaraq, ilahi ədalətin və vilayət nizamının yer üzündə necə canlı bir qalxana çevrildiyinin ən konkret sübutudur. Qədirin səhrasında əkilən, Kərbəlanın qanı ilə sulanan o tövhid və ədalət toxumları; bu gün qlobal zülmə diz çökdürən, imperializmin qəlbinə qorxu salan polad bir iradə kimi boy atmışdır.
Qısacası, İranı İran edən Qədir-Xumda Peyğəmbər Əleyhissəlam tərəfindən təbliğ edilən ilahi əsas olan “vilayət” sisteminə bağlılıqları və əsla ondan vaz keçməmələridir.
Allaha və Onun göndərdiyi kitaba və peyğəmbərinə könüldən bağlılıq hiss edib, lakin bu ilahi ümumbəşəri sünnətullahı “mifoloji hekayə” deyə kiçildib əhəmiyyətsizləşdirən xüsusilə Əhli-Sünnə qardaşlarımıza bu ilahi nizamın ilahi prinsipinin nemətlərindən məhrum qalmamalarını və gəlib keçən bu tarixi fürsəti qaçırmamalarını tövsiyə edərək bu vəsilə ilə bütün müsəlmanların Qədir-Xum Bayramını ən səmimi diləklərimlə təbrik edirəm.
Vəssəlam…
