Müqavimət şəxsi plandan ölkə planına qədər özünə yönəlmiş hər cür hücuma qarşı dirəniş göstərmək, çətinliklərə səbirlə sinə gərmək, müdafiəyə keçmək və varlığını qorumaq üçün fədakarlıq göstərmək fəaliyyətidir.
Müqavimət Cəbhəsi komponentlərinin Fələstindən İrana, İraq və Livandan Yəmənə qədər apardıqları mübarizə bu tərif çərçivəsində cərəyan edir.
Adlarını çəkdiyimiz — və formalaşma mərhələsində olan — müqavimət halındakı azadlıq hərəkatlarının və ölkələrinin keçmişləri araşdırıldıqda, istisnasız olaraq hamısının hücuma, işğala, blokadaya, sanksiyaya və qətliama məruz qaldıqları görüləcəkdir.
Fələstin və Livanın 80 ildən bəri Qərb imperializminin himayə və dəstəyini arxasına alan qəsbkar İsrail tərəfindən məruz qaldığı işğal, qətliam və soyqırımın dərinliyini bilməyən yoxdur.
İranın 47 ildən bəri daxili qarışıqlıqlardan xarici hərbi hücum və müharibələrə, iqtisadi, texnoloji və hərbi sanksiya və blokadalara məruz qoyulduğu göz önündədir.
İraqın 2003-cü ildən bəri əvvəlcə ABŞ və müttəfiqləri tərəfindən işğal edilməsi, işğalın sona çatdığı tarixdən dərhal sonra isə təkfirçi sələfi terror dəstələri vasitəsilə vətəndaş müharibəsinə sürüklənməsi unudulmayıb. Bu ölkədəki işğal, xarici müdaxilə və təkfirçi terror təhlükəsi hələ də sona çatmayıb.
Yəmənə gəlincə; çox geriyə getmədən, 2011-ci ildə Ərəb Baharı prosesində hakimiyyətdə olan 30 illik diktator Əli Abdullah Salehin ölkədən qaçması və Amerika dəstəkli Səudiyyə rejiminin prosesə müdaxiləsi ilə Əli Abdullah Salehin səlahiyyətləri məhdudlaşdırılaraq geri gətirilməsi və köməkçisi Mənsur Hadinin hakimiyyətə gətirilməsi, verilən vədlərin yerinə yetirilməməsi nəticəsində xalqın dəstəyini arxasına alan husilərin rəhbərlik etdiyi Ənsarullah hərəkatının 2014-cü ildə paytaxt Sənaya daxil olaraq hakimiyyəti ələ keçirməsi dünyanın gözü qarşısında baş vermişdir.
Lakin təyin olunmuş prezidentliyi davam edərkən Mənsur Hadi bir neçə ay sonra ağalarının maraqlarını Yəmən xalqının mənafeyindən üstün tutaraq paytaxt Sənadan Ədən şəhərinə qaçmış və hüquqi baxımdan səlahiyyətlərini itirmişdir.
Amma maraqlıdır ki, Qərb hegemonluq sisteminin nəzarətindəki BMT paytaxtı və ölkə rəhbərliyini əlində saxlayan Səna hökumətini deyil, Ədəndə belə qala bilməyərək Ərəbistana sığınan və Ər-Riyad otellərində yerləşən fərari Mənsur Hadini rəsmi olaraq tanımışdır. Ölüb dünyadan köçməsinə baxmayaraq, hələ də ABŞ və əməkdaşları belə istədiyi üçün onun hökuməti beynəlxalq təşkilatlarda və diplomatik arenada Yəməni təmsil edir!
Yəmənə qarşı bu beynəlxalq sui-qəsd/çevriliş planının ardınca Səudiyyə rejiminin rəhbərliyi altında yaradılan hərbi koalisiya 2015-ci ildən 2023-cü ilə qədər Səna hökumətinə qarşı hava, quru və dənizdən hücumlarını davam etdirmiş, lakin ölkə daxilində düşmənçilikləri artırmaq və ölkəni müxtəlif bölgələrə bölməkdən başqa bir uğur əldə edə bilməmişdir.
Səudiyyəlilərin başçılıq etdiyi, əslində isə ABŞ və İsrail tərəfindən dəstəklənən hərbi koalisiya ilə Ənsarullah hökuməti arasında 2023-cü ildə bağlanan atəşkəs razılaşmasına əsasən, Səudiyyə rejimi Yəmənə qarşı hava və dəniz blokadasını aradan qaldırmalı olduğu halda, bu öhdəliyini yerinə yetirməmişdir.
Yəmənin legitim və xalq tərəfindən dəstəklənən Ənsarullah hökumətinin hava və dəniz blokadasını faktiki olaraq təsirsiz hala gətirmək təşəbbüsləri Qırmızı dəniz sahilindəki limanlara, gəmilərə, hava limanlarına və mülki təyyarələrə qarşı ABŞ, İsrail və Səudiyyənin hava və dəniz hücumları nəticəsində indiyədək əngəllənmişdir.
Keçən iyul ayında Ənsarullah nümayəndə heyətini daşıyan İran təyyarəsinin Səna və Hudeydə hava limanlarına enişinin qarşısını almaq məqsədilə həyata keçirilən hücumlar nəticəsində Ənsarullah da atəşkəslə bağlı mövqeyini dəyişərək “Blokadaya qarşı blokada” strategiyasını açıqlamış və həyata keçirməyə başlamışdır. Son bir həftə ərzində Yəməndə baş verən hadisələr Ənsarullah hökumətinin bu yeni strategiyası çərçivəsində qiymətləndirilməlidir.
Paytaxt Səna mərkəzli Ənsarullah hökuməti bu gün ölkə əhalisinin 70%-nin yaşadığı vilayətləri, strateji bölgələri və son bir neçə gün ərzində isə Babül-Məndəb kimi mühüm bir boğazın nəzarətini ələ keçirmişdir.
Bir daha vurğulamaq lazımdır ki, Müqavimət Cəbhəsinin komponentləri İrandan Yəmənə qədər hamısı müdafiə mövqeyindədir.
Müqavimət Cəbhəsinin komponentlərindən heç biri başqa ölkələrə hücum etməyib.
Özlərinə qarşı yönəlmiş çoxtərəfli hücum, blokada və sanksiyalara eyni şəkildə cavab verərək özlərini müdafiə edirlər.
Amma iki əsrdən bəri belə bir müqavimətlə qarşılaşmayan imperialist güclər ilə bölgədəki müttəfiqləri, əməkdaşları və kuklaları Müqavimət Cəbhəsinin xalqa söykənən, səbirli, özünəinam və öz resurslarına əsaslanan bu mübarizəsini həzm edə və qəbul edə bilmirlər.
Müqavimət Cəbhəsinin qələbələri artıq qarşısıalınmaz bir mərhələyə çatmışdır.
Çünki Müqavimət Cəbhəsi haqlıdır, gücünü Haqqdan və xalqullahdan alır.
Çünki müqavimətləri öz ölkələrinin müstəqilliyini, ərazi bütövlüyünü, ləyaqət və şərəfini qorumağa yönəlib.
Çünki bəzi bölgə ölkələrindəki rejimlər kimi hakimiyyətlərini qorumaq üçün uzlaşmaçı, mənfəətpərəst və qorxaq deyillər.
