İranın müttəfiqi Ənsarullah hərəkatının rəhbərlik etdiyi Yəmən Silahlı Qüvvələri əks-hücumla Qırmızı dəniz sahil zolağını tamamilə nəzarət altına aldı.
Yəmənin qərbində nəzarət xəritəsinin dəyişməsi yalnız Səudiyyə Ərəbistanı və Əmirliklərin hesabına yazılacaq bir məğlubiyyət deyil. Bu, səudiyyəlilərin həyata keçirdiyi hava əməliyyatlarının “kalibrasiya rəhbəri” ABŞ-ın və Əmirliklərin “geosiyasi” tərəfdaşı İsrailin də məğlubiyyətidir.
Geosiyasi tənlikdə Yəmənin qələbəsi İranın hesabına da yazıla bilər. İran müharibəsində Hörmüz boğazı düyün nöqtəsinə çevrildi.
İranın Körfəzdəki neftin çıxış yolunu nəzarət altına alması Soyqırımçı-Epşteyn Koalisiyasını çıxılmaz vəziyyətə saldı. Hörmüz müharibənin gedişatını dəyişdirən bir rıçaq oldu. Ədən körfəzi ilə Qırmızı dənizi birləşdirən Babülməndəb boğazı da az əhəmiyyətli deyil. Tankerlərin keçidində Hörmüz Babülməndəbi beş dəfə üstələyir, lakin ümumi yük gəmilərinin keçidində iki boğaz demək olar ki, başabaş gedir. İran ilə Yəmən arasındakı koordinasiya nəzərə alındıqda, ABŞ və müttəfiqləri yeni hücum planlarında Hörmüzlə birlikdə Babülməndəbi də hesaba qatmaq məcburiyyətindədir.
YƏMƏNƏ DAĞINTI GƏTİRƏN MÜHARİBƏ
Səudiyyəlilər Ənsarullahın paytaxt Sənaya daxil olub Ər-Riyadın nəzarətindəki hökuməti qovmasından sonra 2015-ci ildə İranın nüfuz dairəsinin Ərəbistanı cənubdan mühasirəyə alacağı qorxusu ilə koalisiya yaradaraq müharibəyə başladılar. Müharibənin iki əsas qüvvəsi olan Səudiyyə Ərəbistanı və Əmirliklər ortaq düşmənə qarşı birləşsələr də, sonrakı mərhələdə gündəmləri fərqlənirdi.
Yəmənə çox böyük ölüm, dağıntı və aclıq gətirən bu müharibə ABŞ və İsrailin maraqlarına xidmət edirdi. Elə bir müharibə idi ki, 377 min insanın həyatına başa gəldi. 151 min insan birbaşa döyüşlərdə həyatını itirdi. 262 min insan aclıq, xəstəlik, səhiyyə xidmətlərinin çökməsi və müharibə ilə əlaqəli digər səbəblərdən öldü. 4,3 milyon insan ölkə daxilində didərgin düşdü. 23 milyon 400 min insan, yəni əhalinin yarıdan çoxu humanitar yardıma möhtac vəziyyətə salındı. Beş yaşdan aşağı 2,2 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkirdi. Prezident Rəcəb Tayyib Ərdoğan da 15 iyul çevriliş cəhdinə qədər bu dağıntı qrupunun sözçüsü kimi davrandı.
Yaratdıqları bu ağır mənzərə ilə yəmənliləri diz çökdürə bilmədilər. Ayaqyalınların İranın texniki dəstəyi ilə artıq kiber müharibə bölmələri, raketləri və PUA-ları, artilleriya birlikləri, hava hücumundan müdafiə imkanları və sürətli hücum katerləri var idi. Səudiyyə Ərəbistanının neft zənginliyi bu müharibədə onun öz zəifliyinə çevrildi. Nəhəng obyektlər artıq şüşə saraylar kimi idi. Asimmetrik müharibə riyaziyyatında alovu düşmən torpaqlarında həbs etmək mümkün deyildi.
Səudiyyə Ərəbistanı və BƏƏ 2019-cu ildən etibarən ayrışdı. Əmirliklər “madam ki, Yəməni bütövlükdə uda bilmirik, onda cənub və cənub-qərbi Yəməni qoparaq” deyən bir yola yönəldi. Burada onların məqsədləri İsrailin məqsədləri ilə üst-üstə düşürdü. Ər-Riyad parçalanmanı öz təhlükəsizliyi baxımından təhdid hesab edirdi. İbrahim Razılaşmaları ilə İsrail və BƏƏ münasibətləri rəsmiləşdikdən sonra Yəməni parçalamaq cəhdləri daha da artdı. Qırmızı dəniz və Babülməndəbdə nəzarət imkanlarını artıracaq şəkildə adaları ələ keçirdilər. Afrikadan muzdlu döyüşçülər gətirdilər. Səxavətlə pul xərcləyərək yəmənli qəbilə qüvvələrindən və ehtiyac içində olan gənclərdən ordular qurdular.
Lakin Səudiyyə-Əmirlik fikir ayrılığı İranın dəstəklədiyi Səna qüvvələrinə qarşı birlikdə hərəkət etmək motivasiyasını aradan qaldırmadı. Yəmən Silahlı Qüvvələrinin 9-10 sentyabrda ələ keçirdiyi strateji liman şəhəri Muha kimi ərazilərdən geri çəkilən qərb sahilindəki qüvvələrin bağlılığı silah və pulun mənbəyindən asılı olaraq ya Səudiyyə Ərəbistanına, ya da Əmirliklərə yönəlirdi. Çöküşün yaşandığı bölgədə həm Səudiyyə, həm də Əmirliklərin dəstəklədiyi qüvvələr var idi. Ümumilikdə 38 briqada və 76 min əsgərdən ibarət bir qüvvədən söhbət gedirdi. Uğrunda döyüşəcəkləri bir davaları olmadığı üçün 18 saat ərzində acınacaqlı şəkildə dağıldılar. 2025-ci ilin sonlarından etibarən Əmirliklər və İsrail tandemi Somaliland ssenarisini Cənubi Yəməndə təkrarlamağa çalışdı. Beləliklə, Ədən körfəzindən Qırmızı dənizə doğru strateji üstünlük yaratmağı hədəfləyirdilər. Səna qüvvələrinin döyüş təcrübəsi; səbirli, mətin və fədakar xarakterləri; hibrid və asimmetrik müharibə üsullarını sürətlə öyrənmək qabiliyyətləri bu planları pozdu.
İqtisadi, hərbi və siyasi gücün qazandırdığı təkəbbür onları kor edir. Dəbdəbəli binalarda Qarunlar kimi qərbli müşavirlərlə apardıqları hesablamalar, aciz hesab etdikləri yəmənlilərin qarşısında quma batır.
ZƏLİL BOYUN ƏYMƏDİ
Amerikalılar buradakı müqavimətin dadını gördülər. Məlum olduğu kimi, Qəzzadakı soyqırıma qarşı İsraili hədəfə alan Yəməni dayandırmaq və cəzalandırmaq üçün ABŞ 2023-cü ildə koalisiya yaradaraq hücuma keçmişdi. ABŞ-İngiltərə cütlüyü 2025-ci ilin mayındakı atəşkəsə qədər Yəməni davamlı olaraq bombaladı. Dağıntı və ölüm gətirməkdən başqa heç nəyə nail ola bilmədilər. İsrail də Hudeydə limanını cəhənnəmə çevirdi, Səna hökumətində baş nazir və 9 nazirin öldürüldüyü hücumlar həyata keçirdi. Buna baxmayaraq, Yəmən Fələstinlə həmrəylik cəbhəsini bağlamadı. Zəlil şəkildə boyun əymədi.
Səna qüvvələri 10 sentyabrda Babülməndəbə doğru irəliləyərkən Səudiyyə vəliəhdi Məhəmməd bin Salman panika içində iki dəfə ABŞ Prezidenti Donald Trampa zəng edərək “bombardman” üçün yalvardı. ABŞ-ı 2025-ci ildə Omanın vasitəçiliyi ilə Səna rəhbərliyi ilə razılaşmağa sövq edən səbəblər dəyişmədiyindən Tramp bu tələbi rədd etdi. Məkkə İttifaqındakı Pakistan və Türkiyənin də səudiyyəliləri düşdükləri rüsvayçı vəziyyətdən xilas edəcək halı yoxdur.
ABŞ Yəməndə döyüşməkdən çəkinir deyərkən burada yanlış təsəvvürə qapılmamaq lazımdır. Bu, eyni zamanda ABŞ-ın da müharibəsidir. ABŞ ordusu 18 ay ərzində Yəməndə çoxlu sursat sərf etdi. 2025-ci ildə Pentaqondakı qiymətləndirməyə görə, bu, strategiyası qeyri-müəyyən bir müharibə idi və sona çatdırılmalı idi. Bundan sonra ABŞ birbaşa döyüşmək əvəzinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı döyüşdürməyə üstünlük verdi. Ehtimal ki, Tramp bu gün də həmin seçimə uyğun cavab verir. Tramp ABŞ-ın hərbi xərclərini azaldacaq, hətta silah nəhənglərinin ciblərini dolduracaq müharibə ssenarisində müttəfiqlərinin rolunun mərkəzi olmasını istəyir. Tramp tərəfdaşlığın və dəstəyin qiymətini artırır.
ABŞ birbaşa hərbi müdaxilədən çəkinsə də, Səudiyyə Ərəbistanının arxasındadır. CENTCOM komandanı Brad Cooper təcili koordinasiya üçün 10 sentyabrda Ər-Riyada getdi. Hazırda təxminən 200 amerikalı hərbi mütəxəssis Səudiyyə əməliyyatlarına istiqamət verir. Onlar Yəməndə vurulacaq yerlər barədə kəşfiyyat və hədəfləmə dəstəyi təmin edirlər.
BABÜLMƏNDƏB DƏ BAĞLANARSA
Babülməndəbin tənliyə gətirəcəyi rıçaq effekti nəzərə alındıqda, ABŞ-ın bunu həzm etməsi çox çətindir. Normal şəraitdə cəhənnəmi onların başına yağdırardılar. Lakin yeni amillər səbəbindən artıq iki dəfə düşünmək məcburiyyətindədirlər.
İran qarşısında çıxılmaz vəziyyətə düşdükləri bir vaxtda Yəməndə açılacaq ikinci cəbhə ABŞ-ın imkanlarını parçalayacaq. İran müharibəsində sürətlə tükənən sursat ehtiyatları bərpa edilməmiş Yəmən cəbhəsinin açılması bölgədəki ABŞ hərbi mövcudluğunu tamamilə müdafiəsiz qoyacaq.
ABŞ Hərbi Dəniz Qüvvələri onsuz da gəmilərini İranın raket mənzilindən kənarda saxlamağa çalışır. 2023-2025-ci illər arasında olduğu kimi, Yəmənə qarşı gəmiləri səfərbər etməyin riskləri çox böyükdür. Bundan əlavə, İranın “cəbhələrin birliyi” prinsipi ilə cəbhələr bir-birinə təsir edir. ABŞ İran müharibəsini aşağı intensivlikli qarşıdurma və yüksək intensivlikli iqtisadi hücum səviyyəsinə keçirib. Yəmənə hücum İranı eskalasiya pillələrində daha da irəli apara bilər.
Yəmənə qarşı əvvəlki hücum mərhələsində əldə edilə bilməyən hədəfə daha pis şərtlər altında çatmağın heç bir zəmanəti yoxdur.
Yəmən müharibəsinə girmək Babülməndəb və Qırmızı dənizin ABŞ gəmilərinin üzünə bağlanması deməkdir. Hörmüzdən sonra Babülməndəbin də bağlanması neft qiymətlərini yüksəldəcək. Bu isə noyabr seçkilərində Trampın məğlubiyyətini təmin edər.
Digər tərəfdən, Tramp İrana qarşı müharibədə səudiyyəlilərdən istədiyi səviyyədə tərəfdaşlıq görə bilmədi. Halbuki illərdir “İlanın başını əzin” deyərək ABŞ prezidentlərini İrana qarşı qızışdıran elə onlar idi. İranın yeni fəaliyyət çərçivəsi Körfəz ölkələrinin prioritetlərini də dəyişdirdi: onlar neft obyektlərini qorumaq məcburiyyətindədirlər. Tramp regional tərəfdaşların bu ehtiyatlı mövqeyindən narazı qaldı.
Trampın gözü az xərcli və asan pul gətirəcək müharibələrdədir; Venesuelada olduğu kimi. Hərbi dəstək istəyənlərə də çox yüksək hesablar çıxarmaq istəyir. Pulu ödənilmiş müharibədirsə, problem yoxdur.
Lakin İran fəlakət səviyyəsində bir hesablama səhvi idi. İranın asimmetrik imkanlarının ortaya çıxardığı cavablar onları şoka saldı. İndi də ayaqyalın xəncərliləri kiçik hesab edərək Hörmüzdən sonra Babülməndəbi də Müqavimət Oxuna uduzdular. Bir kilid Hörmüzə, bir kilid Babülməndəbə. İran “cəbhələrin birliyi” dedikdə Körfəz mediasında istehzalı şərhlərin ardı-arası kəsilmirdi.
