Permdə Azərbaycanlı Diaspor Rəhbəri Həbs Edildi

3 Dəq Oxuma Müddəti

Azərbaycan diaspor nümayəndəsinə qarşı cinayət işi

Rusiyanın Perm vilayətində Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədov barəsində cinayət işi başlanıb.

Rusiya mediasının Perm vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinə istinadən yaydığı məlumata görə, Məmmədov yerli Azərbaycan diasporunun rəhbər şəxslərindən biri kimi təqdim olunur.

O, xüsusilə külli miqdarda rüşvət verməkdə vasitəçilikdə ittiham edilir. Cinayət işi Rusiya Cinayət Məcəlləsinin rüşvət vasitəçiliyi ilə bağlı maddəsi əsasında araşdırılır.

İstintaqın iddiası: pul müqabilində kömək vədi verib

İstintaqın versiyasına görə, Ruslan Məmmədov Perm sakininə onun barəsində aparılan cinayət təqibinin dayandırılmasına kömək edə biləcəyini bildirib.

İddia olunur ki, bunun müqabilində tələb olunan pul vəsaiti müəyyən edilməmiş hüquq-mühafizə əməkdaşlarına çatdırılmalı idi.

Məmmədovun hazırda həbsdə olduğu bildirilir.

Məhkəmə həbs qərarını qüvvədə saxladı

Məlumata görə, avqustun 19-da Perm Vilayət Məhkəməsi onun barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxıb.

Məhkəmə əvvəlki qərarı dəyişməyib və Məmmədovun oktyabrın 7-dək həbsdə saxlanılmasına qərar verib.

Bundan əlavə, onun Rusiyaya girişinə 2076-cı il iyunun 4-dək qadağa qoyulduğu qeyd olunur.

Məmmədov daha əvvəl miqrasiya məsələsi ilə bağlı məhkəməyə müraciət edib

Açıq məhkəmə sənədlərində Ruslan Məmmədovun daha əvvəl Rusiyada yaşamaq icazəsi ilə bağlı hüquqi mübahisədə iştirak etdiyi görünür.

2025-ci ilin aprelində Perm diyarı üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi onun ölkədə yaşamaq icazəsini ləğv edib. Məmmədov bu qərardan məhkəməyə şikayət verib.

Məhkəmə materiallarına əsasən, o, uzun müddət Rusiyada yaşayıb, burada daşınmaz əmlaka sahib olub. Onun həyat yoldaşı və qızı Rusiya vətəndaşlarıdır.

İdman və ictimai fəaliyyəti də olub

Sənədlərdə qeyd olunur ki, Ruslan Məmmədov 2025-ci ildən Perm Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

Həmçinin bildirilib ki, həmin dövrə qədər onun cinayət məsuliyyətinə cəlb olunması, vergi borcu və ya digər hüquqi problemləri olmayıb. O, müxtəlif ictimai və idman layihələrində iştirak edib, təşəkkür və mükafatlar alıb.

FTX-nin mövqeyi ilə bağlı ziddiyyətlər qeyd olunub

Məhkəmə sənədlərində Perm üzrə Federal Təhlükəsizlik Xidmətinin Məmmədovun yaşamaq icazəsi ilə bağlı fərqli mövqelər ifadə edən iki məktubuna da diqqət çəkilib.

Bildirilib ki, 2025-ci ilin martında qurum onun yaşamaq icazəsinin ləğvi üçün əsas olmadığını qeyd edib. Təxminən bir ay sonra isə həmin qurum icazənin ləğvinə razılıq verib.

Hazırda Ruslan Məmmədov barəsində aparılan cinayət işi üzrə istintaq davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş