Əhli-Sünnə və Əhli-Beyt Anlayışları Üzərinə Mülahizə

9 Dəq Oxuma Müddəti

İslam ümməti bir çox camaat, təriqət və məzhəb əsasında parçalanmış olsa da, iki məktəb ön plana çıxır. Bu iki əsas cərəyandan biri sünnilik, digəri isə şiəlikdir. Hər iki cərəyanın daxilində müxtəlif firqələr mövcuddur.

Sünnilik məktəbində Hənəfi, Hənbəli, Maliki və Şafei məzhəbləri ön plandadır. Bu məzhəblərin hər birinin daxilində çoxsaylı firqə və təriqətlər mövcuddur. Türkiyə timsalında Nəqşibəndilik, Süleymançılıq, Nurçuluq, Vəhhabilik, Sələfilik, Mənzil və s. göstərilə bilər.

Şiəliyin daxilində isə (xüsusilə Qərbi Asiyada) İsnaəşəriyyə, Zeydilik, İsmailiyyə, Nüseyrilik, Ələvilik, Qulat, Rafizilik və s. mövcuddur.

Biz bu yazıda firqə və təriqətləri araşdırmaq əvəzinə, iki cərəyan olaraq Əhli-sünnə və Əhli-beyt anlayışları üzərində dayanmaq istəyirik.

Sünni sözü terminoloji baxımdan Allah Rəsulunun həyat yoluna və sünnəsinə uyğun yaşamaq əzmində olmaq deməkdir. Belə olan halda hər bir müsəlman “sünni” olmaq məcburiyyətindədir.

“Peyğəmbər sizə nə verirsə, onu götürün, sizə nəyi qadağan edirsə, ondan çəkinin”. (Həşr, 7)

“Həqiqətən, Allahın Rəsulunda sizin üçün gözəl örnək vardır”. (Əhzab, 21)

“Ey Rəsulum, de: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin”. (Ali-İmran, 31)

Ayələrdən də aydın olduğu kimi, Allah Rəsuluna tabe olmaq, onun sünnəsinə əməl etmək Qurani-Kərimin əmridir.

Allah Rəsulu sadəcə bir məktub daşıyan şəxs deyildi. O, dini hökmləri praktik həyata keçirməli, tətbiq etməli və bu nümunəvi davranışı ilə ümmətinə örnək olmalı idi.

O, taxtında oturub əmrlər verən bir padşah deyildi. Əksinə, şəxsən səhabələri ilə birlikdə çoxsaylı çətinliklərə sinə gərərək İslamı təşkilatlanmış bir nizama çevirmişdi.

Məkkədə 13 il boyunca apardığı mübarizə nəticə vermədikdə bir kənara çəkilib “Rəbbim, məndən bu qədər” demədi. Hicrət əmrini aldı və Mədinəyə getdi.

Mədinəyə çatdıqdan sonra ilk iş olaraq qəbilə başçıları və digər din rəhbərləri ilə günlərlə davam edən danışıqlar apardı. Nəticədə hüququn üstünlüyü prinsipini əsas götürərək hazırladığı 52 maddəlik konstitusiya mətni ilə İslamı dövlət mexanizminə çevirdi.

Bu hadisəyə şahid olan, yəni İslamın dövlət statusu qazanmasına dözə bilməyən Məkkə müşrikləri Mədinəyə hərbi hücumlar təşkil etdilər.

Müşriklərin başlatdığı Bədr, Ühüd və Xəndək döyüşlərində Allah Rəsulu şəxsən cəbhənin ən ön sıralarında vuruşdu. Yaralandı, ölüm təhlükələri ilə üzləşdi, lakin mübarizədən vaz keçmədi.

Əvvəlki adı Yəsrib olan şəhər Mədinə adını alaraq mədəniyyətin beşiyinə çevrildi.

Allah Rəsulu mükəmməl nümunə göstərərək Mədinədə bir nizam qurdu. Müsəlmanlar bu dövlət nizamını layiqincə qorumaq üçün Allah Rəsulunun göstərişlərini hərfi-hərfinə nəzərə almalı idilər.

Lakin bu baş vermədi. Allah Rəsulu dünyasını dəyişdikdən sonra qısa müddət ərzində dövlət mexanizmi səltənət sisteminə çevrildi.

Halbuki Allah Rəsulu bu əsas xəttin pozulmaması və istiqamətdən sapmanın baş verməməsi üçün səhabələrini dəfələrlə xəbərdar etmişdi.

O, bu xəbərdarlıqlarını xüsusilə Əhli-beyti əsas götürərək edirdi. Əhli-beytindən 12 imamın gələcəyini və sünnəyə əməl etmək üçün Əhli-beyt imamlarına tabe olmağın vacibliyini hər fürsətdə səhabələrinə bildirirdi.

“Məndən sonra yanlış yollara düşməməyiniz üçün sizə iki ağır əmanət qoyuram. Onlardan yapışdığınız müddətdə azğınlığa düşməzsiniz. Bunlardan birincisi Allah-Təalanın kitabı Qurani-Kərim, digəri isə Qurani-Kərimin və mənim sünnəmin qoruyucusu və təfsirçisi olan Əhli-beytimdir”.

“Mən elmin şəhəriyəm, onun qapısı isə Əlidir. Mənə o qapıdan gəlin”.

“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona sığınan nicat tapar, ondan üz döndərən isə həlak olar”.

Bu həqiqətlə yanaşı, Allah-Təala Nisa surəsinin 59-cu ayəsində belə buyurur:

“Allaha itaət edin, Peyğəmbərə itaət edin və özünüzdən olan əmr sahiblərinə itaət edin”.

Ayə Allah Rəsulunun özündən sonra vəsi elan etdiyi Əhli-beyt imamlarına işarə edərək iyerarxik bir nizamdan bəhs edir.

Digər bir ayədə isə belə buyurulur:

“Ey Rəsulum, de: Mən bu təbliğimin müqabilində sizdən heç bir mükafat istəmirəm, yalnız Əhli-beytimə məvəddət (sevgi, hörmət və itaət) istəyirəm”. (Şura, 23)

Hədis və ayələrdən aydın olduğu kimi, Allah Rəsulundan sonra elm və idarəçilik sahəsində tabe olunacaq mərcə Əhli-beytdir. İyerarxik quruluş da buna işarə edir.

(Cübbəli Əhməd məzhəb təəssübkeşliyinə malik olmasına baxmayaraq, Əhli-beytdən danışdığı bir videoda “Uşaqlarımıza hətta Əhli-beyt imamlarının adlarını belə öyrədə bilmədik” deyərək gileylənir.

Eyni şəkildə mərhum Ömər Döngəloğlu da bir konfrans zamanı “Biz uşaqlarımıza Əhli-beyt imamlarının həyatını nə vaxt danışacağıq?” deyərək özünütənqid edir.

Çünki Əhli-beyt imamları ümmətin vazkeçilməz ortaq dəyəridir, onlar yalnız bir məzhəbə məxsus deyillər.)

Məhz buna görə Əhli-beytə tabe olmaq və özünü ona mənsub bilmək imani bir vəzifədir.

Başqa sözlə, Əhli-beytin ilk imamı olan Əlini sevmək və özünü ona bağlı hiss etmək təbii olaraq hər bir müsəlmanı ələvi edir.

Çünki bir qədər əvvəl qeyd etdiyimiz Şura surəsinin 23-cü ayəsində Əhli-beyti sevmək və rəhbər qəbul etmək fərz buyurulur.

Məhz buna əsaslanaraq Prezident cənab Ərdoğan “Əgər ələvilik Əlini sevməkdirsə, mən də ələviyəm” deyərək Quranın hökmünə işarə edir.

Ərdoğan başqa bir açıqlamasında isə “Mən nə şiəyəm, nə də sünniyəm. Mən müsəlmanam, dinim İslamdır” demişdi.

Göründüyü kimi, sünnilik və şiəlik olaraq təsvir edilən bu iki anlayış əslində ayrılığı deyil, bir bütövlüyü ifadə edir.

Məhz buna görə bu iki anlayış bir-birini tamamlayır. Onlar ayrılıq səbəbi deyil.

Lakin təəssüf ki, cəhalət və ya pis niyyət səbəbindən bir çox insan bu iki anlayışı parçalanma və düşmənçilik vasitəsinə çevirir.

Bu cinayəti törədənlər fitnəkardırlar və böyük bir günahın məsuliyyətini daşıyırlar.

Uca Rəbbimiz belə xəbərdarlıq edir:

“Bilin ki, fitnə adam öldürməkdən daha betərdir”. (Bəqərə, 191)

Belə olan halda fitnə və düşmənçiliyə səbəb olmamaq, böyük məsuliyyət altına girməmək üçün diqqət edilməli əsas məsələ bir-birini tamamlayan alt kimliklərin üst kimliyə çevrilməməsidir.

Təfərrüatlarda, yəni ikinci dərəcəli məsələlərdə ictihad fərqlilikləri ortaya çıxsa da, əsas olan üst kimliyimiz — İslam və müsəlmanlıqdır.

Məhz buna görə Rəbbimiz belə xəbərdarlıq edir:

“Dinlərini parçalayıb firqələrə ayrılanlardan olmayın. Hər firqə öz tərəfdarları ilə öyünür”. (Rum, 32)

“Sizin ümmətiniz tək bir ümmətdir”. (Ənbiya, 92)

“Allah-Təala sizə müsəlman adını verdi”. (Həcc, 78)

“Mən müsəlmanam deyəndən daha gözəl sözlü kim ola bilər?” (Fussilət, 33)

Din və mənsubiyyət adına müxtəlif adlardan istifadə etmək parçalanmaya səbəb olacaqsa, bundan qətiyyətlə çəkinmək lazımdır.

Xüsusilə günümüzdə insanların əksəriyyətində məlumat çatışmazlığı olduğu üçün anlayış qarışıqlığı yaşanır.

Belə bir qarışıqlıq şəraitində parçalaycı ifadələrdən təcili şəkildə uzaq durmaq lazımdır.

Baxın, İslamın və insanlığın düşməni olan Qərb imperialist qüvvələri müsəlmanları bir-birinə qırdırmaq üçün öz əlaltıları vasitəsilə məzhəb təxribatçılığı aparırlar.

Məqsədləri şiə-sünni müharibəsi başlatmaqdır.

Onların öz tarixlərində keçmişdən gələn konkret nümunələr var.

Xatırlasaq, Avropada uzun illər fasiləsiz məzhəb müharibələri baş verib. Bu məzhəb müharibələrindən biri 1618–1648-ci illər arasında baş vermiş və düz 30 il davam etmişdi.

Avropa tarixinin ən dağıdıcı və uzunmüddətli qarşıdurmalarından biri olan bu məzhəb müharibəsi Müqəddəs Roma İmperiyasına bağlı katolik dövlətlərlə protestant knyazlıqları və onları dəstəkləyən İsveç, Danimarka, Hollandiya və digər ölkələr arasında baş vermişdi.

Fransa isə katolik olmasına baxmayaraq, geosiyasi maraqlarına görə bu müharibədə protestant ittifaqının tərəfində yer almışdı.

İndi isə azğın vəhhabi məzhəbini sünnilik adı altında təqdim edərək sünni ölkələr arasında ittifaqlar qurdurmaq və onları Əhli-beyt sevən, eyni zamanda İranın dəstəklədiyi zeydilərə qarşı döyüşdürmək istəyirlər.

Müəyyən etdikləri hədəfə və Trampın işarə etdiyi istiqamətə uyğun olaraq bu məqsədlə Məkkə Müdafiə Paktını qurdular.

Bu ittifaqı təqdim edərkən “İslam Ordusu” və “İslam NATO-su” ifadələrindən istifadə etdilər.

Biz müsəlman ictimaiyyəti olaraq bu quruluşun məzlum Fələstin xalqına yardım etmək məqsədilə işğalçı İsrailə qarşı yaradılmış bir ittifaq olduğunu düşünərək ümidlənmiş və sevinmişdik.

Rəbbim imkan verməsin, əgər Türkiyə və Pakistan müharibəyə qoşularsa, İranın da bu müharibəyə daxil olması ehtimalı var.

Məhz o zaman əsl məzhəb müharibəsi başlayar və əllərini ovuşduraraq gözləyən qlobal şeytani qüvvələrin arzusu gerçəkləşər.

Belə bir fəlakətin baş verməməsi üçün Türkiyə və Pakistan bu oyuna, bu tələyə düşməmək məqsədilə sağlam düşüncə ilə hərəkət etməlidirlər.

Müsəlman ölkələrinin rəhbərliyində olan siyasətçilərin bütün səyləri və fəaliyyəti İslam Birliyinin yaradılmasına yönəlməlidir.

Nəticə olaraq, hörmətli oxucumuz, məzhəbi alt kimliklərimizi heç vaxt parçalanma, özgələşdirmə və düşmənçilik vasitəsi kimi görməməliyik.

Məzhəblər Əməvi hökmranlığının yaşandığı dövrdə ictihad nəticəsində meydana çıxmış məktəblərdir.

Belə olan halda məzhəb ictihadi seçimdir və fərdin özünü bağlayır.

Əsas olan İslam və müsəlmanlıqdır.

Əsas olan birliyimizi təmin etməkdir.

Mərhum Ərbakan müəllimimiz belə deyir:

“Hansı camaatdan, hansı təriqətdən, hansı məzhəbdən olursan ol, əgər İslam Birliyi uğrunda mübarizə aparmırsansa, beş qəpik dəyərin yoxdur”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş