Məktəbli geyim forması ilə bağlı qaydalar dəyişdi
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı qaydalara dəyişiklik edib.
Qərara əsasən, müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilməyəcək.
Valideynlər və ya digər qanuni nümayəndələr övladlarının geyim forması ilə bağlı tələblərə əməl etməsini təmin etməlidirlər.
Bu tələblərə şagirdlər tərəfindən riayət olunması ilə bağlı məsələlər isə məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcək.
Milli geyimlər üçün istisna nəzərdə tutulub
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadəyə icazə veriləcək.
Yeni qərarda əsas mübahisəyə səbəb olan məqam isə məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə icazə verilməməsidir.
Hicabla bağlı sərt etirazlar
Qərarın məktəblərdə hicabın qadağan edilməsi kimi tətbiq olunacağı ilə bağlı narahatlıq ifadə edilir.
Məktəbli qızların hicabla təhsil almasına maneə yaradılmasını dini geyim azadlığına qarşı sərt addımdır.
Səsləndirilən əsas suallardan biri budur:
“Məktəblərdə hicab qadağası dinə qarşı zərbə deyil?”
Etirazlarda bir neçə gün əvvəl İlham Əliyevin İslam dininə qarşı zərbə vurmaq istəyən ünsürlərlə bağlı açıqlaması da xatırladılır.
Bunun fonunda məktəblərdə hicabın qadağan edilməsinin dini dəyərlərə münasibət baxımından ziddiyyət yaratdığı bildirilir.
“Məktəblərin başqa problemləri də var”
Məktəblərdə geyim məsələsi ilə yanaşı, şagirdlərin qarşılaşdığı nəqliyyat problemlərinə də diqqət çəkilir.
Bildirilib ki, hazırda məktəblərin əsas problemlərindən biri çatışmayan nəqliyyat vasitələridir.
Şagirdlərin və tələbələrin yolda qaldığı, vaxtında məktəbə çata bilmədiyi, bəzi məktəblilərin isə kilometrlərlə yolu piyada getməli olduğu qeyd edilir.
Tıxaclara da etiraz edilir
Etirazlarda marşrut çatışmazlığı ilə yanaşı, yollarda yaranan tıxaclara da toxunulur.
Bəzi hallarda marşrut tapılmadığı, bəzi hallarda isə “marafon yarışları” səbəbindən yollarda tıxacların yarandığı və tələbələrin yolda qaldığı bildirilir.
Məktəblərdə mövcud problemlər fonunda hicab məsələsinin gündəmə gətirilməsinə qarşı çıxılır.
“Susmaq zillətdir”
Məktəbli qızların hicabla təhsil almasına mümkün qadağaya etiraz edənlər sərt mövqe ortaya qoyublar.
“Məktəblərdə hicab qadağasına etiraz edirik: Susmaq zillətdir!” – deyə etirazlar ölkə gündəmindədir.
Təhsil müəssisələrində məktəbli qızlara hicab qadağası tətbiq olunarsa, bu qərar ölkə miqyasında ciddi narazılığa səbəb olacaq.
Kütləvi etiraz xəbərdarlığı
“Təhsil müəssisələrində məktəbli qızlara hicab qadağası tətbiq olunarsa, bu, bütün ölkə miqyasında kütləvi etirazlara səbəb olacaq. Biz – qadınlı-kişili hər birimiz – çiyin-çiyinə verərək vahid və qətiyyətli mövqeyimizi nümayiş etdirəcəyik. Bu haqsızlıq qarşısında susmaq zillətlə barışmaqdır!”
Beləliklə, hicab qadağasına qarşı çıxanlar mümkün tətbiqin cavabsız qalmayacağını bildirirlər.
Hacı Abgül Süleymanovdan sərt mövqe
Keçmişdə hicabla bağlı həbs edilmiş Hacı Abgül Süleymanovun da məsələyə münasibəti təqdim olunub.
O, məktəbli qızların hicabla təhsil almasına yenidən qadağa qoyulacağı təqdirdə buna sərt şəkildə etiraz edəcəyini bildirib.
“Zindanı seçəcəyəm”
Hacı Abgül Süleymanovun açıqlamasında deyilir:
“Əgər yenidən cürət edib məktəbli qızların hicabla təhsil almasına qadağa qoysalar, mən zindanı seçib elə zindandaca öləcəyəm. Onsuz da bu ölkədə hamı zindan həyatı yaşayır. Salam olsun İmam Kazımə (ə)”.
Bu açıqlama da məktəbli qızların hicabla təhsil almasına mümkün qadağaya qarşı səsləndirilən sərt etirazlardan biri kimi təqdim olunur.
