İmam Cavadın (ə) Şəhadəti: Abbasilərin Gizli Planı

3 Dəq Oxuma Müddəti

İmam Cavadın (ə) şəhadət günü qeyd olunur

Bu gün hicri təqvimi ilə 30 Zilqədə – doqquzuncu imamı İmam Məhəmməd Cavadın (ə) şəhadət günüdür. “Babul-həvaic” kimi tanınan imam İslam tarixində elm, səxavət və təqvası ilə seçilən şəxsiyyətlərdən biri hesab olunur.

“Cavad” və “Təqi” ləqəbləri ilə məşhur olan İmam Məhəmməd Cavad (ə) atasının – İmam Rzanın (ə) hicri 203-cü ildə şəhadətindən sonra, cəmi 8 yaşında imamət məqamına yüksəlib.

Tarixi mənbələrdə onun hədis və hikmətli kəlamları “Biharül-ənvar”, “Uyunu Əxbarir-Rza”, “Töhəfül-üqul” kimi əsərlərdə nəql olunur.

Abbasi hakimiyyəti imamı iki dəfə Bağdada çağırdı

Tarixi məlumatlara görə, Abbasi xilafəti dövründə İmam Cavad (ə) iki dəfə Bağdad şəhərinə çağırılıb.

Birinci səfər xəlifə Məmunun dövründə baş tutsa da, uzun çəkməyib. İkinci dəfə isə hicri 220-ci ilin məhərrəm ayında xəlifə Mötəsimin əmri ilə Bağdada aparılıb və həmin ilin Zilqədə ayında şəhid edilib.

İmamın nəşi daha sonra babası İmam Musa Kazımın (ə) məzarının yanında, Kazimeyn şəhərində dəfn olunub.

Şəhid olduğu zaman İmam Cavadın (ə) cəmi 25 yaşı olduğu bildirilir. Bu səbəbdən o, şiə imamları arasında ən gənc yaşda şəhid olan imam kimi tanınır.

Şəhadətin səbəbi nə idi?

Bir sıra tarixçilərin yazdığına görə, Bağdad qazisi İbn Əbi Davud imamın elmi nüfuzunu və fiqhi məsələlərdə üstünlüyünü qəbul edə bilmirdi.

Mənbələrdə qeyd olunur ki, oğrunun əl kəsilməsi ilə bağlı dini hökm məsələsində İmam Cavadın (ə) verdiyi cavab saraydakı alimlər qarşısında qazinin nüfuzdan düşməsinə səbəb olub. Bu hadisədən sonra xəlifə Mötəsimə qarşı imam barədə mənfi fikirlər formalaşdırıldığı bildirilir.

Tarixçilər hesab edir ki, məhz bu hadisələrdən sonra imamın aradan götürülməsi planı hazırlanıb.

İmam necə zəhərləndi?

Rəvayətlərə əsasən, Mötəsim Abbasi və İmamın həyat yoldaşı olan Ümmül-Fəzlin qardaşı Cəfər birlikdə sui-qəsd planı hazırlayıblar.

Məlumatlara görə, Ümmül-Fəzl zəhərlənmiş üzümü İmama təqdim edib və imam həmin zəhər nəticəsində şəhid olub.

Başqa bir rəvayətdə isə xəlifənin xüsusi şərbət göndərdiyi, İmamın həmin içkini qəbul etdikdən sonra zəhərləndiyi bildirilir.

Mənbələrdə Ümmül-Fəzlin sonradan peşman olduğu və ağladığı da qeyd edilir. İmamın isə ona ağır bir bəla ilə üzləşəcəyini dediyi nəql olunur.

Məmun niyə qızını İmamla evləndirmişdi?

Tarixi qaynaqlarda İmam Cavadın (ə) Ümmül-Fəzllə evliliyinin xəlifə Məmunun göstərişi ilə baş tutduğu yazılır.

Araşdırmaçılar bu evliliyin siyasi məqsəd daşıdığını bildirirlər. Məmunun əsas məqsədinin imamı nəzarətdə saxlamaq, şiələrlə əlaqələrini izləmək və Abbasi hakimiyyətinə qarşı mümkün üsyanların qarşısını almaq olduğu qeyd edilir.

Bununla yanaşı, bəzi mənbələrdə Məmunun imamın elmi şəxsiyyətinə heyran qaldığı üçün bu evliliyi təşkil etdiyi də bildirilir.

Tarixi məlumatlara görə, Ümmül-Fəzlin İmamdan övladı olmayıb. İmamın bütün övladları, o cümlədən İmam Hadi (ə) başqa xanımı Səmanə Məğribiyyədən dünyaya gəlib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş