İslam İnqilabı Rəhbəri: Bəsic Təşkilatı Yeni Bir Dönüşüm və Yenidən Doğuluş Mərhələsi Yaşamalıdır

7 Dəq Oxuma Müddəti

Həzrət Ayətullah Seyid Müctəba Xamenei Bəsic həftəsi münasibətilə ünvanladığı müraciətdə bildirib: “Üçüncü Müqəddəs Müdafiə dövründə böyük İran xalqının oyanışı ilə paralel olaraq, ölkənin hər yerində Bəsic ruhiyyəsinin yayılması fonunda Bəsic təşkilatı da yeni bir dönüşüm və yenidən doğuluş mərhələsi yaşamalıdır”.

İslam İnqilabının Ali Rəhbərinin Bəsic həftəsi münasibətilə ünvanladığı mühüm müraciət yayımlanıb.

Müraciətin tam mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim!

Bəsic həftəsi heyrətamiz və dəyərli Bəsic fenomeninə yeni nəzərlə baxmaq üçün münasib fürsətdir.

Həzrət İmam Xomeyninin (Allah onun şərəfli məqamını ucaltsın) təşəbbüsü ilə yaradılan bu təşkilat tədricən inkişaf mərhələlərindən keçərək müxtəlif nəsillərdən olan yüksək motivasiyalı, ümidli, fədakar, İslamın və İranın izzətini arzulayan, İmam Hüseyn (ə) məktəbinə sadiq iranlıları bir araya gətirmək, haqq və ədalət tərəfdarlarının möhkəm nüvəsini formalaşdırmaq məqsədi daşıyırdı.

Bəsic ilk dəfə özünü səkkizillik müdafiə dövründə göstərdi. Hərbi döyüş meydanlarında təsirli iştirakı ilə müharibənin əsas və mərkəzi dayağına çevrildi.

Həmin müqəddəs mübarizə boyunca yeniyetmələrdən ahıl insanlara qədər bəsic üzvləri səngərlərin mənəvi mühitindən saysız-hesabsız faydalar əldə edir, onların vasitəsilə ölkənin şəhər və kəndlərinin mühiti mənəvi ətrə bürünürdü.

Beləliklə, insanların zehnində Bəsic və bəsic üzvləri haqqında iman, məsuliyyət, səmimiyyət, ixlas, bəsirət, şücaət, mücahidlik, vəzifəyə əməl etmək, başqaları naminə özündən keçmək və fədakarlıq kimi xüsusiyyətləri özündə birləşdirən bir obraz formalaşırdı.

Bu xüsusiyyətlərin bəziləri qədim dövrlərdən etibarən bu diyarın əsərlərində əxlaqi dəyərlərə sadiq məşhur pəhləvanların timsalında təsvir olunmuşdu.

Əgər indiyədək əfsanəvi dastanların bəzi qəhrəmanları bu xüsusiyyətlərin bir qisminin rəmzi idilərsə, indi İslam İnqilabının bərəkəti sayəsində həqiqi həyatın gerçək qəhrəmanları Bəsic libasında qəhrəmanlıq dastanları yaradır, saysız-hesabsız fədakarlıq və özündənkeçmə nümunələri nümayiş etdirirdilər.

Müqəddəs Müdafiə dövrü səkkiz ildən sonra şərəfli sonluğuna çatsa da, Bəsic ruhiyyəsi sayəsində ölkənin rəsmi və xüsusilə qeyri-rəsmi strukturlarının müxtəlif sahələrində dərin izlər qoydu.

Bu ruhiyyə Müqəddəs Müdafiənin, Həzrət İmam Xomeyninin (Allah onun şərəfli məqamını ucaltsın) rəhbərliyinin və geniş xalq kütlələrinin dəstəyinin formalaşdırdığı böyük bir sərvət idi.

İndi isə söylədiklərimizin bəzi məqamlarını daha ətraflı izah etmək üçün bir neçə məsələyə diqqət çəkmək istərdim.

Bəsic təşkilatı yeni bir dönüşüm və yenidən doğuluş mərhələsi yaşamalıdır

Birincisi, şübhəsiz ki, Üçüncü Müqəddəs Müdafiə dövründə böyük İran xalqının oyanışı ilə paralel olaraq — bu oyanış bir növ Bəsic ruhiyyəsinin bütün ölkədə yayılması hesab olunur — Bəsic təşkilatı da yeni bir dönüşüm və yenidən doğuluş mərhələsi yaşamalıdır.

Bu təşkilat oyanmış xalqın potensialından istifadə edərək əvvəlki Bəsicin daha mütərəqqi və yeni modellərini formalaşdırmalı və idarə etməlidir.

Buna görə də bundan sonra “Hər bir iranlı — bir bəsic üzvü” şüarının gerçəkləşməsi istiqamətində böyük, möhkəm və düşünülmüş addımlar atılmalıdır.

Bu gün ordunun, İslam İnqilabı Keşikçiləri Korpusunun, hüquq-mühafizə orqanlarının, hökumətin, parlamentin və digər qurumların bir çox üzvü, geniş xalq kütlələri kimi, Bəsic məktəbinə və məramına könüldən bağlı olduqları üçün özlərini bəsic üzvlərindən biri hesab edirlər.

Gecə-gündüz meydanlarda və küçələrdə əllərində bayraqla iştirak edərək xalqın oyanışına daha konkret və görünən məna qazandıran yoldaşlarımız, eləcə də canlarından keçməyə hazır olan çoxsaylı insanlar da əməldə belədirlər.

Rəsmi mənada Bəsic üzvü olmayan, lakin Bəsic düşüncəsini və məktəbini yüksək qiymətləndirən, hətta öz həyat məramlarını ona uyğunlaşdıran çoxsaylı insanlar vardır.

Bəsic təşkilatı Allahın bəxş etdiyi bu nemətdən ən yaxşı şəkildə istifadə etməlidir.

İkincisi, qeyd olunan potensialdan əlavə, rəsmi Bəsic təşkilatı ölkənin hər bir guşəsində Bəsic ruhiyyəsinin genişləndirilməsi üçün daim çalışmalıdır.

Bəzi xüsusiyyətlərini qeyd etdiyimiz Bəsic ruhiyyəsi məhz bəsic üzvlərinin öz davranışları vasitəsilə cəmiyyətin müxtəlif təbəqələrində yayıla bilər.

Gözəl əxlaq, şəfqət və mehribanlıq, insanlara hörmət, fərdi və ictimai təqvanın müxtəlif aspektlərinə riayət etmək, eləcə də keçmiş dövrlərdən bəsic üzvlərinin tanındığı təvazökarlıq, sadəlik, fədakarlıq, özünü göstərmək həvəsindən uzaq olmaq, dəbdəbə və təmtəraqdan çəkinmək kimi gözəl davranışlar onları hər bir məhəllədə, şəhərdə və kənddə xalqın gözünün nuruna çevirəcək, hamını bu məram və həyat yolundan nümunə götürməyə çağıracaqdır.

Bəsic üzvləri düşmənlərə zərbə vurmaq üçün heç bir fürsəti əldən vermirlər

Üçüncüsü, bəsic üzvlərinin əsas bağlılığı həqiqi Məhəmmədi İslamın düzgün təfsiri olan İmam Hüseyn (ə) məktəbinədir.

Onların bütün bağlılıqları və ayrılıqları, təvəlla və təbərra mövqeləri məhz bu əsas üzərində formalaşır.

Quranın həyat bəxş edən iki təlimi — “Öz aralarında mərhəmətlidirlər” və “Kafirlərə qarşı sərtdirlər” — bəsic üzvlərinin qəlbinin yol göstərən çırağıdır.

Buna görə də onlar xalqa, İslam quruluşuna və İnqilaba münasibətdə hər cür mehribanlıq və fədakarlıq nümayiş etdirir, İslamın və İslam quruluşunun düşmənlərinə zərbə vurmaq üçün heç bir fürsəti əldən vermirlər.

İctimai həmrəyliyin və İran xalqının müqəddəs birliyinin qorunması bütün bəsic üzvlərinin ortaq xüsusiyyətlərindən biri olmalıdır.

Bu günlərdə həmin birliyin yüksək dəyəri, İslamın şücaətli və fədakar döyüşçülərinin hərbi meydanlardakı qələbələrinin davam etməsində və düşmənin hesablama sisteminə göstərdiyi möhtəşəm təsir haqq ilə batilin qarşıdurma meydanının hər iki tərəfində açıq şəkildə müşahidə olunur.

Fürsətlər yaradan və problemləri həll edən Bəsic

Dördüncüsü, Bəsic yarandığı gündən bu günədək öz üzvlərinin köməyi ilə bir çox rəsmi və qeyri-rəsmi qurumların çatışmazlıqlarını aradan qaldırmışdır.

İndi isə İran xalqının oyanış dövründə Bəsicin nəzərəçarpacaq inkişafını nəzərə alsaq, mövcud potensial və qəlbən özlərini bəsic üzvü hesab edən bütün insanlar böyük bir qüvvə təşkil edirlər.

Meydanların və küçələrin iştirakçıları, canlarından keçməyə hazır olanlar, fərdi və ictimai yüksəliş yolunda onlarla eyni əhdə sadiq qalan digər insanlar — qəlbləri Bəsicin həqiqi qərargahları hesab olunan bütün bu şəxslər böyük bir güc meydana gətirirlər.

Bu gücün hər bir zərrəsindən ölkənin problemlərinin həlli, yeni və innovativ imkanların əldə edilməsi istiqamətində istifadə olunmalı və bununla da “Hər bir iranlı — bir bəsic üzvü” şüarına daha zəngin məna qazandırılmalıdır.

Ümid edirəm ki, qeyd olunan bu məqamlar nəzərə alınmaqla iranlıların Bəsici qarşılıqlı yardımlaşmanın ali nümunəsini, ümmət və millət anlayışlarının gerçəkləşməsinin yüksək səviyyəsini bu ölkənin tarixinə həkk edəcək və gələcəkdə nəzərəçarpacaq tərəqqi və inkişafın başlanğıc nöqtəsinə çevriləcəkdir.

Uca Allahdan əziz Bəsic şəhidlərini Öz rizası və Əhli-beytlə (ə) qonşuluq neməti ilə mükafatlandırmasını, əziz qazilərinə səbir və sağlamlıq bəxş etməsini diləyirəm.

Özümü onların ən kiçiklərindən biri hesab etdiyim İranın və Müqavimət Cəbhəsinin bütün bəsic üzvlərini mövlamızın Həzrət İmam Mehdinin (ə.f) əsgərləri sırasına daxil etməsini, o həzrətin xeyir, zəfər və bərəkət duasına nail etməsini Uca Allahdan diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

5 Azər 1405 — 26 noyabr 2026-cı il

Bu Xəbəri Paylaş
Şərh edilməmiş