Əvvəlcə bu ikisi arasındakı fərqi və hətta bəzən zidd məntiqlərlə işlədiyini qeyd edək: Razılaşma (uzlaşma/tarazlaşdırma) iki tərəfin münaqişəni məhdudlaşdırmaq üçün qurduğu tarazlıqdır. Burada əsas məqsəd xərcləri azaltmaqdır. Müvəqqəti və ya müəyyən dövrləri əhatə edən xarakter daşıya bilər, əhatə dairəsi məhduddur. ABŞ–İran münasibətlərində hazırda baş verən də budur. Nüvə məsələsi, regional gərginlik, sanksiyalar kimi sahələrdə gərginliyin nəzarət altında idarə olunması bu razılaşmanın əsasını təşkil edir.
İttifaq isə strateji və uzunmüddətli tərəfdaşlığı məqsəd edir. İki tərəf arasında rəqabət və bəzən maraq fərqləri yaransa da, ortaq təhdid anlayışı ətrafında birlikdə hərəkət etmə sistemidir. Ortaq düşmənə qarşı güclərin birləşdirilməsidir. Əhatə dairəsi genişdir və siyasi, hərbi, kəşfiyyat, iqtisadi koordinasiyanı hədəfləyir.
Bu çərçivədə coğrafiyamızda münaqişəni idarə etmə və xərcləri azaltma ilə birlikdə hərəkət etmə və qazanma münasibətlərini bir-birinə qarışdıranlar var. ABŞ–İran uzlaşmasını, razılaşmasını “əvvəlcədən planlaşdırılmış, müharibənin əslində cəmiyyət mühəndisliyinə xidmət edən bir ssenaridən ibarət gizli strateji ittifaqın” əsəri kimi təqdim edən manipulyativ iddialar ortaya atılır. Pərdə arxasında guya bir “Sünni aləmi və birliyi” varmış kimi, ABŞ və İsraillə ən güclü münasibətlərin əksər hallarda “Sünni aləmi” ilə qurulduğu gerçəyi görməzdən gəlinərək “Sünni dünyasını hədəf alan ABŞ–İran–İsrail ittifaqı komplosundan” bəhs edilir.
DİPLOMATİYA DOSTLUQ VƏ DÜŞMƏNLİK ÜZƏRİNDƏN OXUNA BİLMƏZ
Bu düşüncə tərzi İranın, yanında taleyini bölüşdüyü müttəfiqlərinin (strateji ittifaq münasibətində olduğu tərəflərin) və ABŞ ilə rəqib ölkələrin dəstəyini alaraq ABŞ və İsrailə qarşı hərbi tarazlıq, müqavimət və hətta üstünlük yarada bilməyəcəyinə inanmışdır. Bundan əlavə, ciddi dar məzhəbçilik xəstəliyindən əziyyət çəkir. Bu, artıq klinik bir haldır. Bu kimi məsələlərdə bizim fikrimizcə ən böyük səhv diplomatiyanı dostluq və ya düşmənçilik prizmasından oxumaqdır. Dövlətlərarası münasibətlərdə vəziyyət əksər hallarda daha mürəkkəbdir. ABŞ ilə İran arasında bir uzlaşma ehtimalı avtomatik olaraq ittifaq demək deyil. Eyni şəkildə İranın ABŞ ilə müəyyən məsələlərdə razılaşması da İranın ABŞ oxuna daxil olduğu mənasına gəlmir.
Tarix boyu bunun çoxlu nümunələri olmuşdur. Vaşinqton Sovet Rusiyası dövründə Moskva ilə silahlara nəzarət sazişləri bağladı, böhran və müharibə bölgələrində bəzi məsələlərdə ortaq məxrəcə gəldilər, amma rəqabət və düşmənçilik davam etdi. Yaxın Şərqdə diqqət edilməli olan əsas məsələ “Kim kimin dostu oldu?” sualından daha çox, hansı aktorların bir-birinin qırmızı xətlərini tanımağa başlamasıdır. Çünki bölgədəki böyük müharibələrin mühüm hissəsi tərəflərin bir-birinin qırmızı xətlərini görməzdən gəlməsindən qaynaqlanmışdır.
UZUNMÜDDƏTLİ STRATEJİ HESABLAR
Amma bu tarazlığın qalıcı olub-olmayacağını söyləmək üçün hələ tezdir. Lakin geosiyasətdə bəzən ən mühüm inkişaflar manşetlərdə görünən münaqişələr deyil, tərəflərin səssizcə imtina etdiyi hədəflərdir. Gündəlik siyasi polemikalardan kənara çıxıb tərəflərin uzunmüddətli strateji hesablarını sorğulamalıyıq. Bu cür təhlillərdə adətən ən faydalı yanaşma aktorların nə dediklərindən çox, hansı hədəflərə artıq çata bilməyəcəklərini qəbul etməyə başladıqlarına baxmaqdır. Bu, çox vaxt gələcəyi anlamaqda daha güclü göstəricidir.
ABŞ–İran arasında yaranan atəşkəs və danışıqlar prosesi əsasən Hörmüz boğazının açılması, münaqişənin dayandırılması və nüvə məsələsinin danışıqlar masasına çıxarılması üzərində qurulub. Raket proqramı, regional vəkil qüvvələr, İsrailin təhlükəsizlik tələbləri kimi ən mübahisəli məsələlərin böyük hissəsi isə təxirə salınıb. “ABŞ–İran–İsrail oxu yaranır” tezisinin ən zəif nöqtəsi İsraildir. Təl-Əviv ilə Vaşinqton arasında İran məsələsində ciddi fikir ayrılıqlarının olduğu görünür. Netanyahunun ABŞ-ın İranla əldə etdiyi razılaşmadan narahat olduğu sirr deyil. Əgər həqiqətən ABŞ–İran–İsrail üçlü oxu yaranırdısa, İsrail bu razılaşmanın əsas dəstəkçisi olardı. İranın regional nüfuzunun qorunmasına razılıq verilməzdi. Hizbullah və İranla əlaqəli digər strukturlar masadan kənarda saxlanılmazdı. Halbuki mövcud mənzərədə bunların heç biri tam olaraq baş vermiş kimi görünmür.
RƏQİBLƏRLƏ RAZILAŞMAQ
“ABŞ İranı seçir” iddiasına gəlincə; ABŞ tarixində dəfələrlə rəqibləri ilə razılaşıb. Çin Xalq Respublikası ilə ağır itkilər verdiyi Koreya və Vyetnam müharibələri dövründə Pekini “passiv saxlamaq” və Sovet Rusiyası ilə girdiyi rəqabət və qarşıdurmada “böyümə və sabitlik məqsədi güdən” Pekini “qazanmaq” naminə Tayvanı (Formoza) sözün əsl mənasında “satdı”. BMT Təhlükəsizlik Şurasında bütün Çini təmsil edən Tayvandan imtina etdi və Çinin BMT Təhlükəsizlik Şurasına qəbul edilməsinə razılıq verdi. Çinə ciddi investisiyalar qoydu. ABŞ və müttəfiqləri bazarlarına Çin mallarının daxil olmasına icazə verdi. Lakin dünənin dövri maraqlarına xidmət edən razılaşma bugünün strateji ittifaqına deyil, strateji düşmənçiliyinə çevrildi.
İRAN DÖVLƏT AĞLI
Vaşinqtonun əsas yanaşması adətən belədir: “Düşməni aradan qaldıra bilmirsənsə, onu idarəolunan hala gətir.” Bugünkü İran məsələsində də buna bənzər bir məntiq görünə bilər. ABŞ baxımından məqsəd İranı sevmək deyil, İran məsələsinin xərclərini azaltmaqdır. İranın əsas strateji problemi isə “ABŞ ilə dost olmaq” deyil, ABŞ ilə davamlı qarşıdurmanın xərclərini idarə etməkdir. İran İslam Respublikasının 1979-cu ildən bəri formalaşdırdığı xarici siyasət doktrinasını diqqətlə araşdırsaq, ideoloji ritorikanın altında kifayət qədər praqmatik bir dövlət ağlı da görərik.
İran 2001-ci ildən sonra Əfqanıstanda ABŞ ilə dolayı əməkdaşlıq etdi. 2003-cü ildən sonra İraqda faktiki olaraq eyni siyasi nizamın meydana çıxmasına töhfə verdi. Nüvə sazişi (JCPOA) dövründə Vaşinqton ilə birbaşa danışıqlar apardı. Talibanla illərlə qarşıdurma yaşadıqdan sonra əlaqə qurdu. Körfəz ölkələri ilə uzun müddət gərginlik yaşadığı halda, bu gün Səudiyyə Ərəbistanı ilə yenidən diplomatik münasibətlər qurub. Bunlar İranın ideoloji ritorikası nə olursa olsun, lazım gəldikdə son dərəcə çevik davrana bildiyini göstərir.

