Rusiya Snapchat-a girişə qadağa tətbiq etdi
Rusiya hakimiyyəti Snapchat tətbiqinə ölkə daxilində tam giriş məhdudiyyəti tətbiq edib. Roskomnadzorun açıqlamasına görə, oktyabr ayından bəri tətbiqdə müşahidə olunan əlçatanlıq problemləri araşdırılıb və platformanın müxtəlif cinayətlərin təşkili üçün istifadə edildiyi müəyyən edilib.
Qurumun açıqlamasında bildirilib ki, Snapchat ölkədə terror fəaliyyətlərini təşkil etmək və yönləndirmək, həmin əməliyyatlar üçün insanları cəlb etmək, habelə vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin həyata keçirilməsi məqsədilə istifadə olunub.
Eyni səbəblə FaceTime da bloklanıb
Roskomnadzor əlavə edib ki, eyni əsaslarla bu gün FaceTime tətbiqinə də giriş bloklanıb. Rusiya son illərdə bir sıra sosial media və rəqəmsal platformalara — Facebook, X (Twitter), TikTok, YouTube və Instagram — oxşar qadağalar tətbiq edib.
Açıqlamada bildirilib ki, ictimai təhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılana qədər Snapchat ölkə daxilində əlçatan olmayacaq.
